Sıfıra bənzər insanların nağılı - REKVİYEM   - SƏBUHİ MƏMMƏDLİ YAZIR
23 iyun 2021 17:50 (UTC +04:00)

Sıfıra bənzər insanların nağılı - REKVİYEM - SƏBUHİ MƏMMƏDLİ YAZIR

Onlarla hər gün rastlaşıram. Təsəvvür edin, hər gün.

Eyni saatda, saatda da yox e, eyni dəqiqədə bəlkə.

Evdən çıxıb işə gedərkən hər gün qaşıma çıxırlar. Salamlaşıram, yüz ilin tanışları kimi. Əvvəlcə Ramizlə görüşürük. Dilarə Əliyeva, 155 ünvanında. Ramiz də deyirəm, bəlkə də adı məsələn, Kərimdi.

Əslində, önəmi də yoxdur; Ramiz, Kərim, lap Səbuhi. Əslində, o özü də unudub adını. Soruşsan nəinki hansı ayın, ilin olduğunu biləcək. Ümumiyyətlə, artıq 21-ci əsrdə yaşamasından da xəbərsizdi. O, hə, şəkildə gördüyünüz Ramiz-Kərim-Səbuhi necə deyərlər, sıfıra bənzər insandı. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. O rəqəm isə çoxdan onların qarşısında silinib gedib.

Adətən belə adamlara həyatın dibində yaşayan deyirlər. Onlar həyatın dibindədilər, bəli, amma onlar həm də sabahsız insanlardı. Onlar üçün gün doğmur, gün batmır, gün başlamır, sutka bitmir. Onlar üçün zaman dayanıb…

*

Azca aşağı düşürük, Əlövsət Quliyev küçəsinin tinində qoca qarı oturub səkini üstündə. Əlini çənəsinə dirəyib, başını aşağı salıb oturub sadəcə. Qarşısında nə bir dəsmal var, nə bir örpək var, nədə pul atılası nəsə. Başında mavi rəngli nazik bir örpək. Yaz-qış başından düşməz. Altında da göy rəngli bir döşəkçəsi. Qarının oturuşu, duruşu heç vaxt dəyişmədi bu zamanda. Amma döşəkçəsini tez-tez dəyişir. Oturub, dilənmir, heç kimdən pul istəmir, yemək istəmir, su istəmir. Amma hər gün, eyni vaxtda nazik örpəyini örtüb səkinin üstündə özünə yer eləyir. Bir dəfə yaxından, lap yaxından onun üzünə baxdım. Çox nurlu sifəti vardı. Və mənə elə gəldi ki, o, nə vaxtsa nəğmə müəlliməsi işləyib. Niyə nəğmə? Nə bilim, dedim axı mənə elə gəldi.

*

Bura “Molokan” bağıdır. Bu isə Zoya xala. Bəlkə də Mariya. Ya da Nina. Heç onun da adını bilmirəm. Amma hər gün, eyni saatda bu bağda qonşu skamyalarda əyləşirik. Mən evdən çıxıb bura çatanda skamyada oturub bir siqaret yandırıram. Sonra isə işə tərəf davam.

O da eyni vaxtda haradansa gəlir. Amma sonradan hara getdiyini bilmirəm. Maraqlandırmır da. Çantasından termosunu və bir stəkan çıxarıb özünə çay süzür, skamyada. Xırda-xırda qəndləri də var. Qurtum-qurtum içir. Və o stəkanı, mən siqareti yarı edəndə dillənir:

- Give me a cigarette, please. (“Bir sigaret ver, zəhmət olmasa)

- Pojaluysta (“Buyurun”) –

- Tı azerbaydjanets? (“Sən azərbaycanlısan?”)

Və təsəvvür edin, hər dəfə başmı yelləyib təsdiq edirəm. Amma inanın, bu dialoq hər gün baş verir. Çox, həddən artıq pozitiv adamdı; Zoya-Mariya-Nina xala. Gözündə bir işıq var. Yaşamaq eşqi var. Gözlərini qıyıb elə gülümsəyir ki...

*

Bu skamya isə bom-boşdu neçə vaxtdı. Daha doğrusu, bu skamyanın sahibi neçə müddətdi görünmür nədənsə.

Tək gəlmirdi o bura. Hər dəfə bir uşaq arabası da gətirirdi özüylə. Amma arabanın içində heç vaxt uşaq olmazdı. Fikir verirdim, skamyada oturar, özü-özüylə danışar, hərdən arabanı da yırğalayardı. Bir dəfə dodaqları atında  nəsə bir oxşama da dedi. His olunrdu ki, hansısa qızı oxşayır, ona nəsə pıçıldayır. Çox, həddən artıq qəmli, yox, qəmli də, kədərli də deməzdim, əslində, qəribə qorxunc gözləri vardı onun. Fotosu dünyaca məşhur bu əfqan qız Şarbat Qula yadınızdadırmı?

Bax, onun baxışlarıyla əkiz idi, sanki. Və hərdən mənim gözlərim sataşanda, diksinirdim, gözlərimi yayındırırdım ondan. Bir dəfə, hə, təsadüfən bildim; sən demə o qadın iki yaşında qızını itiribmiş qəzada. Yeganə övladını. O itirdiyi mələyi isə hər gün bu bağa gətirərmiş; elə həmin uşaq arabasında. Və  mələk uçub Allahın yanına gedəndən sonra onun yoxluğunu həzm etməyib. Balasını yenə də hər gün təmiz hava udmaq üçün bu bağa gətirir.

Anadı axı…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6234
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar