Xocavənddə yeni hərbi hissə açıldı - VİDEO
09 iyul 2022 11:00 (UTC +04:00)

Xocavənddə yeni hərbi hissə açıldı - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin digər rəhbər heyəti və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Qurban bayramı günündə Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hissənin açılışını edib.

Döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə inşa edilmiş hərbi şəhərcik ərazisindəki qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanası, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektlərinə baxış keçirilib.

Müdafiə nazirinə məruzə edilib ki, bütün xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Hərbi hissəyə baxış keçirildikdən sonra müdafiə naziri şəxsi heyətin xidməti və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Sonra Qurban bayramı münasibətilə şəxsi heyət üçün konsert proqramı təşkil edilib.

Şəxsi heyət qarşısında çıxış edən general-polkovnik Zakir Həsənov Ali Baş Komandanın Kəlbəcərdə yeni komando hərbi hissəsinin açılışı zamanı Azərbaycan Ordusuna bir daha yüksək qiymət verdiyini diqqətə çatdırıb. Ölkə rəhbərliyi tərəfindən göstərilən etimadın doğruldulması üçün üzərimizə düşən bütün vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini qeyd edən nazir şəxsi heyəti yeni hərbi hissənin istifadəyə verilməsi və Qurban bayramı münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Hər il olduğu kimi, bu il də şəxsi heyət üçün qurbanlıqlar kəsilib.

Sonda müdafiə naziri general-polkovnik Zakir Həsənov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı E.Hüseynovla birgə hərbi hissənin ərazisində ordu və xalq birliyinin göstəricisi kimi həmişəyaşıl uzunömürlü ağaclar əkiblər.

# 1602
avatar

Oxşar yazılar