Bakının Xətai rayonu ərazisində yaşayış binasının həyətində bir neçə yerdə çökmələr olub.
Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Xocalı prospekti 29-da qeydə alınıb.
Sakinlərin sözlərinə görə, həmin səki uzun müddətdir ki, o vəziyyətdədir. Son zamanlar yaşanan bədbəxt hadisələrdən sonra isə onlar qorxmağa başlayıblar.
Vətəndaşlar qeyd edir ki, çökən ərazilərlə çalışdıqları qədər hərəkət etmirlər. Amma yaşadıqları evin ətrafı olduğu üçün bu gün – sabah hansısa bədbəxt hadisə də baş verə biləcəyindən narahatdırlar.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə foto və videoları təqdim edərək, sorğu ünvanladıq. Qurumdan Lent.az-ın sorğusuna cavab olaraq, bildirildi ki, sözügedən məsələ ilə bağlı dərhal araşdırma başladılıb:
“Həmin çökmüş səkinin ətrafı Mənzil-Tikinti Kooperativlərinə (MTK)-yə məxsusdur. Buna görə də, MTK rəhbəri ilə danışıldı və məsələnin tezliklə həllini tapması üçün tapşırıqlar verildi. Çökən ərazi ilə bağlı həm İcra Hakimiyyəti həm də MTK problemi birgə nəzarətə götürüb”,-deyə qeyd olundu.
Qeyd edək ki, çökmə olan səkinin altında kanalizasiya quyusu var.