Siyarə Adilzadə və şagirdləri
18 iyun 2021 17:30 (UTC +04:00)

Siyarə Adilzadə və şagirdləri

Dağlar arxasında 9 dost: “Bu rayondanam, amma bu kəndin adını belə eşitməmişdim” - REPORTAJ

Gənc müəllimə bir gün təyinatını ucqar bir dağ kəndinə alır. Hə, işləmək üçün yolu belə olmayan kəndə üz tutur. Yağışlı payız günündə, qarlı-çovğunlu qış səhərində kəndin palçıqlı yolları ilə köhnə məktəbə yollanır, hər gün. Məktəblilərin balaca əllərindən tutub onlara yazmaq öyrədir. Tanımadığı insanlarla qalmaq ona çətin olardı əgər şagirdlərinin saf məhəbbəti olmasaydı.

Yox, yox “Çalıquşu” filmindən danışmıram. Nə kənd Zeynilərdir, nə də söz açdığım müəllimə Fəridə.

Bura Azərbaycandı. Bura Ağsu rayonunun Suraxanı kəndidi. Ucqar, dağlar arxasında, meşəliklərin içində bir kənd. Gənc Siyarənin müəllimə kimi çalışdığı kənd.

Siyarə Adilzadə və çagirdləri

24 yaşı var Siyarə Adilzadənin. 2018-ci ilin oktyabrından etibarən bu məktəbə təyinatını alaraq işləməyə başlayıb. Bura onun ikinci iş yeri olub. Daha əvvəl isə...

- Ağsunun Ləngəbis kəndində işləyirdim. Orada müəllimə analıq məzuniyyətinə çıxmışdı. 3 ilə yaxın onu əvəz etdim. O məktəb buradan xeyli fərqlənirdi. Ucqar dağ kəndi deyildi. Aran yeri idi. Havası da burdakı kimi soyuq olmurdu. Buranın yolları da çətindi. Şəhərə gedib-gəlmək asan olmur. Burada qışın elə bir günü olmur ki, qar yağmasın.

Kənd haqda heç bir məlumatı olmayıb Siyarənin.

- Düzdü, özüm elə Ağsu sakiniyəm. Amma bura gələnə kimi belə bir kəndin mövcudluğundan xəbərsiz idim. Mən bura gələndə ümumiyyətlə yolu da yox idi. Bura ancaq “Niva” qalxırdı. 3 günlük tətil olurdu, evimizə gedə bilmirdim. Sonra elə mənim bura gəldiyim ildə  Prezident sərəncam imzaladı ki, Ağsunun Suraxanı və digər kəndlərinə yol çəkiləcək. Bəlkə də məndən çox sevinən yox idi bunu eşidəndə. Artıq üç ildən çoxdur ki, burada çalışıram. Çətinliklər çoxdur, amma hər şeyə rəğmən burada olmaq, çalışmaq, uşaqların o saf sevgisini hiss etmək çox gözəldir.

Siyarə Adilzadə və Lamiyə Məmmədova

Elə Siyarə müəllim özü də deyir ki, həyatı lap film kimi olub.

- Bura ilk gələndə eynən filmlərdəki kimi olmuşdu. Tamamilə mənə yad olan mühit, tanımadığım insanlar. Amma sonra zamanla vərdiş oldum. Bura müəllim kimi gəlmişdim. Daha sonra məktəb direktoru yaşla əlaqədar işdən ayrıldı və mən həm də məktəb direktorunun səlahiyyətlərini icra etdim. 

Hə, indi də çalışdığı məktəbdən danışaq bir qədər. Məktəb 1970-ci ildə tikilib. Tədrisin 4-cü sinfə qədər olduğu iki otaqlı ibtidai məktəb köhnə olsa da, təmiz və səliqəlidir. Cəmi 8 şagird təhsil alır bu məktəbdə. Şagirdlər 5-ci sinifdən Kalva kənd məktəbinə gedirlər. İki müəllim tədris edir dərsləri. İki sinif kompleksi var. Biri bir və üçüncü, digəri isə iki və dördüncü siniflərin birləşməsindən yaradılıb.

Ağsu rayon Suraxanı kənd məktəbi

- Şagirdlərinin az olmasına baxmayaraq, məktəb kimi hələ də fəaliyyət göstərir. Təmirə ehtiyacı var. Burada qaz olmadığından sinif otaqları qış aylarında odunla qızdırılır.

Siyarə müəllimə deyir ki, işlədiyi bu illər ərzində başına çox maraqlı hadisələr də, çətinliklər də gəlib.

- İşdə həmişə çətinliklər olur. Hansı sahədə çalışdığından asılı olmayaraq. Kim deyirsə ki, mən çətinlik çəkməmişəm, bu yalan olar. Çünki istər-istəməz çətinliklərlə qarşılaşır insan. Hərdən özümü yaxşı hiss etmədiyim vaxtlar olur. Ailədən uzaqda yaşamaq o qədər də asan bir şey deyil axı. Bir dəfə belə günlərdən biri idi. Uşaqlar bunu hiss edib  başıma toplaşmışdı. Mənim əhvalımı açmaq üçün. Bu mənə o qədər yaxşı təsir etmişdi ki… Yadıma düşəndə gözlərim dolur…

Siyarə Adilzadə və şagirdləri

*

Siyarə deyir ki, uşaqlara sadəcə təhsil yox, həm də tərbiyə verməyə çalışır.

- Onlara paylaşmağı öyrədirəm. Çünki hər şeydən önəmlisi budur. Uşaqlar evdən dərs arası yemək üçün nə gətirsələr, bir-birləri ilə paylaşırlar. Bunu da mən öyrətmişəm onlara. Nə gətirsələr, stolumun üstünə qoyurdular. Mən də bir-bir onları bölürdüm. Məsələn, onlara demişəm ki, dəftər, qələm lazım olanda, bir-birinizdən alın, daha sonra səhər gətirib əvəzini qaytarın. Əlbəttə, mən də digər müəllimlər kimi şagirdimi hansısa səhvinə görə danlamışam. Onlara deyirəm ki, bədii kitablar oxuyun. Yarış keçirirəm; kim ən çox kitab oxuyacaq, sürətli yazacaq. Mükafatlandırmanı da elə onlara kitab almaqla, tərifnamə verməklə edirəm.

Siyarə Adilzadə

Hə, çətinliklərdən söz düşmüşkən onu da deyək ki, Siyarə müəllim hələ ki, subaydır. Buna görə də çətinlikləri asanlıqla aşa bilir.

- Əslində subay olduğum üçün bir o qədər çətin gəlmir mənə. Daha doğrusu, çətinliklərin öhdəsindən gələ bilirəm. Çünki ailəli insan üçün gəlib uzaqda qalmaq daha çətin olur. Yəqin ki, ailə quranda iş yerimi dəyişməli olacam.

Siyarə burada bir ailə ilə birlikdə qalır. Çox böyük ailədir deyir. Nənə, baba, gəlinlər, nəvələr...

- Heç bir təhsilləri yoxdur, amma çox tərbiyəli və insanlara qarşı hörmətlidilər. Çox örnək bir ailədir. Məni öz qızları kimi qəbul etdilər. Onlar kimi bir ailə ilə qarşılaşdığım üçün özümü şanslı hiss edirəm.

 

Ağsu, Suraxanı kəndi

 

Ağsu rayon Suraxanı kənd məktəbi

Siyarə Adilzadə və şagirdləri

Ağsu rayon Suraxanı kənd məktəbi

Ağsu rayon Suraxanı kənd məktəbi

Ağsu rayon Suraxanı kənd məktəbi

Ağsu rayon Suraxanı kənd məktəbi

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14421
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar