“Rusiya Federasiyası tərəfindən Azərbaycanın kütləvi informasiya vasitələri bloklanır”.
Lent.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının İdarə Heyətinin sədri Əflatun Amaşov bildirib.
Ə. Amaşov deyib ki, səbəb aydındır: “Azərbaycan KİV-lərinin Ukrayna ilə bağlı yayımları, Rusiya-Ukrayna müharibəsində tutduğu obyektiv mövqe Rusiyanı razı salmır.
"Haqqin.az" və "Minval.az" saytından sonra "Oxu.az" saytı da ayrıseçkiliyə məruz qalıb. Rusiya tərəfindən söz və ifadə azadlığına, plüralizmə aşkar sayğısızlıq törədilir. Bu, beynəlxalq miqyasda qəbul edilmiş prinsip və normalara, bəşəri dəyərlərə də əhəmiyyətsiz yanaşmadır. Bu, eyni zamanda Rusiya cəmiyyətinin obyektiv məlumat almaq, alternativ fikirlə tanış olaraq düzgün nəticəyə gəlmək hüququnun məhdudlaşdırılmasıdır”.
Mətbuat Şurası İdarə Heyətinin sədri qeyd edib ki, Rusiyanın Azərbaycan KİV-lərinə belə yanaşması iki ölkə arasındakı münasibətlərə, Rusiya və Azərbaycan xalqlarının tarixən formalaşmış əməkdaşlıq ənənələrinə, informasiya mübadiləsi prosesinə hörmətsizlikdir: “Rusiyanın bloklama siyasəti dövlətin öz informasiya məkanını yad elementlərdən təmizləmək istəməsi kimi dəyərləndirilə bilməz. Çünki Azərbaycan KİV-ləri heç bir halda söz və ifadə azadlığından sui-istifadə etmir. Onlar müharibəyə işğal faktı prizmasından yanaşırlar. Bu, müstəqillik dövrü Azərbaycan mediasının ruhundan irəli gəlir. Çünki Azərbaycan 30 ilə yaxın müddətdə işğaldan əziyyət çəkib. Azərbaycan Mətbuat Şurası Rusiyanın media ictimaiyyətinə, mütərəqqi dairələrinə müraciət edərək Azərbaycan KİV-lərinin bloklanması, yayımlarının məhdudlaşdırılması faktına obyektiv qiymət verməyə çağırır. Bloklama reallıqları qəbul etməmək kimi zəif hərəkətdir. İnanmaq istərdik ki, Rusiya cəmiyyəti bu vəziyyətlə barışacaq qədər zəif olmayacaq, Azərbaycan və Rusiya arasındakı münasibətlərin müsbət ahəng və dinamikasına, mehriban qonşuluq prinsiplərinə zidd təmayüllərə meydan verməyəcək”.