Qaradağda yeni tikilən evlər də zəlzələyə davamsızdır 
05 yanvar 2013 20:54 (UTC +04:00)

Qaradağda yeni tikilən evlər də zəlzələyə davamsızdır 

“Vərziganda yeni tikilən evlər də zəlzələyə qarşı davamsızdır”. APA-nın məlumatına görə, bunu İran parlamentinə Şərqi Azərbaycan vilayətindən deputat seçilmiş Allahverdi Dehqani deyib. O bildirib ki, baş verən zəlzələlər nəticəsində Vərziganda 12 min ailə evsiz qalıb: “Dağılan evlərin cəmi 15 faizi bərpa olub və ya yenidən tikilib. Onlar da zəlzələyə davamsızdır. Əgər yenə təbii fəlakət baş versə, yenə uçacaqlar. Dövlət tərəfindən zərərçəkən ailələr üçün ayrılan 1 milyon tümən (300 dollar) yardım isə hər ailəyə verilmir. Təəssüf ki, valilikdəki bəzi insanlar  qarşıdan gələn seçkilərdə səs toplamaq üçün ailələr arasında ayrı-seçkilik edirlər. Odur ki, 1 milyon tüməni seçdikləri, onları seçkidə dəstəkləyəcək ailələrə verirlər”.  

 

A. Dehqani onu da bildirib ki, İranın Mədəni İrs Təşkilatı dağıntı baş vermiş bir sıra kəndlərdə tikinti işlərinin aparılmasına icazə vermir: “Təşkilat onu əsas gətirir ki, həmin kəndlərdəki evlər qədim tarixə malikdir. Lakin onsuz da zəlzələ nəticəsində qədim evlər ya dağılıb, ya da ciddi zərər dəyib. İnsanlar çadırlarda yaşayırlar.  Qarabulaq və Hamamlı kəndlərində isə ümumiyyətlə, heç bir bərpa və tikinti işlərinin aparılmasına icazə verilmir”.

 

Qeyd edək ki, 2012-ci il  avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.  Hazırda yüzlərlə ailə çadırlarda yaşayır.

 

Şərqi Azərbaycanda yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, Qaradağ dağlıq bölgə olduğu üçün qışı çox sərt keçir: “Son günlər davamlı yağan qar yaşayış şəraitini daha da ağırlaşdırıb. Uşaqlar arasında pnevmoniya, sətəlcəm, revmatizm xəstəliyi geniş yayılıb. Soyuqdan və şəraitsizlikdən daha çox yaşlılar və uşaqlar əziyyət çəkir. Zəlzələ nəticəsində valideynlərini itirən uşaqlar himayəsiz qalıb. Kəndlərdə tibb məntəqəsi olmadığından xəstələnən insanlar tibbi yardım ala bilmirlər. Sular donduğundan əl-üzlərini yumağa, məişətdə istifadə etməyə suyu çətinliklə tapırlar.  Bölgədə içməli suya, qidaya, isti geyimə, qızdırıcılara, dərmana ciddi ehtiyac var”.

Bu ilin avqustunda Güney Azərbaycanın Qaradağ mahalında baş vermiş zəlzələnin acı  və ağır sonucları qışda özünü daha aşkar şəkildə göstərməkdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1403
avatar

Oxşar yazılar