“O, evli kişini sevirdi, mən isə...” -  Milyonların sevdiyi mahnı necə yarandı?
12 may 2022 18:25 (UTC +04:00)

“O, evli kişini sevirdi, mən isə...” - Milyonların sevdiyi mahnı necə yarandı?

Sevgimiz elə bu qədərmiş,

Məhəbbət qürbətə gedərmi? 

Bilməzdim, bilməzdim, bilməzdim...

Oqtay Şamil... Bəlkə də çoxunuz onun kim olduğunu tanımadınız. Bəs, bu mahnı? 

Bəli, mahnı əksəriyyətinizə tanışdır. Əsas da orta və yaşlı nəslə. “Bilməzdim”i zaman-zaman fərqli ifaçıların dilindən eşitmişik. Mahnını eşitsək də, sözlərin kim tərəfindən yazıldığı bir çoxlarımıza məlum deyil. 

Musiqisi Elza İbrahimovanın olan bu mahnının sözlərininin müəllifi kimdir?

Əlbəttə, Oqtay Şamil. 

Arayış: 

Oqtay İmamqulu oğlu Şamilov 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olub. Kənd orta məktəbini bitirəndən sonra təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində davam etdirib. O, "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışıb. Daha sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləyib. 

Oqtay Şamil 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

Maraqlıdır, bu mahnının sözlərinin tarixçəsi necədir?

Elə Oqtay müəllim də Lent.az-a bundan danışacaq. 

- Ağır bir dərddir. Mən o vaxtı çəkmişəm və indiyə qədər də bu dərd mənimlədir. Baxmayaraq ki, hər şey solub, kül olub, soyuyub. Amma bunun heç bir fərqi yoxdur. Axı bu yaşanıb...

O zaman məktəblərdə Gənc İstehsalat Birlikləri vardı. Mən də o birlikdə idim. Bizi toplayıb Pirşağıya apardılar. 10 gün pioner düşərgəsində qaldıq. Bax, orda mən o qızı gördüm. Elə bil ki, məni cərəyan vurdu. Yerimdə donub qaldım. Orda ona heç nə deyə bilmədim.

- Oqtay müəllim, adı nə idi?

- Qızım, adını neynirsən? (Gülür). Adı Nazilə idi. Sonra qardaşımın qızının adını Nazilə qoydum. Amma evdəkilər onun o Nazilə olduğunu bilmədilər. 

Xülasə, düşərgədən qayıtdıq. Unuda bilmirdim onu. Arada 2-3 dəfə evdən gizlin qaçıb Bakıya gəldim. Onu tapmaq istədim. Amma Bakı böyük şəhər. Onu necə tapa bilərdim. Kor-peşman qayıtdım evə. Amma zaman keçdikcə sevgim daha da artırdı. 

Vaxt keçdi, zaman yetişdi. Məktəbi bitirdim. Attestatımızı gec verdikləri üçün universitetə sənəd verə bilmədim. Məsləhət etdik ki, iki illik ticarət məktəbinə sənəd verim. Qəbul oldum, Bakıya gəldim. 

O vaxtı “Ermənikənd” adlanan yerdə (indiki “Nəsimi” bazarı) ev tutdum. Tale burda da bizi qarşılaşdırdı. Sən demə, Nazilə də həmin ərazidə yaşayırmış.

Günlərin bir günü evdən çıxırdım ki, Nazilə ilə anasını məhləmizdə gördüm. Mən də bunların ardınca getdim. Bloklarını öyrəndim.  

Sonra öyrəndim ki, qız ali məktəbə - Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsi qəbul olub. Mən təhsilsiz, o təhsilli. Axı, düz gəlmirdi. Həmin universitetə qəbul olmağı məqsəd qoydum. Və qəbul oldum da. 

Öz də onunla eyni fakültəyə... Amma bir fərq var idi, o, axşam, mən isə səhər növbəsi idim. 

Nə isə, onun qrup yoldaşı oğlan vardı. Həmin oğlan mənimlə dost idi. Ondan Nazilənin universitetə gəlib-getmə vaxtlarını öyrəndim. Hər gün onu qarşılayıb, ötürürdüm.  Beləcə neçə həftə keçdi. Amma hələ də ona heç nə deməmişdim. 

Bir gün öyrəndim ki, Nazilə qrup yoldaşı, lənkəranlı oğlanı sevirmiş. Ən pis tərəfi bilirsinizmi nədir? Həmin oğlan evli imiş...

Bunu öyrənəndən sonra ondan aralandım. Dedim ki, bizim sevgimiz elə bu qədərmiş...

- Bəs, Nazilə indiyə qədər bu sevgidən xəbərsizdi?

- Bizim ortaq tanışımız olan oğlan Naziləyə demişdi ki, Oqtay səni istəyir. Nazilə isə cavabını belə vermişdi: “Bəlkə, elə mən də başqasını istəyirəm”.

Mövzunu dəyişirik. Şair görəsən indi hansı bəstəkarlarla işləyir? 

- İndiki müğənnilər mahnı dəstələyir, bəstələmir(Gülür). İndi deyəcək sözümdən bəlkə də inciyəcəklər. Amma deyəcəm. 

Biri var Elza İbrahimova, hansı ki, “Bilməzdim”i yazıb. Biri də var Elza Seyidcahan. İndikilərin hamısı Elza Seyidcahandı. Mən onlara sözlərimi vermərəm.

Bacısı oğlu jurnalist Seymur Əhməd isə deyir ki, radiodakı uzun fəaliyyətdən sonra, o, bir müddət "Qobustan" jurnalında əmək sərf edib. Daha sonra, bir neçə il Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölgəsinin sədri vəzifəsində işləyib.

Poeziya ilə yanaşı, eyni zamanda nəsr əsərləri də yazan ədibin bu vaxtadək 8 kitabı işıq üzü görüb, 2 kitabı isə çapa hazırdır. Oqtay Şamilin nəşr edilmiş kitabları aşağıdakılardır: "İstək", "Tut ağacı", "Girdimandan gələn səs", "Sevgimiz elə bu qədərmiş", "Azadlığın quşqonmazında Ay haləsi", "Aralıq dənizindən məktub" və "Ömurnamə".

"Oqtay Şamil sovet-alman müharibəsi illərində dünyaya göz açıb. Müharibədən sonrakı böhranlı, qayğılı illər onun uşaqlıq yaddaşıdı. Yaradıcılığında həyatın amansızlıqlarına, insanların məkrlərinə, zamanın ədalətsizliklərinə qarşı yer alan kəskin mövqe, motivlər bəlkə də onun elə uşaqlıq xatirələrindən boy alıb bu gün üçün formalaşıb - qardaşlarının itkisi, aclıq dövrünün zədələri, arzuların pöhrəsiz büdrəməsi və s. Bunca sıxıntılara baxmayaraq, yeniyetmə Oqtay qarşısına qoyduğu məqsədlər, böyük amallar uğrunda yorulmadan çalışdı, oxudu, püxtələşdi. Gənc yaşlarından şeirləri rayon qəzetinin səhifələrində işıqlandı, imzası tanındı. Oqtay Şamil elə mühitdə, coğrafi məkanda böyüdü ki, orda Xaqaninin, Nəsiminin, Seyyid Əzimin, Sabirin, Hadinin, Səhhətin ruhları gəzib-dolaşır, o yurdun mayasında hər an acımağa hazır olan şeiriyyat hüceyrələri var. Zəngin mədəni-mənəvi dəyərlərin kök saldığı bir eldə formalaşan Oqtay Şamil, həm də "Şirvan aşıqlarının atası" Mirzə Bilal kimi ustad aşığın yaradıcılığından ilhamlanıb. (Qohumluqları da var.) Aşıq Şakir Hacıyev kimi nəhəng bir sənətkarla eyni dövrdə yaşamaq qisməti də yazılmışdı Oqtay Şamilin bəxtinə. Aşıq Şakirlə bir neçə dəfə həmsöhbət də olmuşdu, tanış idilər. Sonralar tale elə gətirdi ki, Oqtay Şamil Azərbaycan radiosunda çalışarkən Aşıq Şakirin lent yazılarını arxiv fonduna saldırdı və o əvəzsiz ifaların bu gün də yaşamasına, sevilməsinə vəsilə oldu”. 
Seymur bəy deyir ki, Oqtay Şamilin bir sıra şeirinə Elza İbrahimova, Eldar Mansurov kimi böyük bəstəkarlar sevilən musiqilər bəstələyiblər. Təkcə "Bilməzdim" mahnısının adını çəkmək olar ki, bu mahnı İlhamə Quliyeva, Flora Kərimova təki unudulmaz ifaçılarla yanaşı, bir sıra xarici ölkə müğənniləri tərəfindən də səsləndirilib və böyük sevgi qazanıb. 
“78 yaşlı Oqtay Şamil nə qədər haqsızlıqla üz-üzə qalsa da, bu gün də yorulmadan, ruhdan düşmədən yazır-yaradır. İnanmaq istərdim ki, onun qarşıdan gələn 80 illik yubileyi, haqqı olaraq, ölkə səviyyəsində, ən azından, ömrünün yarısını sərf etdiyi doğma teleradio şirkəti tərəfindən geniş qeyd olunacaq və layiq olduğu titullar dövlətimiz tərəfindən, gec də olsa, Oqtay Şamilə təqdim ediləcək”.

Bu da belə... Sən demə, milyonların sevdiyi “Bilməzdim” in sözləri gənc Oqtayın Naziləyə olan ilahi sevgisi barədəymiş...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13524
avatar

Fidan İlqar

Oxşar yazılar