Bir neçə gün əvvəl küçədə gecələyən Vətən müharibəsi iştirakçısı Sədi Cəfərov barədə sosial şəbəkədə məlumatlar dolaşıb.
Lent.az xəbər verir ki, bununla bağlı foto izləyicilər tərəfindən sürətlə yayıldıqdan sonar məsələ ciddi qınağa səbəb oldu.
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, məsələ ilə bağlı S. Cəfərovla əlaqə saxlanılıb. Qurum rəsmisinin sözlərinə görə, 12 nəfərlik ailə üzvü olan Vətən müharibəsi iştirakçısına bir sıra köməkliklər göstəriləcək:
“Vətən müharibəsi iştirakçısı Cəfərov Sədi Sahib oğlunun bəzi sosial şəbəkələrdə yayılan videomüraciətilə bağlı araşdırma aparmaq üçün onunla telefon əlaqəsi yaradılıb. Vətəndaş bildirib ki, ailə 12 nəfərdən (atası, anası, qardaşı və onun ailəsi, özü, həyat yoldaşı və 1 azyaşlı övladı) ibarətdir, Ağcabədi rayonu Təzəkənd kəndində yaşayırlar. Ailənin əmək qabiliyyətli üzvləri işsizdir, lakin pay torpaq mülkiyyətçiləridir.
Sədi Cəfərovun həyat yoldaşı Elnarə Cəfərova ünvanlı sosial yardımla bağlı ötən il yanvarın 21-də müraciət edib. Lakin onun bu müraciətinə elektron sistem tərəfindən imtina verilib. Səbəb isə ərizə-bəyannamədə məşğulluq və digər məlumatların düzgün qeyd edilməməsi olub.
Vətəndaşa sosial yardımla bağlı elektron qaydada müraciət edərkən ərizədə bu məlumatların, o cümlədən ailənin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpağa aid məlumatların düzgün göstərilməsinin vacibliyi bildirilib. Yeni müraciətdə məlumatların doğru olması ailənin sosial yardımla təmin edilməsi üçün əsas ola bilər.
Sədi Cəfərov həmçinin ötən il iyunun 29-da iribuynuzlu heyvandarlıq zərfi üzrə Özünüməşğulluq proqramına cəlb olunub. Yaxın müddətdə ona kiçik təsərrüfat yaradılacaq.
Vətəndaşın əlilliyinin qiymətləndirilməsinə gəlincə, 2021-ci il avqustun 6-da o, əyani müayinə olunub, hazırki vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.
Əlavə olaraq, Sədi Cəfərovun ailəsinə 550 manat sığorta ödənişi və “YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq 2500 manat maddi yardım edilib”.
Sədi Cəfərov