Uşağın xarici ölkəyə getməsinə necə icazə verilir? – CAVAB 
25 iyul 2024 13:29 (UTC +04:00)

Uşağın xarici ölkəyə getməsinə necə icazə verilir? – CAVAB 

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu uşağın xarici səyahət etməsi ilə bağlıdır.

Maraqlıdır, görəsən, uşağın xarici ölkəyə getməsinə necə icazə verilir?

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər),  müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.

Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Əgər yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə gedirsə, digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə isə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi yalnız məhkəmənin qərarı əsasında mümkün hesab edilir.

Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli, 13 saylı qərarına əsasən yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə getməsi ilə əlaqədar yaranan mübahisələrdə cavabdeh kimi buna razılıq verməyən, razılığın rəsmiləşdirilməsindən yayınan, yaxud da olduğu yerin müəyyənləşdirilməsi mümkün olmayan digər valideyn çıxış edir. Bu kateqoriya işlər üzrə iddialar razılıq verməyən və yaxud razılığın rəsmiləşdirilməsindən yayınan digər valideynin rəsmi qeydə alındığı yer üzrə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan valideynə münasibətdə isə onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə müəyyənləşdirməlidirlər.

Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələr ailə münasibətlərindən irəli gələn mübahisələrə aid olduğundan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakları tələb olunur.

Qanunvericiliklə müəyyən edilmiş qaydada valideyn himayəsindən məhrum olmuş uşağın nənə, baba və ya digər qohumu və ya orqanın himayəsinə və yaxud qəyyumluğuna, o cümlədən bir nəfərin övladlığına verildiyi hallarda həmin şəxslərin özü ilə uşağı ölkədən çıxarması üçün hər hansı icazənin alınması tələb olunmur.

Valideynlərdən biri əcnəbi olduğu hallarda valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi onların birgə yaşadıqları ölkənin qanunvericiliyinə uyğun, uşaqlarla ata-ananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir.

Uşağın sağlamlığının qorunması məqsədi ilə xarici ölkədə tibbi müayinə və müdaxilənin həyata keçirilməsinin, beynəlxalq idman yarışlarında, habelə gələcəkdə xaricdə ali təhsil alması məqsədi ilə keçirilən imtahan və müsabiqələrdə iştirakının zəruri olduğu hallarda, uşağın ölkədən gedə bilməməsi onun hüquqlarının sonradan qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnmə ehtimalı böyük olduğundan, məhkəmələr müvəqqəti təminat tədbiri qismində uşağın qeyd edilən məqsədlə konkret müddətdə bir valideynin razılığı olmadan getməsinə icazə verilə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5391
avatar

Arzu Qurbanlı

Oxşar yazılar