Fevralın 3-də Moskvada hərbi cinayətkar Armen Sərkisyan partlayış nəticəsində həlak olub. O, Ukraynadan qaçan prezident Viktor Yanukoviçin yaxın çevrəsindəkilərdən biri idi.
Armen Sarkisyan kimdir və o, nə edib?
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Armen “Qorlovski” Sərkisyan Donbassda ən məşhur kriminal avtoritetlərdən biri olub. 1978-ci ildə Qorlovkada anadan olub.
2014-cü ildə Donetsk və Luqansk vilayətlərinin bir hissəsini Rusiya qoşunlarının işğalı zamanı o, əks tərəfə keçib. O, "Donetsk Xalq Respublikası"nın boks federasiyasına rəhbərlik edib. Armeni Ukrayna Daxili İşlər Nazirliyi axtarışa verib.
Sərkisyan Kiyevdəki Maydana “tituşki”ləri göndərib. Üstəlik, 2022-ci ildən Rusiya ordusunun ukraynalı məhbuslara qarşı sistematik şəkildə zorakılıq hallarının baş verdiyi həbsxanalarda gözətçi “vəzifəsini” tutub.
Milli Polisin məlumatına görə, 46 yaşlı Sərkisyan Ukraynaya qarşı müharibəyə məhbusların cəlb edilməsində iştirak edib. Həmin şəxs uzun müddət Federal Təhlükəsizlik Xidməti ilə sıx əməkdaşlıq edərək müvəqqəti işğal olunmuş Donbass ərazisində gizlənib. Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərinin qondarma “nəzarətçisi” işğalçı hakimiyyətə məhbuslardan qanunsuz silahlı birləşmələr yaratmağa kömək edib.
“Cinayətkar qrupun lideri 2014-cü ildən Kiyevin mərkəzində qətllərin təşkilinə görə beynəlxalq axtarışa verilib”, - hüquq-mühafizə orqanları bildirib.
2022-ci ilin sentyabrında Sərkisyan Qorlovkada “ArBat” adlı qanunsuz silahlı qrup yaradıb. Onun əsasını ağır cinayətlər – qətllər və soyğunçuluq törətdiyinə görə Donbass həbsxanalarında cəza çəkən cinayətkarlar təşkil edir.
“İşğal olunmuş şərq və cənub bölgələrində bütün kənd təsərrüfatı, istehsalat müəssisələrini ələ keçirmək, ukraynapərəst vətəndaşları qorxutmaq və onlara işgəncə verməklə yanaşı, “ArBat”ın üzvləri Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarında fəal iştirak edirlər.
İstintaqın məlumatına görə, “ArBAT” əvvəlcə Toretsk istiqamətində döyüşüb, daha sonra qrup Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələrinin digər mövqelərinə basqın edib”, - Milli Polisin məlumatında deyilir.
Bundan başqa, Sərkisyan və onun əlaltıları nəzarət edilən şirkətlərin köməyi ilə qondarma DXR-in silahlı qüvvələrini müdafiə strukturlarının, zindanların və səngərlərin tikintisi üçün materiallarla, texnika ilə təmin edib, cəbhə xəttində işğalçıların digər ehtiyaclarını ödəyiblər.
2024-cü ilin dekabrında o, qeyri-qanuni silahlı birləşmələrdə könüllü iştirakda və Rusiyaya yardımda şübhəli bilinib.