“Doğulub, boya-başa çatdığım Beyləqan rayonuna gəlmişəm. Burada Xocavənd rayon icra hakimiyyətinin rəhbərliyi ilə təmas xəttinə yaxın hərbi hissələrə baş çəkdik, əsgərlərə saat hədiyyə etdik. Tədbirdə Azərbaycan bayrağı ordenli keçmiş döyüşçü İbad Hüseynov da iştirak edirdi. Ordumuzun döyüş ruhunu yüksəltmək üçün bu cür tədbirlər vacibdir. Tədbirdə komandir heyəti və iştirakçılar, o cümlədən biz çıxış etdik”.
Bunu Lent.az-a açıqlamasında saytın baş direktoru Qabil Abbasoğlu deyib. Q. Abbasoğlu bildirib ki, onun “Facebook” statusunun mediada ordumuzun Ağdam-Füzuli istiqamətində irəliləməsi ilə bağlı xəbərlə eyni kontekstdə verilməsindən xəbərsizdi:
“O xəbər mənə aid deyil. Mən yalnız dediyim istiqamətdə oldum, əsgərlərlə görüşdüm. Bura da Müdafiə Nazirliyinin xətti ilə gəlməmişəm”.
Baş direktor onu da əlavə edib ki, hərbçilərimiz qələbəyə hər zamankından daha artıq inanır: “Hərbi hissədə olarkən müşahidə elədim ki, hərbçilərimizin qələbəyə inamı olduqca yüksəkdir. Döyüş əzmi, ruh yüksəkliyi gördüm. Onlarla qürur duydum!”.