“CV”dəki yalanlar  – Kimi aldadırsınız?
01 may 2025 12:48 (UTC +04:00)

“CV”dəki yalanlar – Kimi aldadırsınız?

İşin e-mail poçtunu açırsan bərbəzəkli, yüksək göstərişli "CV"lər gəlir. Məncə çoxunuz CV nədir bilirsiniz. Amma yenə xatırladım, “Curriculum vitae” latın sözüdür. Qısaldıb CV deyirik. Bura bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan iş yeri üzrə digər lazımı məlumatlar yazılır. Yəni əslində çox ciddi bir sənəddir. Sənədə də yalnız doğrular yazılmalıdır.

Lent.az-da başıma gələn bir neçə hadisəni danışacam sizə. Görün bizdə bu sənədə hansı hörməti qoyurlar. Bir dəfə işaxtarandan CV gəlib yenə, sənəddə hər şey möhtəşəmdir, mənim diqqətimi isə onun rus dilini də ana dili kimi bilməyi çəkdi. İndiki gənclər daha çox ingilis dilinə üstünlük verirlər deyə, rus dilini yaxşı bilib, azərbaycanca səlis yazan jurnalist demək olar ki, çox azdır. Azərbaycanda hələ də rusdilli əhali kifayət qədər olduğu üçün, onların problemlərini də anlaya bilən jurnalist tapmaq həqiqətən hər saat “ələdüşən” deyil. Hər nə isə, tez sevincək bunu iş görüşməsinə dəvət etdik. Gələndə nə eşitsək yaxşıdır?.. Deyir ki, mən kiril əlifbasını bilirəm. Dedim bəlkə nə soruşduğumu anlamadı, başladım bununla rusca salamlaşmağa, hal-əhval tutmağa. Gözünü döyüb üzümə mat-mat baxırdı. Düzü əməllicə əsəbiləşdim. Səbrimi basıb onunla sakitcə vidalaşdıq. Amma bu hirs içimdə partladı. Ay bala, axı niyə yalan yazıb özünün də, mənim də vaxtımı itirirsən, əlavə stressə səbəb olursan? Bunu sadəcə səsli deyib, gənci həyatdan küsdürmək istəmədim.

Hələ bu harasıdır? Biri də CV göndərib, ay operativlik belə, bacarıq göydə uçur və sairə. Yenə sevindim. Zəng etmişəm övladım yerində olan işaxtaranımıza. Deyirəm sizi iş görüşməsinə dəvət edirik. Cavab verir ki, mən indi gələ bilməyəcəm. Xub. Fikirləşirəm ki, insanın önəmli işi ola bilər. Yenə deyirəm ki, bəs nə vaxt gələ bilərsiniz? Deyir mən manikür üçün lak rəngi seçməyə qərar verməliyəm, sevdiyim maqazində paltarlar endirimə düşüb hələ ora baxacam, bir iki gün keçsin və siz mənə şəxsi nömrənizi verin axşamların birində yığaram. Dedim, ay gözəlim, mən gündüz növbəsində çalışıram, axşam növbəsinin redaktoru isə işaxtaranlarla müsahibə etmir. Bundan başqa, sənin moda sektoruna bu cür marağın varsa, onları jurnalistikadan önə keçirə bilirsənsə, işi düzgün yerdə axtarmırsan. Məncə o gənc moda sahəsində daha uğurlu olar. Elə deyilmi?

Hələ biri var, bir CV yazıb ki, deyirsən bu gedib Günəşdən belə reportaj yazıb gətirə bilər. Onun yazdıqlarına görə, yanğın, filan baş verməmiş o, hadisə yerində olur. Düzü bu dəfə əlim-ayağım bir-birinə qarışdı ki, bunu itirməyək. Haradadırsa tez gəlsin ey. Yenə saf kimi zəng etmişəm. Deyir mənə “konum” at gəlim. Dillənirəm ki, ay qadası, saytın əlaqə bölməsində ünvan yazılıb da. Ən azı axtarış motorlarına APA GROUP yazırsan sənə məkanı göstərir. Dirəşib ki, yox ey “konum” at, başqa cür gələ bilmirəm. Soruşdum ki, bəs sabah səni ünvan ilə hadisə yerinə göndərsək, necə gedəcəksən? Dillənmir. Bir də bu nə səmimiyyət, özgüvəndir ki, tanımadığın birindən şəxsi nömrəsi ilə sənə məkan yeri göndərməkdə bu qədər israr edirsən? Hər nə isə yenə hirsim içimdə partladı, onunla sadəcə səssiz formada sağollaşdıq.

İşaxtaranlardan xahiş edirəm, nəyiniz varsa onu yazın CV-yə. Məni sevincək edib, sonra da bunu qursağımda buraxmayın. Görünür belə çox davam etsə, ölkədə CV-yə yalan məlumatlar yazanlara qarşı cəza tətbiq olunması ilə bağlı qanun layihəsi hazırlanmalıdır.

Deməli belə, sadəcə məsuliyyətli olmaq sizi ətrafa daha gözəl göstərəcək. Gedim baxım görüm, e-mailə indi kim nə yazıb?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2008

Oxşar yazılar

Leysan, dolu və qar   yağacaq -  XƏBƏRDARLIQ

Leysan, dolu və qar yağacaq - XƏBƏRDARLIQ

1 may 2025 , 16:58
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

1 may 2025 , 16:54
Azərbaycanda xalça yuyanla  ağardılan qəndlər – Haradan gətirilir? – ARAŞDIRMA 

Azərbaycanda xalça yuyanla ağardılan qəndlər – Haradan gətirilir? – ARAŞDIRMA 

1 may 2025 , 16:04
Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

1 may 2025 , 13:10
 Leysan yağacaq   - Sabahın HAVASI

Leysan yağacaq - Sabahın HAVASI

1 may 2025 , 12:44
Şuşa və Xocalıda kütləvi məzarlıqlar  TAPILDI

Şuşa və Xocalıda kütləvi məzarlıqlar TAPILDI

1 may 2025 , 12:21
1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1 may 2025 , 12:03
Kamran Əliyev

Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB

1 may 2025 , 11:15