Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərdən birini təşkil edən ikitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyətli aktoru Qərbi Avropanın aparıcı dövlətlərindən olan İsveçrədir. Dünyanın inkişaf etmiş dövlətlərindən olan, dünya siyasi proseslərinə münasibətdə öz bitərəfliyi ilə seçilən, bir çox əhəmiyyətli beynəlxalq və regional təşkilatlara ev sahibliyi edən və üzvü olan, zəngin iqtisadiyyata malik İsveçrə Konfederasiyası ilə 1992-ci ildən yaradılan diplomatik münasibətlər ardıcıl olaraq inkişaf edir.
Ölkələr arasında mövcud olan siyasi, mədəni, humanitar, ticari-iqtisadi sahələrdə təcrübə mübadiləsi göstərir ki, hər iki ölkə qarşılıqlı əməkdaşlığa kifayət qədər önəm verir və bu əməkdaşlıqdan gələcəkdə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində İsveçrənin dəstəyini qazana bilər.
Son illər ərzində həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlər, hər iki ölkənin qanunvericilik orqanlarında Dostluq Qruplarının təsis edilməsi, iqtisadi sahədə həyata keçirilən layihələr və mədəniyyət günlərinin təşkili ikitərəfli münasibətlərin əsas göstəricilərindəndir. Bu səfərlərdən biri də iyunun 2-də baş tutmuşdur. Belə ki, İsveçrə Prezidenti Didye Burkhalterin Azərbaycan Respublikasına rəsmi səfəri ikitərəfli əlaqələrin gücləndirilməsinə yeni bir stimul verdi. Səfər zamanı prezidentlərin təkbətək və geniş tərkibdə görüşü zamanı mövcud məsələlər və prioritetlər müzakirə edilmiş, əlaqələrin intensiv xarakteri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Prezidenti öz bəyanatında iki ölkə arasında iqtisadi, sənaye, tikinti, enerji sektorundakı əlaqələrdən, eləcə də regional təhlükəsizlik məsələlərindən söz açmışdır. Bununla belə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirən cənab İlham Əliyev danışıqların hazırkı vəziyyəti, perspektivləri və münaqişənin tarixi barədə İsveçrə Prezidentə məlumat vermişdir. Qeyd edək ki, bu səfər dostluq əlaqələrinin intensivləşdirilməsində böyük rola malikdir.
Ləman Xəlilova
“Azerbaijan Realities”