Ətrafı bürüyən balıq iyi, zəbt olunan səkilər - Pula, yoxsa sağlamlığa qənaət?  - REPORTAJ
08 sentyabr 2023 12:09 (UTC +04:00)

Ətrafı bürüyən balıq iyi, zəbt olunan səkilər - Pula, yoxsa sağlamlığa qənaət? - REPORTAJ

Küçə ticarəti demək olar ki, günü-gündən inkişaf edir, yeri gəldi-gəlmədi qarşımıza çıxır. Xüsusilə də Bakının elə əraziləri var ki, orada hər addımdan bir piştaxta görməmək qeyri-mümkündür. 

Bu günlərdə Lent.az-ın redaksiyasına bu məsələ ilə bağlı şikayət daxil olmuşdu. 

Oxucumuz qeyd edirdi ki, Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi çox bərbad vəziyyətdədir: “Bütün piyada səkiləri meyvə tərəvəz satışı ilə məşğul olanlar tərəfindən zəbt olunub. Hər kəs taxta materialdan bir masa düzəldib alver edir. Hətta masanın üstündə diri balıq da satırlar. Antisanitar vəziyyət yaranıb. Yolun qıraqları zibilxanaya dönüb. Piyadaların hərəkətinə çətinliklər yaradılır. Yasamal RİH müraciət etmişəm. 5 günlük yığışdırdılar, sonra yenə köhnə vəziyyət yaranır. Çox xahiş edirəm, bizə bu məsələnin həllində köməklik göstərəsiniz”.

Əməkdaşımız oxucunun xahişinə əsasən, yola çıxdı. 

Çatdıq səkilərinin zəbt olunmasından şikayət edilən Dadaş Bünyadzadə küçəsinə. Onu da nəzərə alaq ki, bura əsas yolun mərkəzinə aparan 4 küçədən biridir. Küçənin 100-150 metrlik hissəsi isə əsl bazarı xatırladır. Səkidə quraşdırılan piştaxtalarda müxtəlif ərzaq məhsulları satılır. Adama elə gəlir ki, “vasmoy” bazarına gəlib düşübsən. Həqiqətən də oxucumuzun dediyi kimi, bu “kiçik bazar” səkini demək olar ki, zəbt edib. Səkidə gəzərkən, daha doğrusu gəzməyə çalışarkən bu kiçik bazara üz tutanların daha çox olduğunu müşahidə etdik. 

Bu dar səkidə demək olar ki, hər şey var. Meyvə, tərəvəz, balıq, qoz, fındıq, badam…

Maraqlısı o idi ki, bu küçədə səki insanların istifadə etdiyi yol yox, alıcıların, satıcıların və hətta yük boşaldanların məskəninə çevrilib.  

Belə olmasına baxmayaraq, gördük ki, orada elə insanların çoxu küçədə, yol kənarında satılan məhsullara üstünlük verir. Sakinlər deyir ki, küçədə marketlərdən daha aşağı qiymətə məhsul ala bilirlər. Necə deyərlər, mağazalarla müqayisədə bu məhsullar su qiymətinədir.

Yol kənarı ticarətlə məşğul olan satıcılar isə səkidə quraşdırdıqları piştaxtaların nəqliyyatın hərəkətinə heç bir təsir göstərmədiyini əsas gətirirlər. 

Satıcı Fəqan Babayev bir müddətdir burda işlədiyini, heç bir narazılıqla qarşılaşmadığını deyib: 

“Mən burda bir neçə aydır ki, satıcıyam. Öz halal zəhmətimi qazanıram. Heç kimə də maneçiliyim yoxdu”. 

Mövsümi meyvələrlə bəzədilən piştaxtalar göz oxşadığı kimi, qiymətlər də münasibdir. Belə ki, şəhərdə 60-70 qəpik arası satılan pomidor burda piştaxtalarda 50 qəpiyə qoyulub. Xiyar isə şəhərdən təxminən 10 qəpik fərqlə - 60 qəpiyə satılır. Hər yerdə od qiymətinə satılan ləpələr isə şəhərdən çox ucuz qiymətə burda tapmaq olar. 

Səkidə gəzərkən plastik qabda suyun içərisində üzən balıqlar daha çox diqqətimizi çəkdi. Təəccüblü məqam isə ondadır ki, gigiyenik şəraitdə saxlanılmayan bu balıqlara alıcılar tərəfindən də böyük maraq var. Alıcılar isə burada satılan ərzaqlardan məmnundur. Onlar bildirirlər ki, buradakı meyvələr, tərəvəzlər həm qiymət baxımından münasibdir, həm də keyfiyyətlidir.

İnsanların maddi durumunu nəzərə alsaq, bura bir çoxları üçün əlverişlidir. Amma maddiyyatdan çox vacib olan insan sağlamlığıdır. 

Bəs, indi siz deyin. Burada satılan qidalar insan sağlamlığı üçün nə dərəcədə faydalıdır?

# 8199
avatar

Arzu Qurbanlı

Oxşar yazılar