Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?
01 noyabr 2024 14:08 (UTC +04:00)

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Məlum olduğu kimi hazırda universitetlərə, eləcə də dövlət orqanlarına qəbul olunmaq üçün test mərhələsinə hazırlıqla bağlı abituriyentlər üçün, habelə dövlət qulluğu üzrə çoxsaylı test kitabları çap edilir.

Test kitablarının bol olması hər bir halda təqdirəlayiq haldır. Çünki hazırlaşanlar üçün nə qədər çox vəsait olarsa, bu, onların daha yaxşı hazırlığına imkan yaradır. Lakin təəssüf ki, bu sahədə hüquqi problemlər mövcuddur. Bu problemlərdən ən aktual olanı baradə söhbət açmaq istərdik.

Belə ki, ölkəmizdə bəzi nəşriyyatlar tərəfindən dərc edilmiş test kitablarında tərtibçilər tərəfindən “buraxılış ili”nin bilərəkdən göstərilmədiyi hallara rast gəlinir. Müəlliflər və nəşriyyatlar kitabın buraxılış ilini qeyd etməməklə bu kitabların gələcəkdə köhnə nəşr olmasını gizlədirlər. Bunun səbəbi isə, test kitablarında qanunvericilik aktlarından sualların olması, qanunvericilik aktlarına isə zamanla dəyişikliklər edilməsi ilə bağlıdır. Yüksək tirajla çap edilmiş test kitablarının alıcılıq qabiliyyəti aşağı olduqda, məlumdur ki, satış prosesi də ləngiyir. Bu zaman intervalında qanunvericiliyə edilmiş dəyişikliklər həmin kitabçalardakı məlumatları artıq yararsız hala salır və onların yenidən təkmilləşdirilmiş nəşrini zəruri edir. Bu zaman təbii ki, satılmayan əvvəlki kitabçalar maddi baxımdan müəllif və nəşriyyatlara sərf etmir. Buna görə də vəziyyətdən ən optimal, lakin qanuni olmayan çıxış yolu kimi sözügedən üsula əl atılır. Söhbət açdığımız neqativ hal cəmiyyət üzvlərinin maraqlarına ciddi xələl gətirə bilir. Çünki “buraxılış ili”nin olmaması alıcıların kitabın yeniliyini, onun aktuallığının dəyərləndirilməsini müəyyən etməyə imkan vermir. Belə olduqda isə alıcılar kitabı köhnə məzmunlu olduğunu bilmədən alır və istifadə edirlər. Bu isə abituriyentlərə, dövlət qulluğuna və ya digər dövlət orqanlarına hazırlaşanlara nəinki həmin yararsız kitabçalara pul sərf etməklə təkcə maddi zərər vurur, həm də köhnəlmiş, bəlkə də artıq keçərli olmayan məlumatlarla hazırlaşıb uğursuz nəticələrlə üzləşmələrinə səbəb olur.

Bu barədə qanunvericilik nə deyir?

Qeyd edək ki, Azərbaycan Respublikasında “Nəşriyyat işi haqqında” qanun qüvvədədir və bu Qanun nəşriyyat işinin ümumi prinsiplərini müəyyən edir, nəşriyyat fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə əlaqədar nəşriyyat işinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini ehtiva edir. Həmin qanunun 18-ci maddəsində hazır məhsulun hər nüsxəsində mütləq göstərilməli olan  “buraxılış məlumatlar”ı nəzərdə tutulmuşdur. Sözügedən maddəyə görə hazır məhsulun hər nüsxəsində aşağıdakı məlumatlar olmalıdır:

nəşriyyatın və çap məhsulunu hazırlayanın adı, ünvanı, xüsusi razılığın nömrəsi və verilmə tarixi;

buraxılış yeri və ili;

əlyazmanın yığıma verdiyi və çapa imzalandığı tarix;

hesab-nəşriyyat həcmi;

fiziki həcmi;

formatı;

səhifələrin sayı;

kağızın tipi;

şriftin növü (qarnituru);

çap üsulu;

tiraj;

qiyməti, yaxud “müqavilə qiyməti ilə” və ya “pulsuz” qeydi.

Nəşriyyat məhsullarında beynəlxalq kitab kodu, müəlliflik hüququnu göstərən nişan (işarə), standarta uyğun annotasiya, kitab təsnifatı göstəriciləri də qeyd olunmalıdır.
Buraxılış məlumatı olmayan nəşrlərin çap olunmasına yol verilmir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu istehlakçıların hüquqlarını qoruyur. Qanunun 1-ci maddəsinə görə istehlakçı dedikdə, şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs başa düşülür.

Çap məhsullarında “buraxılış ili” kimi zəruri məlumatın bilərəkdən məqsdəli şəkildə gizlədilməsi istehlakçıların məlumatlandırılması hüququnu kobud şəkildə poza bilir ki, bu xoşagəlməz hal da alıcıları aldatmaq məqsədi güdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə görə müvafiq tövsifedici əlamətlərlə bu hərəkətlərə yol vermiş şəxslər “İstehlakçıların hüquqlarının pozulması”na görə inzibati məsuliyyətə cəlb edilə bilərlər. Bu qanunazidd əməl xeyli miqdarda zərər vurarsa isə, belə əməlləri törətmiş şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən “İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma” cinayət əməlinə görə cinayət məsuliyyətinə belə cəlb oluna bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3069
avatar

Yunis Xəlilov

Oxşar yazılar