Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB
24 may 2024 15:16 (UTC +04:00)

Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu sosial xidmətlərlə bağlıdır.

Sosial xidmət nədir və bu xidmət kimlərə göstərilə bilər?

Lent.az xəbər verir ki, sosial xidmət – çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir.

Anlayışdan da göründüyü kimi sosial xidmət çətin həyat şəraitində yaşayan şəxslərə (ailələrə) göstərilən xidmət  növüdür.

Çətin  həyat  şəraitində hesab edilmənin əsasları aşağıdakılardır:

1.Uşaqların valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması;

2.Uşaqların sağlamlıq imkanlarının məhdud olması;

3.Yetkinlik yaşına çatmayanların baxımsızlığı və ya sosial təhlükəli vəziyyətdə olması;

4.Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmaması;

İnsan alverinin qurbanı olması;
Məişət zorakılığından zərər çəkməsi;
Müəyyən yaşayış yerinin olmaması;

Əgər sizdə də yuxarıda qeyd edilən hallardan biri mövcuddursa, siz də çətin həyat şəraitində olan şəxs hesab edilirsiniz.

Çətin həyat şəraitində olan şəxs sosial xidmət göstərilməsi üçün  Sosial Xidmətlər  Agentliyinə müraciət edir. Çətin həyat şəraitində olan ailəyə sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri müraciət edə bilər.

Sosial xidmətin göstərilməsi barədə müraciət yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin “DOST” mərkəzlərinə və ya Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına daxil olduğu gündən sonra 5 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Sosial işçi ərizənin daxil olduğu gündən sonra 10 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir. Ehtiyacı olan şəxsə sosial xidmətin göstərilməsi dövlət  büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən çətin həyat şəraitində olan şəxslər onlara baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin həmin şəxslərə qulluq edə bilməyəcəkləri barədə ərizələri olduğu hallarda, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən dövlət sosial xidmət müəssisəsinə yerləşdirilə bilər.

Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4482
avatar

Fidan İlqar

Oxşar yazılar