Azərbaycanın işğaldan azad olunan ərazilərində turizm potensialı olduqca güclüdür. Prezident İlham Əliyevin tapşırığı əsasında hazırlanan dövlət proqramında prioritet istiqamətlərdən biri də həmin şəhər və rayonlarda turizmin inkişafı olacaq. Azərbaycanın bu kurort bölgələri ilə Truskavets arasında qarşılıqlı turizm mübadiləsinin aparılması ikitərəfli münasibətlərimizin inkişafında yeni eranın başlanğıcı ola bilər.
Lent.az xəbər verir ki, bu fikri Truskavets şəhər meri Andrey Kulçinski ilə görüşündə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova söyləyib.
Hər iki ölkə arasında səmərəli investisiya mühitindən yararlanmağın vacibliyini vurğulayan səfir bildirib ki, Azərbaycanda xarici investorların yatırımı üçün kifayət qədər sağlam mühit mövcuddur. Azərbaycanın bölgə şəhərləri ilə Ukraynanın Trustkavets şəhəri arasında iqtisadi, sosial layihələrin reallaşdırılması üçün birgə işlər həyata keçirilməlidir.
Andrey Kulçinski öz növbəsində bildirib ki, Ukraynanın mərkəzi kurort şəhəri olan Trustkavets Azərbaycanın zəngin turizm bölgələri ilə əməkdaşlığa xüsusi maraq göstərir. Mer Azərbaycan şirkətlərini Truskavetsə sərmayə qoyuluşuna çağırıb və qeyd edib ki, bu bölgədə biznesin inkişafı üçün sağlam rəqabət yaradılıb.