Bu sürücülər iki saatdan sonra dayanmalıdır: "Gözləri puldan yolu görmür"
08 iyun 2021 09:14 (UTC +04:00)

Bu sürücülər iki saatdan sonra dayanmalıdır: "Gözləri puldan yolu görmür"

“Azərbaycan qanunvericiliyinə görə, sürücülər üçün 4 saatdan bir istirahət nəzərdə tutulub. Yəni sürücü maksimum 4 saat nəqliyyat vasitəsini idarə edə bilər. Amma yük maşınları və sərnişin avtobusları sürücülərinin iki saatdan artıq sükan arxasında olmaması tövsiyə olunur”.

Bunu Lent.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Əvvəlcə onu qeyd edək ki, hər bir daşıyıcının qarşısında duran vəzifə təkcə sərnişin daşımaqdan ibarət deyil. Bunlarla yanaşı, sürücülərin gümrah və sağlam formada sükan arxasına əyləşməsi də vacibdir. Amma bu şərtləri kağız üzərində qəbul edən daşıyıcı kifayət qədərdir. Bəs, bu məsələdə cavabdeh kimdir?  Uzaq yola çıxan avtobus sürücüləri maska taxmalıdırlar? Bu maskalar iki saatdan bir dəyişirmi? Ümumiyyətlə, uzaq yolda neçə saatdan bir istirahət olmalıdır?

Ekspert deyir ki, avtobusların fəaliyyəti ilə bağlı bir çox qaydalar, standartlar, nəqliyyat, yükdaşıma və sərnişindaşımalar haqqında qanunvericiliklə tənzimlənib.

Nəqliyyat eksperti Elməddin Muradlı

“Bu qanunların icrası dövlət qurumlarının nəzarətindədir. Sərnişindaşıma fəaliyyətinə nəzarət isə Dövlət Avtomobil Nəqliyyat xidmətinə məxsusdur. Eyni zamanda, yol polisi də burada müəyyən bir rol oynaya bilir. Hər hansı təhlükə hiss etdikdə, qayda pozuntusu aşkarladıqda, bu barədə mütləq ölçü götürülməlidir. Amma bizim qaydalara görə, hazırda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər, eləcə də avtobusdakı sərnişinlər tibbi maskadan istifadə etməlidir. Maskanın iki saatdan bir dəyişilməsi ilə bağlı nə vətəndaşlara, nə də sürücülərə aid hələ ki bir standart qayda yoxdur. Sadəcə, tövsiyə olunur ki, tibbi maskaları tez-tez dəyişmək lazımdır. Çünki insanlarla ünsiyyətdə olurlar və təkcə özlərinin yox, həm də başqalarının həyatına cavabdehdirlər. Bunu kimin, necə təmin etdiyi məlum deyil. Bu məsələyə nəzarət olub-olmadığı da müəmmalıdır”.

Sürücülərin istirahət məsələsinə gəldikdə, deyə bilərəm ki, Azərbaycan qanunvericiliyinə görə, sürücülər üçün 4 saatdan bir istirahət nəzərdə tutulub. Yük maşınları və sərnişin avtobusları üçün tövsiyə olunur ki, iki saatdan artıq idarə etməsinlər. Bu sürücülərin özləri üçün vacibdir. Eyni zamanda onların cavabdeh olduğu neçə insan həyatına da öz təsirini göstərir. Yorğun sürücü təbii ki, qəza törədə, qaydaları poza, insanların həyatını riskə ata bilər. Ona görə də uzaq məsafələrə çıxan sərnişin avtobuslarının iki sürücüsü olur. Biri yorulduqda digəri onu əvəz edir. Ölkə ərazisində elə bir yer yoxdur ki, ora günlərlə yol getmək lazım olsun. Ən uzaq rayona avtobusla səyahət 6-7 saat çəkir. Sürücü iki dəfə istirahət etsə, bu normal hesab olunur. Əvəzedici sürücü də bu işdə ona dəstək olur”.

Amma fərdi qaydada sərnişindaşıma ilə məşğul olanlar da var. Ekspert bildirir ki, əsil problem də bununla bağlıdır:

“Onlar idarə etdikləri nəqliyyat vasitəsinə tək əyləşirlər. Köməkçi sürücüləri olmur. Sadəcə, hansısa bir sahibkarın tələbi ilə pul qazanamaq üçün yola çıxırlar. Belə olduğu halda onlar bəzən qaydaları da pozurlar. Avtovağzaldan çıxıb digər avtovağzalda dayanmırlar. Çox təəssüf ki, onlara nəzarət tam həyata keçirilmir. Bu işdə həm Dövlət Yol Polisi, həm də Dövlət Avtomobil Nəqliyyat Xidməti ciddi iradə nümayiş etdirməlidir. Nəzarət gücləndirilməlidir. Son zamanlar kiçik tutumlu mikroavtobusların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrində nə qədər insan həlak olub. Elə əsas səbəb də odur ki, sürücülər istirahət etmirlər. Hətta bəziləri gün ərzində iki dəfə bu işi icra edir. Dayanmadan rayona gedib-gəlirlər ki, daha artıq qazansınlar. Onların gözü, sadəcə pula yönəlib, yolu görmürlər. Nəticədə də belə qəzalar baş verir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5367
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar