Azərbaycanda 10 manatı 25 dollara satışa çıxaran kimlərdir? - ARAŞDIRMA
08 aprel 2013 11:08 (UTC +04:00)

Azərbaycanda 10 manatı 25 dollara satışa çıxaran kimlərdir? - ARAŞDIRMA

 

İnformasiya texnologiyalarının inkişafı ticarət sektoruna da öz təsirini göstərməkdədir. Bu gün internet istifadəçilərinin əksəriyyəti e-ticarət saytlarından yararlanırlar. İstər firmalar, istərsə də fərdi şəxslər asanlıqla internet üzərindən öz məhsullarını, əşyalarını satışa çıxarmaq imkanına malikdirlər. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı nəticəsində beynəlxalq ticarət əlaqələri xeyli dərəcədə asanlaşıb. 

Bu gün dünyada ayrı-ayrı firmaların məhsullarını satışa çıxaran yerli e-ticarət saytları ilə yanaşı həm də bir çox beynəlxalq alqı-satqı resursları mövcuddur. E-ticarət saytları içərisində daha çox populyarlıq qazanmış saytlardan biri də “ebay.com”-dur. Mərkəzi ofisi ABŞ-da yerləşən “eBay” internet üzərindən alqı-satqı əməliyyatları aparılan ən böyük saytdır. Bu araşdırmamızda “eBay”da satışa çıxarılmış və hazırda satışda olan Azərbaycana məxsus məhsullara diqqət yetirəcəyik. 

 

***

 

Saytda apardığımız araşdırma zamanı məlum oldu ki, “eBay”da ölkəmizə məxsus üç mindən çox məhsul satışa çıxarılıb. Satışda Bakının 19-cu əsrdən başlayaraq müxtəlif dövrlərdə çəkilmiş şəkillərinə, poçt markalarına, qədim və eləcə də son zamanlara məxsus əl işlərinə, xalça və xalça məmulatlarına, Azərbaycan ərazilərindən tapılmış müxtəlif kristallara, kitablara, saxsı qablara, hazırda və eləcə də keçmişdə istifadədə olmuş Azərbaycan pullarına rast gəlmək mümkündür.

 

***

Satışa çıxarılmış bəzi məhsullara və qiymətlərinə diqqət yetirək:

Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən hesab edilir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. “eBay” da satışa çıxarılmış məhsullar arasında Azərbaycan xalçalarının çoxluq təşkil etməsi və ona olan tələbat bunu bir daha sübut edir. Satışa çıxarılmış xalça və kilimlərin qiymətləri qədimliyinə, ölçüsünə və eləcə də üzərindəki bəzək və naxışlara görə dəyişir. Hazırda satışda olan xalça və kilimlərimizin qiymətləri ilə tanış olaq:

-         1920-ci ildə toxunulmuş, otaq ölçüsündə olan rəngarəng Azərbaycan xalçası. Qiyməti: 4302 dollar.

-         1900-cü ildə hazırlanmış Zaqatala xalçası. Qiyməti:  2900 dollar.

-         Bənövşəyi rəngdə olan qədim Azərbaycan xalçası. Qiyməti: 2350 dollar.

-         Qədim Azərbaycan xalçası. Qiyməti: 1900 dollar.

-         Müxtəlif rəng və naxışlardan istifadə olunaraq toxunulmuş Azərbaycan xalçası. Qiyməti: 1200 dollar.

-         Yundan hazırlanmış Qarabağ  xalçası. Qiyməti : 1200 dollar.

-         20-ci əsrin 50-ci illərində toxunmuş  Azərbaycan xalçası. Qiyməti: 1200 dollar.

-         Namaz qılmaq üçün hazırlanmış qədim Azərbaycan kilimi. Qiyməti: 1150 dollar.

-         Qeyri-adi, yaşıl rənglərdən istifadə olunmuş Azərbaycan xalçası. Xalçanın 30-35 il öncə toxunulduğu qeyd olunub.  Qiyməti: 629 dollar.

-         1920-ci ildən qalma 213 x 119 sm ölçüsündə yun xalça. Qiyməti: 692 dollar.

-         Müxtəlif bəzək və rənglərdən istifadə olunaraq toxunulmuş Azərbaycan xalçası. Qiyməti: 635 dollar.

-         Köçəri Azərbaycan tayfaları tərəfindən toxunulmuş yüngül xalça . Qiyməti: 699 dollar.

-         Yundan hazırlanmış kiçik yun xalça. Qiyməti: 425 dollar.

-         Çox yaxşı vəziyyətdə olan 91x85 sm ölçüsündə olan Azərbaycan kilimi. Qiyməti: 295 dollar.

-         Keçmişdə istifadə olunmuş Azərbaycan kilimi. Qiyməti : 299.9  dollar.

-         Üzərində “SOCAR” yazılmış kiçik ölçülü xalça. Qiyməti : 149 dollar.

-         Amerika vətəndaşı tərəfindən satışa çıxarılmış Azərbaycan xalçası haqqında qeyd olunur ki, bu xalçanın toxunulmasında parlaq rənglərdən və yundan istifadə olunub. Xalçaya heç bir zərər dəyməyib və əla vəziyyətdədir.  Qiyməti: 425 dollar.

-         Kilimdən hazırlanmış balışlar. Bu cür kilimlərə daha çox rast gəlinir və adətən bunlar Türkiyədən satışa çıxarılır. Qiyməti isə 24 -150 dollar civarında dəyişir.

***

 

Saytda araşdırma apararkən qarşımıza çıxan məhsullar arasında daha çox Bakının və eləcə də Azərbaycanın müxtəlif regionlarının keçmişdə çəkilmiş şəkilləri də diqqətimizi cəlb etdi. Satışa çıxarılmış məhsullar arasında fotoşəkillərlə yanaşı rəsm əsərlərinə də rast gəlmək mümkündür.

-         Azərbaycanlı rəssam Çingiz Abbasovun 70 x 59 sm ölçüsündə olan rəsm əsəri. 2004-cü ildə çəkilib.   Qiyməti: 590 dollar.

-         Müxtəlif yarışlarda çəkilmiş Azərbaycan atının şəkilləri. Qiyməti:  6.95 dollar.

-         1883-cü ildə Azərbaycanın Culfa rayonunda çəkilmiş Azərbaycan qadınlarının şəkli Rumıniya vətəndaşı tərəfindən satışa çıxarılıb. Qiyməti: 4.90 dollar.

-         1990-cı ildə Bakı şəhərində çəkilmiş qala divarları və İçərişəhərin görüntüsü. Estoniyadan satışa çıxarılıb. Qiyməti: 30 dollar.

-         Azərbaycanda 1891-ci ildə  laboratoriyada çəkilmiş 3 həkimin fotosu. Qiyməti: 15.70 dollar.

-         1902-ci ildə Bakıda küçədə çəkilmiş bir foto.  Foto bərbər küçədə saç kəsərkən çəkilib. Qiyməti : 15.70 dollar.

 

 

 

Saytda Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılan eksponatlara, kristallara da rast gəlmək mümkündür:

 

-         Daşkəsən ərazisində tapılmış nadir mineral tapıntı. Qiyməti: 55.77 dollar.

-         Azərbaycan ərazisində tapılmış maqnetit kristalı. Qiyməti: 250 dollar.

-         Daşkəsən rayonunda tapılmış kristallar toplusu. Qiyməti: 34.99 dollar.

-         Azərbaycanda tapılmış kristallar Kanadadan satışa çıxarılıb. Qiyməti: 55 dollar.

 

***

 

 

“eBay” da qarşımıza çıxan bu iki kitab da diqqətimizi cəlb etdi:

-         Azərbaycanın xalq rəssamı, xalçaşünas Lətif Kərimovun 1961-ci ildə çap olunmuş “Azərbaycan Xalçası” kitabı. Qiyməti: 650 dollar.

-         1986-cı ildə çap olunmuş Azərbaycan, Rus və İngilis dilində olan “Azərbaycan Mətbəxi” kitabı Estoniya vətəndaşı tərəfindən satışa çıxarılıb. Qiyməti: 99.99 dollar.

 

 

***

 

Poçt markaları və eləcə də müxtəlif ölkələrin pullarını toplamaq bir çox insanların hobbisinə çevrilib. Görünür bu səbəbdəndir ki,  Azərbaycanda müxtəlif zamanlarda istifadədə olmuş pulllara və poçt markalarına “eBay” da daha çox rast gəlinir.

 

-         1995-ci ildə dövriyyəyə buraxılmış 50.000 manat nominallı kağız əskinas. Qiyməti: 2.25 dollar.

-         1919-cu il Azərbaycan cümhuriyyət dövrünün 1-10 manatlıq kağız əskinasları.   Qiyməti: 13 dolar.

-         2005-ci ildə dövriyyəyə buraxılmış  10 manatlıq yeni Azərbaycan manatı. Qiyməti: 24.99 dollar.

-         1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq kağız pul.  Qiyməti:  1 dollar.

-         5 manatlıq yeni Azərbaycan manatı. Qiyməti: 13.34 dollar.

-         1993-cü ildə dövriyyəyə buraxılmış 100 manatlıq kağız əsginas. Qiyməti: 1.19 dollar.

-         1993-cü ildə dövriyyəyə buraxılmış 500 manatlıq kağız əsginas. Qiyməti: 1.49 dolar.

-         1920-ci ilin 500 rubl kağız əsginası.  Qiyməti:  19.99 $

-         1920-ci ilin lotoreya bileti. Qiyməti: 8.27 dollar.

-         1922-ci ildə buraxılmış poçt markaları. Qiyməti: 9.95 dollar.

Və satışa çıxarılmış digər məhsullar:

-         Üzərində Mirzə Fətəli Axundovun şəkli olan medal. Qiyməti:  199.99 dollar.

-         Azərbaycan SSR-in ilk dövlət mükafatı - "Qırmızı bayraq" ordeni. Bu ordenin eskizinin müəllifi İbrahim ağa Vəkilov olub. Eskiz Rusiyanın "Qırmızı bayraq" ordeninin əsasında Bakı zərgərləri tərəfindən əllə hazırlanıb. Qiyməti: 11.99 dolar.

-         1940-cı ildə hazırlanmış qənd götürmək üçün12 sm uzunluğunda 25 qıramlıq gümüş maqqaş. Qiyməti 150 dollar.

-         Azərbaycan xalq simli çalğı aləti olan saz. Qiyməti: 599 dollar.

-         Azərbaycanın qədim saxsı güldan və külqabı. Qiyməti: 125 dolar.

Satışa çıxarılmış məhsullar arasında Azərbaycanın muzey eksponatlarının da olması ehtimal oluna bilər. Satışda qədim və nadir əşyaların olması bunu deməyə əsas verir. İşğal nəticəsində  muzeylərimizdəki eksponatların bir çox hissəsinin ermənilər tərəfindən mənimsənilməsi isə bu şübhələri daha da artırır.  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi bu məsələni diqqətdə saxlamalı və satışa çıxarılmış qədim və nadir əşyaların necə ələ keçirilməsi araşdırılmalıdır. 

Eyvaz Qocayev, xüsusi olaraq lent.az üçün

 

# 2468
avatar

Oxşar yazılar