“Kiyevdə vəziyyət ağır-stabil olaraq qalır. Şəhərin müdafiəsi gücləndirilir. Qaynar xəttimizə gələn zənglər isə azalıb. Əgər ilk vaxtlar 500-dən artıq zəng gəlirdisə, dünən 60 zəng olub. Soydaşlarımız əsasən dəmiryol vağzalına yönləndirilir”.
Bunu Lent.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov bildirib.
Ukraynanın digər vilayətlərində isə bu günə olan vəziyyət belədir:
Poltava vilayətindən Füzuli Qəmbərov:
“Gecə bir neçə dəfə hava həyəcanı siqnalı olsa da, sakitlikdir. Dünən 123 nəfər azərbaycanlı qatarla Lvov istiqamətinə təxliyə olunub. Onların 38 nəfəri Sumi vilayətindən gələnlər, qalanları isə Poltavada yaşayanlar olub”.
Nikolayevdən Zaur Ağabəyov:
“Bu gecə səhərə qədər hava hücum siqnalı olub. Nisbi sakitlik var. Dünən iki avtobusla 19 nəfər Moldova istiqamətinə təxliyə olunub. Bu gün toplanan qruplar sabah yola salınacaq”.
Rovnodan Eyub bəy:
“Gecə bir iki dəfə hava həyəcan siqnalı oldu. Ümumi sakitlikdir. Başqa regionlardan Rovnaya gələnlər var. Onları İstanbula təxliyə etmək istəyirik”.
Çerkasıdan Nurəli Məmmədov:
“Sakitlikdir. Başqa regionlardan gələnlər var. 11 nəfər təxliyə olunub. Çerkasda yaşayanlar hələ ölkəni tərk eləmək istəmirlər”.
Xersondan Dəyanət Məmmədov:
“Şəhər düşmən əsarətində olsa da, nisbi sakitlikdir. İşğalçılar Krıma oradan da Rusiyaya təxliyə təklif edirlər. Soydaşlarımız o xətlə getmək istəmir. Hamı Ukrayna tərəfinə humanitar dəhliz açılmağını gözləyir”.
Dneprdən Rafəs Bünyadov:
“Sakitlikdir. Şəhər meriyası tərəfində birbaşa Polşaya pulsuz qatarlar işləyir. Təxliyə olunmaq istəyənlər rahat şəkildə gedə bilirlər”.
Odessadan Anar Natiqoğlu:
“Bu gecə sakit olub. Yetərli adam sayı olmadığına görə, bu gün təxliyə olmayacaq. Sabaha Moldovaya bir avtobus göndərməyi planlaşdırırq. Bunda əlavə bu gün digər humanitar qərargahlara baş çəkiləcək, blok-postlara ərzaq yardımı olunacaq”.
Zaporojyedən Vahid Təhməzov:
“Şəhərdə vəziyyət stabildir. Amma digər yaxın ərazilərdə vəziyyət ağır olaraq qalır. Yaxınlıqdakı Vasilovka mühasirədədir. Orada qalan soydaşlarımıza heç cür yardım edə bilmirik. Dünən humanitar atəşkəs olmasına baxmayaraq, Enerqodardan çıxmaq istəyən 30 maşını buraxmayıblar”.
Lvovdan Teymur Məmmədov:
“Dünən 90 nəfər Polşa sərhədinə yola salınıb. Sığınacaq yerimizdə 100 nəfər qalır. Onlara və ondan əlavə də hər gün vağzalda qalan 150 nəfərə yemək verilir. Dünən Pervomaysk şəhərinə 30 ton ərzaq yardımı göndərilib. Bu gün də Tryskavets şəhərinə yadım göndəririk”.
İvano Frankovskdan Elşad Ələsgərov:
“Şəhərdə sakitlikdir. Bura gələn soydaşlarımızı müvəqqəti qalma yeri tapmasına köməklik olunub”.