- Barı elçilərin fərli adamlardı?
- Kəndin qaymaqları. Biri “Brodyaqa”.
- Eee, onun adını çəkmə.
- İkincisi Əhməd dayı.
- Onu görəndə atamın gözü ağrıyır.
- Üçüncüsü də Amanoğlu.
- Ehh, onda toyun mübarək...
Hə, yəqin bu dialoqun hansı filmdən olduğunu xatırladınız. “Bəyin oğurlanması”. 1985-ci ildə ekranlara “Bəyin oğurlanması” adlı kinokomediya çıxdı. Bu film o qədər çox sevildi ki, bu gün təkrar-təkrar izlənsə də yormur, bezdirmir. Əksinə, hər dəfə sanki daha çox şey öyrədir. Filmlə bağlı bir çox maraqlı məqamlar var. Onlardan biri də çəkildiyi yerdir. Filmin əsas səhnələri Azərbaycanın əsrarəngiz təbiətə və qədim tarixə malik bölgələrindən biri olan Şamaxı rayonunun Məlhəm kəndində çəkilib. Çəkilişlərin bir qismi də paytaxt Bakıda, kinostudiyanın pavilyonunda aparılıb.
Məlhəmdəyik.
Şamaxı rayonunun Məlhəm kəndi
Kəndin küçələrində yeridikcə özünü lap elə filmdəki kimi hiss edirsən. Elə bilirsən ki, bu dəqiqə önünə Miriş çıxıb qışqıracaq: “Şəhərdən kino çıxardanlar gəlib”.
Şamaxı rayonunun Məlhəm kəndi
Filmin çəkildiyi evin həyətindəyik. Bu ev filmin əvvəlindən sonuna qədər səsli-küylü, qonaqlı-qaralı, toylu-büsatlı olur. Amma indi sakitlikdir. Necə deyərlər, sakitliyi adamın qulaqlarını batırır. Xeyli dayanırıq həyətdə. Elə eynən elçilərin durduğu yerdə. Onlar kimi boynuburuq. Elçilər İsrafilin eyvana çıxmağını gözləyirdi, biz də ev yiyəsi İlqar Novruzovun.
"Bəyin oğurlanması" filminin çəkildiyi ev
Çox gözləsək də, çıxan olmur. Deyəsən evdə yoxdu. Qapını açıb küçəyə çıxanda Faiq kişi ilə qarşılaşırıq. Üzbəüz qonşudur Faiq Əlibəyov. Və Faiq baba elə şeylər danışır ki:
“Bu filmin çəkildiyi günləri çox yaxşı xatırlayıram. Üzbəüz qonşuda, İlqargilin həyətində gedirdi çəkilişlər. 1985-ci ilin avqustu idi. 35 yaşım var idi mənim. Gəldilər əvvəlcədən bu qonşuluqdakı evi və bir də mənim evimin yanındakını seçdilər. Biri qız, digəri isə oğlan evi üçün. Oğlan evi kimi istifadə olunan həmin mənzil sonradan təmir olundu. Amma bu məşhur ev demək olar olduğu kimi qalıb. Bu evləri də elə köhnəliyinə görə seçmişdilər. Müəyyən şeyləri dəyişdilər də bu evdə. Hardasa bir aya qədər kənddə çəkilişlər getdi. Üzüm vaxtı idi. Camaat maraqla izləyirdi bütün prosesləri. Zarafat deyil, kəndə kino çəkənlər gəlmişdi”.
Məlhəm kənd sakini Faiq Əlibəyov
O vaxt çəkilişlərin getdiyi evlərin hər birinə kirayə haqqı olaraq 300 rubl pul da veriblər. Bir də kənd sakinlərindən kim çəkilişdə iştirak etmək istəsə, gəlib adını siyahıya yazdırırmış. Onların da hərəsinə gündəlik, 5-10 rubla qədər pul verirmişlər. Filmdə köməkçi rolların demək olar ki, hamısında kənd sakinləri çəkilib.
“Həyat yoldaşım da bir-iki kadrda görünüb. Arif Quliyevin əlindən ələyi alan elə mənim xanımımdır.
Həmin filmdə rəqs səhnələri var. İki balaca qız oynayır. Hə, bax o qızlar da bizim kəndin uşaqları idi. İndi ailə qurub Moskvada yaşayırlar. O vaxt gəlin roluna çəkilən qız heç filmə çəkilməyə razılıq verməmişdi. Sonra gətirdilər, birtəhər razı saldılar. Tələbə idi deyəsən həmin vaxt”.
Hə, söhbət İsrafilin qızı Yasəmən obrazını yaradan Natəvan Məmmədovadan gedir. Natəvan kinoda debütünü 17 yaşında edib. O, ilk dəfə “Park” filmində rol alıb. Maraqlıdı ki, sonradan kinodan uzaqlaşır Natəvan. 90-cı illərin əvvəllərində kunq-fu ilə məşğul olub. İndi İsraildə yaşayır.
Hə, filmdən danışırdıq axı. Demək, bir maraqlı fakt; evin içində cərəyan edən səhnələr başqa yerdə çəkilib...
“Evin içində heç bir çəkiliş olmayıb. O səhnələri başqa yerdə çəkiblər. Ümumiyyətlə, filmdəki evlərin içinə aid səhnələrin heç biri Şamaxıda çəkilməyib. Çəkilişlər ancaq həyətlərdə aparılıb. Evlərin həyəti və çöl hissələri çəkilib”.
Həsən Turabov, Səməndər Rzayev, Arif Quliyev, Yaşar Nuri, Siyavuş Aslan, Mirzə Babayev, Nəsibə Zeynalova, Hacı İsmayılov kimi dəyərli sənətkarları canlı olaraq görmək təbii olaraq yerli camaatın marağında idi. Amma bu aktyorlara olan sevgi filmin çəkilişlərindən sonra daha da artır. Çünki...
“Hamı burada kənd camaatına qarışmışdı. Bax, evimin önündəki bu daş hasar yox idi. Adi çəpər idi. Dayanıb tamaşa edirdik. Çəkilişlər arasında istirahət üçün vaxt olurdu. Sərindi axı buralar. Havası onlara ləzzət etmişdi. Bizim xanımlar təndirə çörək yapırdılar. Aktyorlar da bəh-bəhlə kənd şoru ilə yeyirdilər. İnanın, bu kənddə heç kim onlardan narazı qalmadı. Özlərini çox səliqəli, təmiz aparırdılar. Gecəni isə Şamaxıdakı oteldə qalırdılar”.
Faiq baba deyir ki, o vaxt Arif Quliyevin başına maraqlı bir hadisə də gəlmişdi bu kənddə.
“Deməli, çəkiliş vaxtı bir-iki günlük icazə alıb Bakıya gedir. Qayıdanda milis Şamaxıda onu tutur. Qatıb camaata mindirirlər avtobusa aparırlar üzüm yığmağa. Üzüm vaxtıydı axı. Sonradan biliblər ki, dəyərli aktyorumuzdu”.
Yeri gəlmişkən, onu da deyək ki, sən demə, film başlayandan “salam, sağ ol!” deyib ora-bura qaçan Miriş obrazı təsadüfən yaranıb. Arif Quliyev Məlhəm kəndinə başqa niyyətlə gəlibmiş. Amma Vaqif Mustafazadə onu filmə çəkib.
Sən demə, onun Məlhəm kənd klubunda çıxışı vardı. Başqa heyətlə gəliblərmiş kəndə. Həmin gün bilib ki, Vaqif müəllim Məlhəmdə film çəkir. O və filmin digər rejissoru Ceyhun Mirzəyev fikirləşiblər ki, Arif Quliyevi buraxmasınlar Bakıya. Onun üçün bir obraz fikirləşiblər, beləcə Miriş obrazı yaranıb.
Faiq babadan soruşuruq, maraqlıdır, “Bəyin oğurlanması” üçün niyə məhz Məlhəm kəndi seçilib?
“Bu kəndi seçmə səbəbləri də o idi ki, Məlhəmdə toy adətləri elə o filmdəki kimi olub həmişə. Adət-ənənə yaşadığına görə, onu filmdə canlandırdılar. Gəlin köçən səhnədə də, toya hazırlıq səhnəsində də əksəriyyət kənd camaatıdır. Əslində, toya hazırlıq yerində olanlar bizimkilərin adi günlərdə gördükləri işlərdi. Elə təbii alınsın deyə, hər şeyi olduğu kimi lentə aldılar. Kimi pomidor doğrayırdı, kimi xəmir yayırdı və s. Əsl kənd həyatı canlandırılırdı”.
“Bəyin oğurlanması” musiqili komediya janrındadır. Filmə ilk baxış 1986-cı il martın 17-də olub. “Azərbaycanfilm” kinostudiyası tərəfindən ekranlaşdırılan sözügedən ekran əsəri tammetrajlı bədii filmdir. Xronometrajı 74 dəqiqədir.
“Rəhmətliklər. İndi elə dəyərli sənətçilər yoxdu. Hamı rəhmətə getdi. Ramiz Əzizbəyli burada - əliylə qonşu həyəti göstərir- “Aman Tello”nu oxuyurdu. Heyf o cür sənətçilərdən. Böyük aktyorlar idi. Filmdə hər şey o qədər təbiidir ki, bütün Azərbaycan xalqı bu gün də sevə-sevə izləyir. Məlhəmə gələn hər kəs mütləq İlqar kişinin həyətində olur. Şəkil çəkdirir”.
Faiq dayı deyir ki, bu kənddə başqa filmlər də çəkilib.
“Burada başqa filmlər də çəkilib. “Qaraca qız” filmi Məlhəmlə Əngəxaran kəndi arasındakı dərədə çəkilib. Orada bir yol var. Qaraçı köçü, faytonlar həmin yolla gəlir. Ayı da həmin oradakı kolluqlarda qaçır. Sonra qəbiristanlıq var ha, o səhnə, elə Əngəxaranda balaca qayalıqdı. Böyük dağ kimi görünən də elə həmin qayalıqdır. “Dədə Qorqud” filminin də bəzi səhnələri burada çəkilib”.
"Qaraca qız" filmindən foto
Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir. Bu kənd Azərbaycanda elm ocağı kimi tanınır. Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof Əfzələddin Xaqanini də bu kənddə doğulub, böyüyüb. O ki qaldı kəndin adına, “Məlhəm” sözünün etimologiyası barədə müxtəlif mülahizələr mövcuddur. Mənbələrdən məlum olduğuna görə, Xaqaninin əmisi Kafiəddin Ömər ibn Osman hələ 12-ci əsrdə Məlhəm ərazisində stasionar müalicəxanası olan “Tibb mədrəsəsi” (“Mədrəseyi tibb”) açmışdı. Deyilənə görə, yaşayış məntəqəsinin adı da bununla bağlıdır. Bundan başqa bu kənddə bir çox təbiblər yaşamış, min bir dərdin dərmanını da elə öz əlləri ilə bitkilərdən hazırlamışlar.
Şamaxı təkcə orada çəkilən filmlərlə deyil, eyni zamanda qədim tarixi ilə də hər zaman diqqət çəkib. Burada hər daşın altında tarixin izi var. Azərbaycan tarixində iz buraxmış Buğurt, Gülüstan qalaları, Şahxəndan türbəsi, 7 Günbəz kompleksi, Pir Mərdəkan xanəgahı...
Bir sözlə, sirri-xudadır Şamaxı. Onların bir neçəsinin mövzusudu gələn yazımız.
Odur ki, Lent.az-da qalın...
"Bəyin oğurlanması" filminin çəkildiyi ev
Bakı-Şamaxı-Məlhəm