Məktəblərdə cinsi təhsil fənni keçirilməlidir - PSİXOLOQ
08 avqust 2025 17:29 (UTC +04:00)

Məktəblərdə cinsi təhsil fənni keçirilməlidir - PSİXOLOQ

Sosial şəbəkələrdə azyaşlılara qarşı seksual hərəkətlər, təcavüz və zorakı xarakterli görüntülərlə qarşılaşırıq. Əlbəttə, bu yaşda uşaqlar nə özlərini qorumağı bacarırlar, nə də ki, hadisəni dərk edirlər. Bununla yanaşı valideynlər də övladına cinsi biliklər aşılamaqdan utanırlar. Avropanın və qərbin bir çox inkişaf etmiş ölkələrində, o cümlədən ABŞ, İsveç, Finlandiya Almaniya, Kanada, Hollandiya, Fransada isə cinsi tərbiyə dərsləri hələ ibtidai siniflərdən keçilir.

Bəs görəsən, Azərbaycan məktəblərində cinsi tərbiyə dərsləri keçilərsə, vəziyyət necə olar? Uşaqlara erkən yaşlardan bu bilikləri aşılamaq doğru olarmı?

Psixoloq Aydan Məmmədova Lent.az-a açıqlamasında bildirib ki, uşaq vaxtı təcavüz qurbanı olanlar yetkinlik dövründən sonra həmin hadisəni xatırlaya bilirlər:

“Azyaşlılar onlara qarşı seksual xarakterli hərəkətləri dərk edə bilmirlər. Seanslarda da şahid olmuşam ki, uşaq vaxtı - 5,6,7 yaşında təcavüzə məruz qalanlar yetkinlikdən sonra belə bir hal yaşadıqlarını anlayıblar. Onlar həmin vaxtı yaşadıqları şok ilə özlərini “çirklənmiş” hiss edirlər. Xüsusən müsəlman ölkələrində cinsi münasibətlərə dini cəhətdən baxış fərqlidir. Əgər ailə də dindardırsa, o zaman zərərçəkmiş başına gələnləri gizlətməyə çalışır. Bəzən isə onlar özləri ilə də üzləşməkdən qaçırlar, səsli şəkildə belə, bu hadisəni danışa bilmirlər. Bu şəxslərin daxili aqressiyaları, nifrətləri çox  olur.

Biz qız uşaqlarına olunan təcavüzləri qloballaşdırırıq, amma oğlanlara olunan təcavüz halları ilə də qarşılaşırıq. Ətrafda kişi cinsinə qarşı istəkləri olan “gey” kimi adlandırdığımız şəxslərin bəziləri uşaqlıqda öz həmcinsi tərəfindən təcavüzə məruz qalan insanlardır. Oğlan uşağı təcavüzə məruz qalanda gələcəkdə həmcinsinə həzz, maraq duya bilər. Qadınlarda isə təcavüz sonrası kişilərə qarşı böyük nifrət hissi yarana bilər. Təbii ki, travmalara verilən reaksiyalar fərqlidir, bəzən oğlan uşaqları da təcavüzdən sonra cinsinə və özünə nifrət edir.

Təcavüzçülərə ağır cəzalar verilməlidir ki, digərləri də onu görüb, geri addım atsınlar. Təəssüf ki, etmək istəyən “onsuz da görən yoxdur”,-deyib, əməlinə davam edir, lakin azyaşlılara qarşı seksual xarakterli hərəkətlərə dair görüntüləri yalnız müvafiq qurumlara göndərmək lazımdır, onları sosial şəbəkələrdə, geniş ictimaiyyətlə paylaşmaq düzgün deyil. Çünki bu kimi hadisələri yaşayan çox insan var. Onların bəzisi başına gələnləri kiməsəyə açıb deyə bilmir, özünü daim günahlandırır. Həmin görüntüləri görəndə istər-istəməz yaşadığı travmalar canlanır və eyni hissləri yenidən yaşayırlar”.

Psixoloq bildirib ki, cinsi istismarların qarşısını almaq üçün cinsi tərbiyə mütləqdir:

“Məktəbdə 1-ci sinifdən etibarən uşaqlara cinsi tərbiyə tədris olunmalıdır. Ailədə ana qızına, ata isə oğluna lazımi məlumatları verməlidir. Burada ananın oğula cinsi tərbiyə verməsi belə, doğru deyil.

Ailələrin oğlan övlada qarşı olan münasibətləri də birmənalı qarşılanmamalıdır. Valideynlər oğullarını evdə və ya başqa yerdə çılpaq gəzdirir, qız uşaqlarını isə daim qapadırlar. Uşaqların çılpaq gəzməsi qətiyyən doğru deyil.

Valideynlər övladlarına cinsi orqanlarının olduğunu, onun hansı funksiyanı yerinə yetirdiyini izah etməli, təcavüz zamanı nələr hiss olunduğunu başa salmalıdırlar. Cinsi orqanlarına, məhrəm bölgələrinə toxunularsa, buna etiraz et, səsini çıxart, dodağından, üzündən öpülməsinə icazə vermə, kimi fikirləri uşaqlara aşılamalıdırlar. Əlbəttə, öpüş hər zaman pis məqsəd daşımır, lakin çox olduğu vaxt bu, istər-istəməz, şüuraltında mənfi hislər formalaşdıra bilir.

Azyaşlılara cinsi istismar olunduğu zaman o, bunun nə olduğunu dərk etmir, onlarda ehtiras hissi olmur. Əgər uşaq həmin şəxslərə qarşılıq verirsə, bu onun hadisəni dərk etdiyi, şüurlu şəkildə etdiyi anlamına gəlmir. Hətta bəzən deyirlər ki, yaşından böyük danışır, hərəkət edir, deməli hissləri də inkişaf edib. Amma bu, belə deyil. Uşaqlarda həzz duyğusu olmur.

Valideynlər bəzən düşünürlər ki, uşağın əmisidir, dayısıdır, qardaşıdır, babasıdır, qonşudur, qohumdur və s. Uşağımı ondan qoruyası deyiləm ki. Amma məhz uşaqları onlardan qorumaq lazımdır. Çünki bu hadisələr qohumlar və qonşular arasında daha çox olur.

Uşağa demək lazımdır ki, sənə kimsə toxunarsa, nə isə edərsə, qışqır, bağır, sonra da mənə nə olduğunu izah et. Bu halda uşağın valideynə güvəni artır və heç nədən qorxub, çəkinmir.

Təəssüf ki, məktəblərdə biologiya fənnində cinsi orqanlarla olan mövzuya ya toxunulmur, ya da qızlar və oğlanlara ayrılıqda keçilir. Dərslər bu şəkildə olmamalıdır. Hər kəsə öz cinsi orqanını tanımağa icazə verilməlidir. Bundan sonra yeniyetmələrin də özlərinə olan sevgisi artır, özlərini qəbul etməsi asanlaşır. Övlad öz cinsi barədə valideynə suallar verdikdə, mütləq onların anlayacağı səviyyədə cavab verməlidirlər. Əks halda uşaq bu sualın cavabını özü axtaracaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418

Oxşar yazılar