Od çərşənbəsinin ÖZƏLLİKLƏRİ
02 mart 2021 13:57 (UTC +04:00)

Od çərşənbəsinin ÖZƏLLİKLƏRİ

Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi, Üskü, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Lent.az bildirir ki, od çərşənbəsində müxtəlif xörəklər bişirilməli və stolun üzərinə şirniyyatlar qoyulmalıdır. Bu süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur.

İnanca görə, Od çərşənbəsində yanan odun külünü topa halında qoymazdılar. Bu, evə uğur gətirməzdi. Yaşlıların dediyinə görə, həmin külü axar suya axıdardırlar. Yandırılmış odun üstündən “ağırlığım, uğurluğum, dərdim, bəlam bu oda tökülsün” deyib tullanarlar. İnama görə, odun üstündən tullanan şəxs il boyu xəstələnməz, dərd-qəm ondan uzaq durar. Xəstə heyvanları, yeni doğulmuş quzuları odun üstündən keçirmək kimi adətlər də mövcud olub. Yandırılmış odun külünü götürüb bolluq, bərəkət rəmzi olaraq əkin sahələrinə, toyuq-cücələrin üstünə, mal-heyvanın altına səpərlər. Şər qüvvələrdən qorunmaq, onları qovmaq üçün ilaxır tonqalının külündən evin dörd küncünə qoyarlar.

Od çәrşәnbәsinin digәr maraqlı mәrasimlәrindәn biri dә il boyu ailә üzvlәrindәn birini itirmiş evlәrin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla hәmin ailәnin saxladığı yas mәrasimiqә son qoyulardı. İnsanlara Uraz/Araz (od, atәş) adının verilmәsi, evlәrdә üzәrrik yandırılması, xәbis ruhlardan qorunmaq mәqsәdilә qoyun sürülәrinin yanmaqda olan kolların altından keçirilmәsi, tәndirin müqәddәs sayılması, ondan arzuların gerçәklәşmәsinin istәnilmәsi, yanmaqda olan ocağı söndürmәmәk vә mәzar daşların üzәrindә atәşdanların hәkk edilmәsi vә başqa nümunәlәr dә türklәrin oda olan hörmәt vә ehtiramını göstәrir.

Qәdimdә evlәrdә ocağı sönmәyә qoymurdular. Yalnız kimsә ölmüş olarsa, odu çıxarıb xüsusi yerdә saxlayır vә qış vaxtı 5 gündәn, yayda isә bir aydan sonra odu evә qaytarardılar.

Novruz çərşənbələri özünəməxsus fallarla məşhurdur. Fallara böyük maraq göstərən xanımlar, adətən  Od çərşənbəsində əsasən açar və alma fallarını edirlər.

Açar falı: Od çərşənbəsində  ürəyində niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır. Yolayrıcı olan yerdə açarı sağ ayağının altına qoyub gözləyir. Yoldan ötənlərin ilk sözünü eşidib yadında saxlayır və açarı da götürərək geri qayıdır. Eşitdiyi söz xoş bir məna verirsə, yaxşı nəsə haqqındadırsa həmin adam niyyətinin baş tutacağına inanır. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı deməkdir.

Alma falı: Od çərşənbəsində iki alma seçilir və onlardan birinə nişan qoyulur. Sonra həmin nişanı gizlədərək niyyət tutur və evdəkilərdən birinə almalardan hansınısa götürməsini deyir. Həmin adam əgər nişanlanmış almanı götürərsə, bu niyyətin doğrulacağına işarə kimi anlaşılır. Burada istifadə olunan alma  mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3126
avatar

Nigar Adil

Oxşar yazılar