Silahlarımız hava ilə işləyir, rezinlə olan da var
28 avqust 2021 19:32 (UTC +04:00)

Silahlarımız hava ilə işləyir, rezinlə olan da var

Mövsümlə əlaqədar olaraq balıq ovuna qoyulan qadağanın başa çatmasına bir neçə gün qalıb.

APA TV-nin məlumatına görə, balıqçılar yeni ov mövsümünə hazırlaşmaqla bərabər təhlükəsizlik tədbirlərini də həyata keçirirlər.

Ömrünün 40 ilini balıqçılığa həsr etmiş Mərdəkan qəsəbə sakini Fərəc Məmmədov deyir ki, hazırda yeni ov mövsümünün başlamasını səbirsizliklə gözləyirlər: “Balıq tutmaq üçün kostyumlarımız var. Onları yoxlayırıq, təmir edirik. Silahlarımız hava ilə işləyir. Plimatik deyirlər ona. Hər cür hazırlıq görürük yeni mövsümə. Lazım olan avadanlıqlarımızı bir yerə toplayırıq. İlbəil dənizdə balıq azalır. Ovladığımız balıqlar əsasən kefal və kütümdür. Qanuni şəkildə ov edirik. Nərə balığını ovlamırıq. Ümumiyyətlə buralarda nərə olmur”.

Balıqçı bildirir ki, yay ayları əksər balıqların kürütökmə vaxtı olduğuna həmin aylarda balıq ovunun məhdudlaşdırılması düzgün qərardır: “Məsələn balaca balıqları ovlamırıq. Qaydalar çərçivəsində ov edirik. Ancaq çəkisi 500 qramdan artıq olanları tuturuq. Hərdən 1 kiloqramlıq, 1 kq 500 qramlıq balıqlar da olur. Onlar nadir hallarda olur. Biz onlara lavan deyirik. Həmin balıqlar sentyabr ayının 10-dan sonra özünü göstərir”.

Fərəc Məmmədovun oğlu Elnur atasının yolunu davam etdirir. Gənc balıqçı deyir ki, dənizdə ov etmək üçün müxtəlif silahlardan istifadə edir: “İndiki mərhələdə ov ləvazimatlarımızı saz vəziyyətə gətiririk. Sezonla bağlı bizim kostyumlarımızın cırılma ehtimalı olur. Həmin kostyumların hansısa bir yerində problem yaranarsa, ya onu bərpa edirik, ya da yenisi ilə əvəz edirik. Adətən plimat və rezin silahlardan, torlardan istifadə edirik. Mən də hər birindən var. Rezin silahlar əl ilə doldurulur. Plimat silahlar isə hava ilə doldurulur.

Adətən bizim Xəzər dənizində ovlanan balıqlar kefal, kütüm, külmə və berjdir. Əgər ovla məşğul olursansa, qayda və qanunlara əməl etmək lazımdır ”.

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, kürüləmə dövrü ilə əlaqədar balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitəcək.

Əlavə olundu ki, sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlar ov qaydaları ilə ETSN-in rəsmi internet səhifəsində tanış ola bilərlər.

Qeyd edək ki, balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2021-ci il tarixindən balıq ovuna bir müddətlik qadağa qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2841
avatar

Oxşar yazılar