İngiliscə “Electronic Contract” kimi tərcümə olunan “Elektron müqavilə”ni ifadə etmək üçün “Rəqəmsal müqavilə” terminindən də istifadə olunur.
30 il bundan əvvəl “Elektron müqavilə” terminindən istifadə edilsəydi, cəmiyyət üzvləri üçün qəribə səslənərdi. Tarixə nəzər salsaq, görərik ki, dünyada ilk elektron müqavilə 1994-cü ildə ABŞ-da “Pizza Hut” və onun müştəriləri arasında bağlanıb və bununla da “Pizza Hut” internet vasitəsilə pizza sifarişini qəbul edən ilk şirkət olub. Məhz bu hadisə elektron müqavilələrin kommersiya sektorunda istifadəsinin başlanğıcı sayılır. ABŞ-da 2000-ci ildə qəbul edilmiş “Electronic Signatures in Global and National Commerce Act” elektron imzaların müqavilələri qanuni şəkildə təsdiqləməsi üçün nəzərdə tutan ilk qanunlardan biri sayılır. Bu qanun ABŞ-da elektron müqavilələrin hüquqi statusunu rəsmiləşdirir. Qanunun maraqlı müddəalarından biri isə odur ki, hətta sadə bir “e-poçt” ismarişindəki “təsdiq edirəm” yazısı belə sözügedən qanuna görə “hüquqi imza” kimi qəbul edilə bilər.
Ümumiyyətlə, danılmaz faktdır ki, artıq internet həyatımızın ayrılmaz parçasına çevrilmişdir. Bu gün elektron ödəniş etmək, hər hansı məlumat almaq, hansısa kitabxanadan elektron kitab və ya məqalə oxumaq (jstor.org, link.springer.com, elsevier.com vəs.), tətil sifariş etmək (booking.com, trivago.com), hansısa bir onlayn konfransda iştirtak edib sertifikatla təltif olunmaq (alison.com, coursera.org və s. ) və ya dünyada tanınmış məşhur ticarət saytlarından (trendyol.com, temu.com, amazon.com, ebay.com və s.) alış-veriş etmək kimi bir çox gündəlik fəaliyyət sahələrini insanlar məhz internet vasitəsilə edirlər. Bax, sadaladığımız bu cür halları rəsmiləşdirmək zəruriliyi “Elektron müqavilə”lərin meydana çıxmasına səbəb olmuşdur.
Son dövrlərdə smartfonlar insanlararası ünsiyyəti xeyli asanlaşdırdığından, eləcə də bir çox sosial problemləri operativ şəkildə həll etdiyindən geniş şəkildə istifadə olunmağa başlamışdır ki, bu da son nəticədə rəqəmsal dünyaya böyük sıçrayışla keçid etməyə imkan vermiş, nəticədə “Elektron müqavilə”lərin tətbiq dairəsinin daha da genişlənməsinə imkan yaratmışdır.
Qısa şəkildə desək, “Elektron müqavilə” tərəflər arasında internet və ya digər elektron vasitələrdən istifadə etməklə bağlanan və hüquqi qüvvəyə malik olan razılaşmadır. Bu müqavilələr kağız daşıyıcıdan fərqli olaraq, rəqəmsal formatda hazırlanır, qəbul edilir və icra olunur. Lakin bu müqavilələri “Ağıllı müqavilə” (“Smart contract”) anlayışı ilə qarışdırmaq olmaz. Qeyd edək ki, ənənəvi müqavilədən fərqli olaraq, “Ağıllı müqavilə” insan tərəfindən hazırlanmır və bu səbəbdən də, bəzən bu cür müqavilələri “kodlaşdırılmış müqavilələr” də (“Əgər”, “o zaman” alqoritmaları ilə işləyir) adlandırırlar. Belə ki, bu cür müqavilələr artıq hazır kompyuter platformasında proqramlaşdırılaraq yerləşdirilir. Artıq müqavilədə tərəflər arasında olan münasibətləri tənzimələyəcək müddəalar, başqa sözlə, hüquq və öhdəliklər öz əksini avtomatik olaraq həmin proqramda tapırlar.
Elektron müqavilələrin bağlanma prosesi isə fərqlidir. Belə ki, bunun üçün ilk olaraq internetdə satıcı tərəfindən təklif irəli sürülür. Bu zaman satıcı və ya xidmət təminatçısı müqavilənin şərtlərini elektron formada təqdim edir (məsələn, veb saytında). Daha sonra “razılaşmanın qəbul edilməsi” mərhələsi başlayır. Yəni alıcı şərtləri qəbul etdiyini təsdiq edir (məsələn, qeydiyyat zamanı “Qəbul edirəm” seçimini təsdiq edir). Daha sonra “icra” prosesi başlayır. Müqavilənin şərtlərinə uyğun olaraq ödəniş, xidmət və ya malın çatdırılması kimi əməliyyatlar yerinə yetirilir. Ən sonda isə “Qeydiyyat və Arxivləşdirmə” işi həyata keçirilir. Bu elektron müqavilələrin rəqəmsal formada saxlanılmasını və tərəflər tərəfindən istənilən vaxt əldə edilə bilməsini ehtiva edir.
Göründüyü kimi elektron müqavilədən elektron ticarət zamanı istifadə olunur. Ölkəmizdə isə bununla bağlı münasibətlər “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanunun 1.0.1-ci maddəsinə görə elektron ticarət dedikdə, “informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət” başa düşülür.
Sözügedən Qanunun 1.0.2-ci maddəsində “elektron ticarətin iştirakçıları”na belə anlayış verilir: “elektron ticarətin həyata keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitə çisi kimi çıxış edən hüquqi və fiziki şəxslər”
Qanunun 1.0.3-cü maddəsinə əsasən “satıcı (təchizatçı) - malları satan (xidmətləri göstərən, işləri görən) elektron ticarət iştirakçısı”, 1.0.4-cü maddəsinə görə isə “alıcı (sifarişçi) - malları alan (xidmətləri, işləri sifariş edən) elektron ticarət iştirakçısı”dır.
Qanunun 5.1-ci maddəsinin tələbinə əsasən “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyətə xüsusi razılıq (lisenziya) nəzərdə tutulan hallar istisna olmaqla, mövcud qanunvericiliyə müvafiq qaydada hüquqi şəxs dövlət qeydiyyatından keçdiyi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etdiyi andan satıcı (təchizatçı) kimi fəaliyyətə başlaya bilər”.
Qanunun 5.4-cü maddəsində deyilir ki, “Alıcı (sifarişçi) bu Qanunla, mülki qanunvericiliklə, o cümlədən istehlak çıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliklə və elektron ticarət iştirakçıları arasında bağlanmış müqavilələrlə nəzərdə tutulmuş hüquq və vəzifələrə malikdir”.
Bəs, “Elektron müqavilə”nin öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə, məsələnin hüquqi həll yolu necə olur? Ümumiyyətlə, bu müqavilənin icrasından yaranan mübahisələr hansı qaydada həll olunur? Tərəflər razılığa gələ bilməsələr, hansı yerin məhkəməsinə müraciət etməlidir? Mübahisənin həlli zamanı hansı yerin qanunu tətbiq edilməlidir?
“Elektron ticarət haqqında” AR qanununun 13-cü maddəsi “Mübahisələrin həlli” adlanır. Maddəyə götə elektron ticarətin iştirakçıları arasında mübahisələr qanunvericiliyə zidd olmayan məhkəmədənkənar vasitələrlə, o cümlədən elektron vasitələrdən istifadə etməklə həll edilə bilər.
Həmin qanunun 9.1-ci maddəsinə görə “Alıcı (sifarişçi) malın (işin, xidmətin) ödəniş qaydasından asılı olmayaraq 7 iş günü ərzində cəriməsiz olaraq və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə bilər”.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
Düzdür, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində “Müqavilə aidiyyəti” də vardır. Belə ki, həmin məcəllənin 40-cı maddəsinə görə Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Hansı qanun tətbiq edilməsi də müqavilə ilə tənzimlənir.
Təcrübədə xarici ölkələrdə fəaliyyət göstərən məşhur saytlarla, məsələn, “trendyol”la mübahisə yaranıbsa, təbii ki, ilk olaraq danışıqlar yoluna üz tutulur. “Asistant” dediyimiz vitual və onlayn “köməkçi”lərlə danışıqlara baş vurulur. Məsələn, texniki səhvliklə məhsul yanlış göndərilibsə, malı geri qaytarılmaq yolu ilə dəyişdirmək mümkündür.
İkincisi, mübahisə həll olunmursa, artıq o zaman gələcəkdə yaranacaq mübahisənin həllinə dair müavilənin şərtləri necə nəzərdə tutulursa, məsələ də elə həll olunur.
Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, elektron müqavilələrlə bağlı maraqlı məhkəmə prosesləri olubdur. Məsələn, 2008-ci ildə bir “eBay” istifadəçisi alqı-satqı müqaviləsi bağladıqdan sonra satıcıya qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə elektron müqaviləni əsas götürərək qərar çıxarmış, bu hal, elektron müqavilələrin hüquqi qüvvəsini təsdiqləyən əhəmiyyətli presedent olmuşdur. Başqa maraqlı işlər də vardır. Belə ki, bir “Netflix” istifadəçisi 2015-ci ildə şirkəti məhkəməyə verərək iddia etmişdir ki, müqavilə şərtləri aydın şəkildə göstərilməyib. Lakin bu işdə məhkəmə istifadəçisinin “Qəbul edirəm” linkini təsdiq etdiyindən “Netflix” şirkətinin müqaviləsini hüquqi cəhətdən düzgen hesab etmişdir. Bu sahədə Çin təcrübəsi də maraqlıdır. Belə ki, 2022-ci ildə Çin məhkəmələri süni intellekt vasitəsilə yaradılan elektron müqavilələri qanuni səndə kimi tanıyır.
“Elektron müqavilə”nin ən əsas müsbət tərəfi odur ki, dünyanın istənilən yerində olan istənilən məhsulu rahatlıqla əldə etmək olur. Ən təhlükəli nüans isə kiberhücumlara məruz qalma riskidir ki, bu hal alıcılara münasibətdə “bank kartı məlumatları”, son nəticədə isə onların pullarının ələ keçirilməsi kimi xoşagəlməz halları meydana çıxara bilər.
Bu baxımdan “Elektron müqavilə”ləri bağlayarkən vətəndaşlar ən çox nələrə diqqət etməlidirlər? Tövsiyə edərdik ki, vətəndaşlar tanınmış və dünyada qəbul edilmiş nüfuzlu saytlarda təklif olunan xidmətlərdən faydalansınlar və bu zaman xüsusilə alqı-satqı edərkən müqavilə şərtlərini diqqətlə oxusunlar.
Bundan başqa, yerli hüquqi tənzimləmələrə uyğunluğunu yoxlamaq lazımdır. Yəni müqavilə Azərbaycanın və ya müqavilənin təklif edildiyi ölkənin qanunvericiliyinə uyğundurmu?!