Həzrətin dağıdılmış evi, əsirlikdən xilas, Atanın duaları – Səbuhi Məmmədli Qarabağdan yazır
28 yanvar 2021 20:00 (UTC +04:00)

Həzrətin dağıdılmış evi, əsirlikdən xilas, Atanın duaları – Səbuhi Məmmədli Qarabağdan yazır

- Buna vəhşilik demək də azdı. Bu, vandalizm də deyil, daha betəridir. Tanrının evini dağıtmaq? Günaha batmaq? Tanrı bağışlayarmı bunu? Lənətləməzmi?

Denis Ata deyir bunları. Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin baş keşişi, Varfolomey Denis Sotnikov...

Əllərini kilsənin divarlarına sürtür, sanki onun hər daşını yoxlayırmış kimi. Sonra isə içəri daxil olmaq istəyir. Amma mümkün deyil. 30 ildir erməni əsirliyində olan bu kilsənin içini kol-kos basıb...

 

***

Xocavənddəyik, Kuropatkino kəndində. İşğaldan azad edilmiş daha bir yurd yerində. Qarşımızda əzəmətli bir kilsə. Daha doğrusu, vaxtıyla həddən artıq əzəmətli olan bir kilsənin qalıqları. “Həzrətin təcəllası” adlanır bu kilsə. 127 yaşı var. 1894-cü ildə qoyulub əsası. Həmin vaxt Kuropatkino kəndi Yelizavetpol quberniyasının Şuşa qəzasının tərkibinə daxil idi. Tarixi mənbələrə, daha dəqiqi, Tiflisdə nəşr olunan  “Kavkazski kalendar” qəzetinə inansaq, Kurpatkino əhalisi ruslardan ibarət olub. 1912-ci ilin məlumatına görə, həmin ərəfədə bu kənddə 832 nəfər rus yaşayırmış. Onların böyük əksəriyyəti isə Ter kazak qoşunlarının 1-ci Sundesk-Vladiqafqaz polkunda xidmət edən kazaklar olublar.

 

Bizans memarlıq üslubunda tikilmiş kilsəyə dinin düşməni olan sovet hakimiyyəti belə dəyməyib. Sovet dövründə “Həzrətin təcəllası” Azərbaycanda yaşayan əksər pravoslavların, xüsusən də molokanların ziyarət yerlərindən bir olub. Bu kilsədə eyni zamanda min nəfərə yaxın zəvvar eyni vaxtda ibadət edə bilirmiş.

 

Qeyd etdiyimiz kimi, Bizans memarlıq üslubunda tikilmiş bu kilsənin əzəmətinə güc qatan məqamlardan biri də, onun sal qaya daşlarından tikilməsi, habelə bir neçə iri zənginin olmasıydı. Bu məqamları əbəs yerə xatırlamadıq. Söhbət ondan gedir ki, erməni işğalı altında qaldığı 30 il ərzində vandallar kilsənin zənglərini belə oğurlayıblar. Tikilinin isə müxtəlif yerlərini dağıdıblar.

 

Denis Ata deyir ki, görünür, kilsənin divarlarındakı iri daşları sökə bilməyiblər.

 

- Yoxsa indi bu kilsədən, ümumiyyətlə, əsər-əlamət qalmazdı. İşğaldan azad edilən ərazilərimizdəki dini abidələrimizin hansı durumda olduğu bəllidir. Burada tək məscidlər yox, eləcə də xristian abidələri də darmadağın edilib. Salamat qalanlar isə ermənilər tərəfindən “özününküləşdirilib”. (Burda bir maraqlı məqama da toxunaq. Şuşadakı rus kilsəsi Kuropatkinodakından daha əvvəl, 1847-ci ildə inşa edilib. 1992-ci ildə işğaldan sonra ermənilər onun günbəzini dağıdaraq özlərininkini inşa edib və kilsəni “Xanaç jam” adlandırıblar –S.M.) Bu kilsə tək dini məbəd kimi yox, həm də memarlıq abidəsi kimi mühüm əhəmiyyətlidi.  Fikir verin, heç bir güllə, mərmi izi yoxdur. Bu da sübut edir ki, kilsə Birinci Qarabağ müharibəsində baş verən döyüş əməliyyatları zamanı yox, xeyli sonra məhv edilib. Bu da erməni vandallarının hərəkətlərinin məqsədyönlü olduğunu göstərir.

 

Kilsənin divarları müxtəlif yazılarla doludur.  Kirilcə yazılmış “Qarik”, “Karmen”, “Armen” adlarını, habelə erməni dilində yazıların çoxunu kilsənin divarlarının amansızcasına cızaraq yazıblar. Kilsənin günbəzinə qalxan dəmir pilləkənlər isə sındırılaraq aparılıb. Daha doğrusu, zəngləri kimi onları da oğurlayıblar. Ən dəhşətlisi bu da deyil. Ən dəhşətlisi odur ki, vandallar kilsənin ətrafını minalamaqdan belə çəkinməyiblər.

 

…Denis Ata və onun Aleksandr Nevski kilsəsindəki köməkçisi kiçik ibadətə başlayırlar. Əvvəlcə dualar oxunur, sonra şamlar yandırılır. Denis Ata kilsənin divarlarına müqəddəs su çiləyir.

 

- Bu kilsəni ziyarət etmək çoxdankı arzum idi. Çox təəssüf ki, Kurapatkino işğal olunanda mən uşaq idim. Bura gələ bilməzdim. Amma haqqında oxumuşdum. Əsirlikdə olduğunu bilirdim. Müzəffər Ali Baş komandan və şanlı Azərbaycan ordusu “Həzrətin təcəllası”nı da əsirlikdən azad etdi. Bu gün Tanrı evində xalqımıza, ordumuza prezidentimizə dualar etdik. Tanrı dualarımızı qəbul edəcək, inanıram. Həm də ona görə ki, müqəddəs Tanrı, müqəddəs amallara uğrunda olan bəndələrinin dualarını qəbul edir.

 

*** 

...Axşam düşür, geri qayıdırıq. Denis Ata geri çevrilib “Həzrətin təcəllası”na tərəf xaç çevirir. Sonra isə baş əyir, Tanrının evinə. Elə biz də.

Tanrı köməyimizdə olsun!

Xocavənd-Bakı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4959
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar