Aşpaz Həsrət İbrahimov
30 aprel 2021 17:00 (UTC +04:00)

Aşpaz Həsrət İbrahimov

Baş naziri üç dəfə su dalınca göndərən aşpaz: “Prokuror mənə yemək bişirdi”

Adətən, axşam yeməyi üçün üz tutduğumuz bir məkan var. Balaca və cəlbedici olmayan görünüşü ilə adamda “burda nə yemək olar e” fikrini yaradır. Amma elə ki, içəri girirsən gülərüz və mehriban qarşılama ilə necə deyərlər, özünü lap evindəki kimi hiss edirsən. Hə, evindəki kimi demişkən onu da deyim ki, buranın yeməkləri də elə lap evimizdə hazırlanan kimidir. Dadlıdı, hətta çox dadlıdı. Və elə buna görədi ki, bu xudmani kafenin müştərisi əksik olmur. Gələnlər isə onun əlinin duzuna gəlir. Onun, aşpaz Həsrətin. Bəlkə də bu ad sizə heç nə deməyəcək, hörmətli oxucu. Amma bu yazını oxuyanda özünüzdə şahidi olacaqsınız ki... Yaxşısı budur ki, uzatmayaq.

*

Qarşımda ortaboylu, cılız, həlim baxışlı biri oturur. Onunla küçədə rastlaşsam, elə bilərdim ki, hansısa universitetin professorudur.  Amma yox, bu ömrünün 40 ilini dadlı yeməklər hazırlamağa həsr edən həmən o aşpaz Həsrətdir. Səliqəli və təmiz geyimi ilə adamı valeh edir. Səhər səkkizdən axşama qədər mətbəxdə növbə-növ yeməklər hazırlayasan, amma geyimin bu qədər təmiz qala. Təəccüblüdü, eləmi?

 

1958-ci il aprelin 4-də Gürcüstanın Marneuli şəhərində anadan olub, Həsrət İbrahimov. 4 uşaqlı evin ilki...

- Evimiz Həzi Aslanov küçəsində idi. Anam evdar qadın, atam isə milisdə (indiki polisdə) işləyirdi. Hamı kimi sentyabrda məktəbə gedə bilmədim. 6 yaşım olduğuna görə, məni məktəbə götürmürdülər. Hər səhər çıxırdım küçəyə məktəbə gedən uşaqların arxasınca ağlayırdım. Sonra nənəm məni apardı məktəbə. Sinfin pəncərəsindən içəri baxırdım, dərs qurtaranda da çıxıb gəlirdik. Sentyabr keçdi, oktyabr da tamam oldu, noyabr gəlib çatdı. Mən hələ də nənəmlə məktəbə gedib dərsə pəncərədən baxırdım. Bir dəfə də belə baxanda, sən demə məktəbin direktoru sinif otağında yoxlama keçirirmiş. Pəncərədən kiminsə baxdığını görür və soruşur ki, niyə o uşaq çöldədir? Deyirlər ki, bu uşağın yaşı çatmır deyə gəlib pəncərədən baxıb gedir. Direktor da razılıq verir ki, gedib ən axırıncı partada oturum. Məni çağırdılar sinfə. Oturdum. Hamı formada, mən isə ev paltarında. Mənə bir dəftər, qələm də verdilər. Sonra müəllim yazıma baxdı və gedib direktora deyib ki, bu uşaq o birlərdən də yaxşı yazır. Bəlkə adını jurnala yazaq?! Elə o gündən mən də başladım məktəbə getməyə. O vaxtlar rayonumuzda işıq yox idi. Məsciddən gedib şam gətirirdik, sonra onu üç yerə bölüb gecə dərs oxuyanda yandırırdıq. 16 yaşımda da məktəbi bitirdim. Məktəbdə yaxşı oxuyurdum. Amma bir məktəbdə iki uşağa qızıl medal verilmirdi deyə qızıl medala qardaşım layiq görüldü.

Aşpaz Həsrət İbrahimov

Universitetə qəbul olmağı da xeyli çətinliklə baş tutur. Çünki...

- Gəlib sənədlərimi verdim indiki Azərbaycan Texniki Universitetə. Amma qəbul ola bilmədim. Təəccüb içində idim. Necə ola bilər axı. Çünki öz biliyimə güvənirdim. Götürüb ərizə yazdım rektorun adına. Sonra komissiya təşkil etdilər. 9 nəfər iştirak edirdi. Mən də dedim ki, istənilən sualı verə bilərsiniz. Bilet də çəkmirəm. Onlar da başladılar hər yerdən suallar verməyə. Bütün suallara cavab verdim. Hamı təəccüb içində idi. Amma sənədimdə yazmışdılar ki, “şparqalkadan istifadə etdiyinə görə, 4 qiyməti alır”. Buna görə də yenə kəsildim. Amma dedim yox, mən mütləq burda oxumalıyam. Yenidən ərizə yazdım və xahiş etdim ki, məni hazırlıq kursuna götürsünlər. Yenidən müsabiqə təşkil olundu və qəbul oldum. 8 ay oxuyandan sonra əsgərliyə getdim. 2 il Estoniyanın paytaxtı Tallində xidmət etdim. Sonra gəldim yenidən universitetə. Mexanika fakültəsində oxuyurdum. Gördüm ki, hər şey yaxşıdır, dərslər qaydasında gedir. Amma mənə pul lazım idi. Evdən uzaqda idim. Yeməyə, qalmağa, yaşamağa pul lazımdır. Artıq özümə sığışdıra bilmirdim ki, əsgər də gedib gəlmişəm. Niyə evdən pul istəməliyəm? Sonra gəlib ərizə yazdım ki, xahiş edirəm məni gecə kursuna keçirin. Dedilər ki, bizdə gecə kursu yoxdur. Çarəsiz qalmışdım. Yenidən ərizə yazdım ki, mən universitetdən çıxmaq istəyirəm. Buna da “yox” dedilər. Mən də gedib arxivdə çalışan xanımlardan xahiş etdim ki, mənim sənədimi versinlər. Bəhanə gətirdim ki, sənədlərin surətini çıxardacam. Aldım sənədimi getdim. Sənədlərimi götürüb aparıb Bakı şəhəri Sovet Ticarəti Texnikumuna. İki imtahan verib qəbul oldum.

Aşpaz Həsrət İbrahimov

Gecə fakültəsini seçmişdi. Gecə oxuyur, gündüz də fəhlə kimi işləyir.

- Diplomu əlimə almamışdan qabaq getdim 26-lar rayonunda yerləşən (indiki Səbail rayonu) 29 saylı yeməkxanada işləməyə başladım. 3-cü dərəcəli aşpaz kimi başladım işə. 6 ay sonra 4-cü dərəcəyə qalxdım. 5-ci dərəcəyə qalxanda isə artıq diplomumu almışdım. 6-cı dərəcə isə “master pover” adlanırdı. İxtisasım da “Xörəklərin hazırlanması və texnologiyası” idi.

Amma yemək bişirməyi tələbəlik illərində öyrənmişdi, 16 yaşında...

-16 yaşım olanda ailədən, anadan uzaq qaldım. Məcbur olub yeməyimi özüm hazırladım. Gah yandırırdım, gah tam bişirə bilmirdim. Çətin də olsa öyrəndim. Amma sırf peşəkar aşpaz kimi işləməyə bir kafedə başladım. Mən orada köməkçi kimi çalışırdım. Bir gün də dedilər ki, bəs aşpaz yoxdur, sən hazırlaya bilərsən yeməkləri? Mən də həmişə pəncərədən baxırdım ki, nə edirlər, necə bişirirlər. Dedim, bişirərəm, baxarsınız. İlk dəfə gürcü yeməyi xarçonu bişirdim. Xoşlarına gəldi. Sonra borş bişirdim. Amma rəngi ağ alındı. Özümün də xoşuma gəlmirdi. Yavaş-yavaş sirlərini öyrəndim...

Bir gün gələn məktub onun üçün əsil sürpriz olur.

- Məktub gəldi və məni Ukraynaya çağırırdılar. Xarkovda çalışmağa. Amma bir az ehtiyat edirdim başqa yerə getməyə. Həm də burada öz həyatımı qurmuşdum. Ev də almışdım. Az-çox tanıyırdılar məni burda. İşləyib pulumu qazanırdım. Amma gördüm ki, oradan təkid edirlər. Bir neçə nəfər yaxın adam da getməyimi məsləhət gördü. Hə, onu da deyim ki, bu məktubdan qabaq bir məktub da Əfqanıstandan gəlmişdi. Yaxşı məvacib də verirdilər. Getməyi düşünürdüm. Sonra ailədən hamı dedi ki, orada müharibədir, hara gedirsən? Ona  görə qaldım. Elə bu anda da Ukraynadan dəvət gəldi. Mən də oranı seçdim. Düzü, ora könülsüz getmişdim. Çox qalmağı da düşünmürdüm. Amma düz 10 il orada yaşadım. Həyat çox gözəl idi. Mehribanlıq, dostluq, sədaqət... heç vaxt iş yoldaşları arasında söz-söhbət olmazdı. İstədiyin vaxt istirahətini edirdin. Beləcə, işləyirdim. Artıq oğlum böyümüşdü. Mən də düşündüm artıq qayıdım evimə. İşləyim,  dolanım.

Aşpaz Həsrət İbrahimov

Amma sən saydığını say gör fələk nə sayır. Aşpaz Həsrət planlar qurarkən talenin onun üçün qurduğu tamam başqa planlar var idi.

- Ordan təzəcə gəlmişdim, bir də gördüm xəbər gəldi ki, Qazaxıstandan çağırırlar. Dedim yox, daha yorulmuşam. Getmək də istəmirəm. Amma hər gün zəng edirdilər. Elektron bilet də göndərdilər. Yaxşı maaş da təklif etdilər. Mən də razılaşıb getdim. Hər şeylə təmin etdilər. Çox yaxşı qarşılandım. Yemək, qalmaq, yaşamaq üçün hər şey. Oranın məşhur bir restoranında çalışırdım. Amma iki ildən artıq qala bilmədim. Çox soyuq idi. Dözə bilmədim...

Qazaxıstandan gələndən sonra isə elə o istədiyi həyatı yaşamağa başlayır. Burada kiçik kafelərdə işləyir.

- Hazırda çalışdığım yerdə artıq 7 ildir aşpazlıq edirəm. Sizə bir sirr deyim. Vallah, mən heç vaxt düşünməzdim ki, nə vaxtsa, aşpazlıq edərəm. Yemək bişirərəm. Əksinə, düşünürdüm ki, təmiz, səliqəli geyinib gedib oturaram bir ofisdə yazı-pozu işi ilə məşğul olaram. Amma gör, tale məni haralara aparıb çıxardı.

Aşpaz Həsrət İbrahimov

Aşpaz Həsrət deyir ki, bu illər ərzində başına o qədər maraqlı hadisələr gəlib ki...

- Qazaxıstanda işləyən vaxtlarda, məni bağ evində keçiriləcək məclis üçün yemək hazırlamağa dəvət etdilər. Mən də getdim. Elə həyətə girəndə bildim ki, bu vəzifəli adamın evidir. Çünki hər tərəfdə əli ratsiyalı ucaboy mühafizəçilər. Yayın da istisidi. Göydən od tökülür. Mənim də əlimdə su butulkası. Hələ hazırlıq görürük, gözləyirəm. Bu müddətdə içdim qurtardım həmin suyu. Gördüm hətə idman formasında bir kişi düşdü. Dedim, mənə su gətirə bilərsiniz? Getdi gətirdi. Həyətdə də iki yelləncək var. Hərmiz birində yellənirik. Bu suu da içdim. Dedim birini də gətir də. Getdi gətirdi. Bununla da ordan-burdan söhbət edirik. Söhbət əsnasında anladım ki, hə, bu adam deyəsən elə evin sahibidir. Bunu bir də suya göndərdim. Heç nə demədi, bu dəfə mühafizəçilərdən biri gətirdi. Nə isə, yeməyi bişirdik, məclis başladı. Mən onlara kabab bişirmişdim Çox xoşlarına gəlmişdi deyəsən. Çünki bir saat keçmədi, məni içəri dəvət etdilər. Gördüm ki,  bayaq mənimlə yelləncəkdə yellənən, su gətirən adam indi stolun başında oturub. Sən demə, Qazaxıstanın baş naziri Kərim Məsimov imiş. Mən hardan bilim ki, axı heç vaxt görməmişdim. (Gülür)

Həsrət usta danışır ki, Ukraynada işləyəndə maraqlı hadisələr baş verib.

- Xarkov vilayətinin bu və ya digər rayon rəhbəri məclislərə kabab bişirməyə məni çağırırdılar. Manqalın yanına gəlib deyirdilər ki, Həsrət, götür əlli-əlli vuraq. Bu qədər sadə yəni. Mən heç öz rayonumun icra başçısını tanımıram.

Aşpaz Həsrət İbrahimov

Elə həmin illərdə Xarkov vilayətinin prokuroru ilə də tanış olur.

-  Andrey Viktoreviçlə hələ də əlaqəmiz var. Yadımdadı, bir dəfə gəldi dedi ki, sabah nə edirsən. Dedim ki, istirahət günümdür. Şənbə günləri mənim istirahət günüm idi. O günü də şəxsi işlərimi həll etmək üçün ayırırdım. Prokuror da dedi ki, sabah mənimlə olacaqsan. Mən də razılaşdım. Səhəri gün gəlib məni maşınla apardı. Səliqəli bağ ev idi. Gördüm ki, burda kimlər yoxdu? Xarkov vilayətinin əksər vəzifəli şəxsləri, idarə müdirləri. Hamısı da ailəsi ilə. Dedilər ki, balıq tutmaq lazımdır. Balıq şorbası yemək istəyirik. Göldə də balıq  dolu. O qədər boldu ki, tilovu atan kimi düşür. Dedim gedim bişirim. Mənə dedilər ki, sən heç nə etməyəcəksən. Bu gün bizim qonağımızsan. Həmişə bizə qulluq etmisən, bu gün biz sənə edəcəyik. Bilirsiniz, bu çox böyük davranışdı. İnsanı vəzifəsinə görə yox, insanlığına görə qiymətləndirməkdir. Zəhmətə qiymət verməkdir. Elə də etdilər. Oturtdular məni başda, qulluq etdilər.

Bəs, bişirdiyi yeməyin dadlı olmasının sirri nədədir? Usta deyir ki, sirri əlin duzunun olmasındadır.

- Əlinin duzu olmasa, nə edirsən et, yemək ləzzətli olmaz. Mənim yadıma gəlmir ki, nə vaxtsa, yeməyə qaşıqla düz atım. Nə də bişirdiyim yeməklərin dadına baxmıram. Duzludu, ya yox. İntuisiya ilə bir, iki üç çimdik duz atıram, vəssəlam.

Aşpaz Həsrət İbrahimov və Lamiyə Məmmədova

Sonda Həsrət usta Lent.az-a özünün xüsusi reseptini də bölüşdü.

- Mənim bir xüsusi yeməyim var. Hansı ki, evdə yoldaşım da, oğlum da həmişə deyir ki, ondan bişir. Qızıl balıq, limonlu sousda. İndi reseptini deyəcəm sizə də. Deməli balığa duz-istiot vurub azca unlayıb qoyursan tavaya. Hər iki tərəfi azca özünü tutandan sonra götürüb başqa qaba qoyursan. Tavanı təmiz yuyub, içinə yağ töküb balığı qoyursan. Üstünə iki limonu sıxıb bir qədər şəkər tozu da əlavə edirsən. Qapağını bağlayırsan və bişir. Daha sonra qapağı götürüb kərə yağı vurursan. Balıqları çıxarıb qoyursan yenə başqa qaba. Tavada olan limon şirəsi qarışıq kərə yağını bişirirsən. Amma gərək onu yaxşı qarışdırasan. Əlini saxlamaq olmaz. O köpüklənib dondurma kimi olur. Həmin köpüyü tökürsən balığın üstünə. Onda balıq parıldayacaq. Balığı da yeyəndə daha yanında heç bir salata ehtiyac olmur. Bax, belə...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 131025
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar