Prezident İlham Əliyev beynəlxalq sərgi ilə tanış olub
11 aprel 2013 18:55 (UTC +04:00)

Prezident İlham Əliyev beynəlxalq sərgi ilə tanış olub

Aprelin 11-də Bakı Sərgi Mərkəzində “CATEF-2013” - birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi işə başlayıb. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərgi ilə tanış olub.
Dövlət başçısına məlumat verən “Azərsu” ASC-nin sədri Qorxmaz Həsənov bildirib ki, “CATEF-2013” sərgisi Xəzər regionunda su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbirdir. “Azərsu” ASC-nin təşəbbüsü və fəal dəstəyi ilə təşkil olunan sərginin tərəfdaşı “Iteca Caspian” MMC-dir.
Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən və planlaşdırılan genişmiqyaslı layihələr, ən yeni avadanlıq və texnologiyaların ölkəmizdə tətbiqi və istifadəsinin geniş perspektivləri, habelə investorların regiona getdikcə artan marağı bu tədbirin aktuallığını şərtləndirir. Hazırda Azərbaycanda şəhər və rayon mərkəzləri, eləcə də kənd və qəsəbələrdə su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması, Ceyranbatanda ən müasir təmizləmə qurğularının quraşdırılması və s. layihələr həyata keçirilir.  

Dövlət başçısının diqqətinə çatdırılıb ki, işgüzar proqramın əsas hissələrindən biri ilk dəfə keçiriləcək Xəzər Beynəlxalq Su Texnologiyaları Forumudur. Sərgi ilə forumun eyni vaxtda keçirilməsi sayəsində qabaqcıl texnologiyaların nümayişini su sənayesi üzrə aktual məsələlərin müzakirəsi ilə səmərəli surətdə uzlaşdırmaq mümkün olacaq. “CATEF-2013” sərgisi və forumu bu sahənin mühüm hadisəsinə çevriləcək, su təchizatı sahəsində mütəxəssislər arasında beynəlxalq əməkdaşlığın inkişafına öz töhfəsini verərək işgüzar münasibətlərin qurulması, təcrübə mübadiləsi və uzunmüddətli saziş və müqavilələrin imzalanması üçün şərait yaradacaq.
Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub.
Sərgi ilə tanışlıqdan sonra dövlət başçısı “CATEF–2013” birinci Xəzər Beynəlxalq Su texnologiyaları sərgisi və forumunun işinə uğurlar arzulayıb.

# 460
avatar

Oxşar yazılar