Millət vəkili Qənirə Paşayeva Parisdə keçirilən Ümumdünya Qadın Sammiti çərçivəsində Malayziya nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın xəbərinə görə, Malayziyanın birinci xanımı Datin Rozmah binti Mansor, Qadın, ailə və cəmiyyətin inkişafı naziri Dato Rohani Abdul Karim, Beynəlxalq Ticarət və Sənaye Nazirliyinin baş katibi Datuk Dr. Rebekka Fatima Sta. Maria ilə görüşlərdə Q.Paşayeva Azərbaycan parlamentinin Malayziya ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışıb.
Görüş zamanı millət vəkili Malayziya nümayəndə heyətinə Azərbaycan həqiqətləri - Dağlıq Qarabağ münaqişəsi, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi ilə bağlı məlumat verib.
Q.Paşayeva eyni zamanda Malayziya nümayəndə heyətinə azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan Həqiqətləri” kataloqunu və materialları təqdim edib.
Malayziyanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən nümayəndə heyəti iki ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.
Qənirə Paşayeva Parisdə Ümumdünya Qadın Sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) dövlət naziri Maitha Arab Əl Shamsi ilə də görüşüb. Q.Paşayeva Azərbaycanla BƏƏ arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmnuniyyət yaratdığını deyib.
Görüş zamanı dövlət nazirinə Azərbaycanla bağlı, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımına dair geniş məlumatlar verib.
Q.Paşayeva Maitha Arab Əl Shamsi Azərbaycana dəvət edib.
BƏƏ-nin dövlət naziri Maitha Arab Əl Shamsi Azərbaycana gəlməkdən məmnun olacağını deyib və rəhbərlik etdiyi nazirliklə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün səylərini daha da artacağını bildirib.
 
                 
                             
    