Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.
Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?
Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:
Layihəmizdə bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sabiq mətbuat katibi Xatirə Sadiqdən bəhs edəcəyik.
Tərcümeyi-halından danışmağı xoşlamadığını və bunun cəmiyyətə maraqsız olduğunu əsas gətirdi. Yalnız onu dedi ki, müəllim ailəsində dünyaya gəlib. 1984-cü ildə Azərbaycan Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili müəllimi ixtisası üzrə bitirib. Müxtəlif müəssisələrdə tərcüməçi, müəllim, müxbir, şöbə müdiri vəzifələrində çalışıb.
2000-ci ilin sonundan peşəkar jurnalistikaya gəlib. 2007-ci il martın 1-də “AzTV” QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. 2019-cu il 15 yanvar tarixində AzTV-də sədr dəyişikliyi 15 gün sonra mətbuat xidmətinin ləğv edilməsi ilə nəticələnib. Həmin ilin 1 mart tarixinə qədər (cəmi 1 ay) “AzTV” QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub. 2019-cu il martın 1-də AzTV “QSC-nin nəzdindəki Teleradio Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri işləyib. Bu vəzifədə 2020-ci il yanvarın 7-dək fəaliyyət göstərib.
Mətbuat katibliyi dövründən Lent.az-a danışan Xatirə Sadiq deyir ki, mətbuat xidmətinə rəhbərlik etdiyi 12 ildə çoxlu sayda maraqlı hadisələrin şahidi olub:
“2006-cı ildə Azərbaycan televiziyasının rəhbərliyində dəyişiklik oldu. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə həmin vəzifəyə Arif Alışanov təyin edildi. “Exo” qəzetində siyasi şöbənin müdiri vəzifəsində çalışırdım. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sabiq sədri, tele-məkanımızın “patriarx”ı adlandırılan Elşad Quliyevin təşəbbüsü ilə Arif Alışanov məni qəbul etdi. Söhbət zamanı televiziya və jurnalistika ilə bağlı baxışlarımla tanış oldu. Axşam isə Elşad müəllim mənə zəng vurub dedi ki, Arif müəllim mətbuat xidməti yaratmaq və sizi həmin xidmətə rəhbər təyin etmək istəyir. Beləliklə, bir müddət sonra AzTV-yə gəldim. O zaman AzTV-nin reytinqi çox aşağı idi. Amma 1988-ci ildən başlayan Qarabağ münaqişəsinin mənfi təsiri Azərbaycan Televiziyasında da çox duyulurdu. Təkcə bir faktı xatırladım. İctimai-siyasi təpkilər üzündən 1990-1993-ci illər ərzində AzTV-də 5 sədr dəyişilmişdi. Hər müdirin də öz “şakəri” olur. Bunun da əzabını peşəkar kollektiv çəkirdi. Üstəlik, özəl televiziyaların və radioların yaranması AzTV-dən kadr axınına səbəb olmuşdu”.
Onun dediyinə görə, Arif Alışanov ilk növbədə vaxtilə AzTV-dən uzaqlaşmış peşəkar kadrların geri qaytarılması və gənc kadrların işə cəlb olunması prosesinə başladı. Rafiq Hüseynov, Nadir Axundov, Eldar Məmmədov, Nərgiz Cəlilova, Rafiq Həşimov, Dilarə Səlim və onlarla digər tanınmış mütəxəssislər doğma televiziyaya geri döndülər. Doğrudur, müxtəlif obyektiv və subyektiv səbəblərdən geri qayıdanların və ya dəvət olunanların hamısı AzTV-də çalışa bilmədi.
“Təsəvvür edin, 2007-ci ildə “Xəbərlər” proqramında yalnız bir kişi diktoru (Nəsimi Nəbizadə) qalmışdı. Müsabiqə elan edildi. Qısa müddət ərzində 500 nəfərin arasından seçilən 30 nəfər gəncin 13-ü “Xəbərlər” üçün hazırlandı. Onların əksəriyyəti sonradan AzTV-nin və digər tv-lərin simalarına çevrildilər. Belə müsabiqələr 2008–2009-cu illərdə də keçirildi. AzTV və Mədəniyyət kanallarının xəbərlərini aparan diktorların nitqi və ekran-efir mədəniyyəti ilə Rafiq Hüseynov, Gülşən Əkbərova, Hicran Hüseynov kimi əfsanəvi diktorlar məşğul olurdular. Ziyalılarımızın televiziyada verilişlər aparmaq ənənəsi bərpa edildi. Eyni zamanda AzTV-nin maddi-texniki bazası gücləndirildi, müasir standartlara uyğun yeni korpus tikildi”.
Xatirə xanım deyir ki, mətbuat katibinin işi təkcə çalışdığı qurumla müxtəlif media strukturları arasında vasitəçi olmaqdan ibarət deyil. Qurumun imici də mətbuat katibinin işinə təsir edən amillərdən biridir. 2009-cu ildə QSC-nin nəzdində “İdman”, 2011-ci ildə isə “Mədəniyyət” telekanalları yaradıldı. 2010-cu ildə kadrların püxtələşdirilməsi və yetişdirilməsi üçün Teleradio Akademiyası təsis olundu.
“Heydər Əliyev Fondunun dəstəyi ilə 2007-ci ildən başlayaraq “Muğam televiziya müsabiqəsi” AzTV-də yayımlanmağa başladı. Bu müsabiqə muğam ifaçılığı sənətinə yeni simaların gəlməsinə səbəb oldu, AzTV-yə isə böyük reytinq gətirdi. Dünyanın 50-dən çox ölkəsinin ən nüfuzlu telekanallarında yayımlanan “Səs” (“Voice”) beynəlxalq musiqi müsabiqəsini ilk dəfə Azərbaycana gətirən AzTV oldu. Və bütün bu hadisələrin ilk müjdəçisi rolunu da rəhbərlik etdiyim mətbuat xidməti yerinə yetirirdi. “AzTV” QSC-nin böyük media holdinqə çevrilməsini görmək çox qürurverici idi. Hər zaman jurnalist həmkarlarımın suallarını çevik şəkildə cavablandırmağa çalışır, “no comment” kəlməsini çox nadir hallarda işlətməyə üstünlük verirdim. Rəhbərlik də hər zaman bu cür şəffaf fəaliyyətə müsbət yanaşırdı və “yaşıl işıq” yandırırdı. Əks halda, mətbuat katibi kimi uğurlu fəaliyyət göstərə bilməzdim”.
Xatirə Sadiq yüzlərlə məqalənin, 3 sənədli televiziya filminin, 2 kitabın müəllifidir. İngilis və rus dillərini bilir. Ailəlidir. Hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir.