"Mendeley" platforması nədir? - ARAŞDIRMA
28 oktyabr 2024 14:04 (UTC +04:00)

"Mendeley" platforması nədir? - ARAŞDIRMA

Dünyada çoxsaylı akademik elmi platformalar və onlara uyğun yaradılmış internet proqramları və ya saytları mövcuddur. Bu cür elmi proqram və saytlara "EndNote", "Zetero" və "Mendeley" elmi bazalarını misal göstərmək olar.

Çox təəssüf ki, "Mendeley" haqqında Azərbaycan dilində demək olar ki, məlumatlar yox dərəcəsindədir. Ölkəmizdə bir neçə saytı çıxmaq şərti ilə bu elmi platforma haqqında heç bir informasiyaya rast gəlmək mümkün deyil. Halbuki bu baza və onun saytı dünyada çox məşhur və ən işlək platformalardan biridir.

Bu yazımda sizlərə "Mendeley" adlı akademik elmi bazası, onun proqramı və saytı, eləcə də onun faydaları barədə məlumat vermək, ondan istifadənin yolunu izah etmək istərdim.

"Mendeley" akademik araşdırmalar üçün nəzərdə tutulmuş pulsuz bir interner proqramıdır və elm adamları, tədqiqatçılar, tələbələr üçün çox böyük faydaları vardır.

Qeyd edək ki, "Mendeley" araşdırma sənədlərini paylaşmaq və idarə etmək, tədqiqat məlumatlarını "kəşf" etmək və onlayn əməkdaşlıq üçün istifadə oluna bilən bir internet proqramıdır.

"Mendeley Desktop" ("Windows", "OS X" və "Linux"da istifadə oluna bilər) "PDF" və istinad idarəetmə tətbiqi və tədqiqatçılar üçün sosial şəbəkə xarakterində olan "Mendeley Web"in birləşməsidir.

Tarixinə nəzər salsaq, görərik ki, "Mendeley" bioloq Gregor Mendel və kimyaçı Dmitri Mendeleyevin adını daşıyan "Mendeley", üç alman doktorant tərəfindən 2007-ci ilin noyabrında yaradılmışdır və hazırda mərkəzi London şəhərində yerləşir. İctimaiyyətə açıq ilk sınaq versiyası 2008-ci ilin avqust ayında təqdim olunmuşdur. O dövrdə "Mendeley" komandası müxtəlif akademik qurumlardan tədqiqatçılar, məzunlar və proqramçılardan ibarət idi. Şirkətin investorları arasında "Last.fm"in keçmiş baş icraçı direktoru, "Skype"ın qurucu mühəndisləri, "Warner Music Group"un keçmiş rəqəmsal strategiya rəhbəri, eləcə də Kembric Universiteti və Johns Hopkins Universitetindən akademiklər də var idi.

Mendeley zamanla bir çox mükafatlar qazanmışdır. Bu mükafatlara nümunə kimi aşağıdakıları göstərmək olar: Plugg.eu "Avropada İlin Startapı Mükafatı - 2009", TechCrunch Europas "Cəmiyyətə Faydalı Ən Yaxşı Sosial İnnovasiya - 2009" və The Guardian tərəfindən "Ən Yaxşı 100 texnoloji media şirkəti" arasında 6-cı yerdə siyahıya alınmışdır.
Fəaliyyəti gün keçdikcə genişlənən "Mendeley" 23 sentyabr 2013-cü ildə özünün pulsuz "iPhone" və "iPad" tətbiqlərini təqdim etmişdir.

Maraqlıdır ki, "Mendeley" müəyyən dairələr tərəfindən tənqid də edilmişdir. Belə ki, o, 2013-cü ildə "Elsevier" nəşriyyat şirkəti tərəfindən satın alındı. Bu satınalma elmi şəbəkələr və "Açıq giriş"lə maraqlanan media üzərində müzakirələrə səbəb oldu və elmi ictimaiyyət tərəfindən tənqid edildi. Çünki "Elsevier", məhdudlaşdırıcı nəşr siyasətləri ilə tanınır, jurnallarına yüksək qiymətlər təyin edir (bunun üçün "The Cost of Knowledge"a baxmaq kifayətdir) və "SOPA" siyasətini açıq şəkildə dəstəkləyən böyük bir nəşriyyat şirkətidir. Bu səbəbdən, "Mendeley"in açıq paylaşım modeli baxımından bu satınalma etikaya zidd hesab edildi. "The New Yorker" jurnalından David Dobbs "Elsevier"in "Mendeley"i satın almasının səbəbinin istifadəçi məlumatlarına giriş əldə etmək və ya “iş modelini təhdid edən açıq elm ikonunu özündə birləşdirmək və ya ona zərər vermək” ola biləcəyini irəli sürdü.

Tənqid olunmasına baxmayaraq, "Mendeley" proqramının çoxsaylı faydaları vardır. Belə ki, proqramın əsas funksiyalarını aşağıdakı kimi qruplaşdıra bilərik:

1. Mənbələrin Təşkili və İdarə Olunması: "Mendeley" məqalələrinizi, kitablarınızı və digər mənbələrinizi tək bir yerdə toplamağa və təşkil etməyə imkan verir. "PDF" fayllarını avtomatik olaraq idarə edə və onlara annotasiya əlavə edə bilərsiniz.
2. Sitatlar və İstinadlar: Tədqiqat işinizdə istifadə etmək üçün istinadlar yaratmağa və müxtəlif istinad formatlarını ("APA", "MLA", "Chicago" və s.) avtomatik olaraq tətbiq etməyə imkan verir.
3. Qrup İşləməsi: Tədqiqat qrupları ilə birgə işləmək, məqalələri paylaşmaq və onların üzərində birlikdə iş görmək üçün yaxşı bir platformadır.
4. Akademik Sosial Şəbəkə: "Mendeley" dörd milyondan çox tədqiqatçı ilə canlı əlaqə yaratmaq, məqalələr və yeniliklər paylaşmaq imkanı da təqdim edir. Bu yolla, istifadəçilər oxşar sahələrdə çalışan elm adamları ilə tanış ola bilirlər.
5. Əlçatanlıq: Elmi araşdırma mövzuları ilə bağlı dünyada çap olunmuş əlaqəli məqalələri tapmağa və ən son araşdırmaları əldə etməyi asanlaşdırmağa imkan yaradır.
6. Digər proqramlarla əlaqəli iş: "Microsoft Word" proqramı üçün "Mendeley Cite" əlavəsindən istifadə etməklə bütün istinadlarınızı təşkil etmək, axtarmaq və oxumaq üçün şəxsi kitabxana yarada bilərsiniz.
7. Digər imkanlar: 2000 və daha çox jurnal üçün sitat formatına daxil olmaq və sitat metodunu seçməklə yeni formatlar yarada bilərsiniz.

"Mendeley"in rəsmi internet səhifəsinə daxil olub pulsuz qeydiyyatdan keçərək ondan rahatlıqla istifadə edə bilərsiniz:

https://www.mendeley.com/?interaction_required=true

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Yunis Xəlilov

Oxşar yazılar