Bakı yeni tədris ilinə belə hazırlaşır – Yüzminlərlə uşaq dərsə gedəcək
14 sentyabr 2023 16:05 (UTC +04:00)

Bakı yeni tədris ilinə belə hazırlaşır – Yüzminlərlə uşaq dərsə gedəcək

Paytaxtın tıxac problemi sabah yeni tədris ilinin başlanması ilə daha da mürəkkəbləşəcək. Yeni tədris ilinin başlaması ilə ictimai nəqliyyata tələbat daha da artır. Məlumdur ki, universitetlərin əksəriyyəti paytaxt ərazisində yerləşir. Məhz elə bu səbəbdən Bakıya tələbə axını da müşahidə olunur. Bununla yanaşı həm şagirdlərin, həm də tələbələrin əksəriyyəti ictimai nəqliyyat vasitələrindən istifadə etdiyi üçün hər il bu ərəfədə ictimai nəqliyyatda sıxlıq, eyni zamanda hərəkətində yubanmalar müşahidə edilir. 
 
Maraqlıdır, görəsən, yeni tədris ilinin başlanması ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən paytaxtda hansı tədbirlər görüləcək?

Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a açıqlamasında bildirib ki, yeni tədris ilinin başlaması ilə əlaqədar yollarda gücləndirilmiş iş rejimi tətbiq olunacaq: 

“Bütün məktəblərin, universitetlərin yerləşdiyi xüsusilə də nəqliyyata mane yaradan ərazilərin hər birində işlərimiz tam gücləndirilmiş qaydada aparılacaq. Sürücülərə mümkün qədər şəxsi nəqliyyat vasitəsindən az istifadə etməyi tövsiyə edirik. Həm özləri, həm də digər hərəkət iştirakçılarının getdiyi ünvana daha rahat, tıxacsız, vaxtında çatması üçün bu ən optimal variantdır”.

İnsanların ən çox istifadə etdiyi nəqliyyat vasitələrindən biri də metrodur. Əlbəttə ki, universitetlərin, məktəblərin açılması metrolarda müəyyən dərəcədə sıxlığın yaranmasına səbəb olacaq.

Bəs, yeni tədris ilində Bakı Metropoliteni fəaliyyətini necə davam etdirəcək?

Qurumun mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, yeni tədris ilinin başlanması nəzərə alınaraq optimal hərəkət qrafiki hazırlanıb. 

Onun sözlərinə görə, qrafik payız-qış mövsümünə uyğun olacaq:

“Səhər 07:00-dən 10:00-a qədər və axşam 17:30-dan 19:30-a qədər sıx saatlar hesab olunur. “Bakı Metropoliteni” bu gün bütün texniki imkanlarından istifadə edərək, ən optimal tənzimləmələr tətbiq edir. İş günlərində səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər “Həzi Aslanov” – “28 May” və əks istiqamətdə qatarlar arasında minimum interval 2 dəqiqə müəyyənləşdirilib. Günorta vaxtı interval 2,5 dəqiqə, axşam saatlarında isə interval 3 dəqiqə və daha çox olacaq. Şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər 2,5 dəqiqəlik, bazar günləri isə eyni saatlarda 3 dəqiqəlik interval tətbiq ediləcək”.

Bəs, marşrut xətlərində hansı dəyişikliklər olunacaq? Xəttə əlavə avtobuslar buraxılacaqmı?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovun sözlərinə görə, qurum paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətlərini təhlil edib. 

Tural Orucov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, marşrut xətlərində avtobus sayı gündəlik nəzarətə götürülüb:

“Sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur. Hazırda 43 marşrut xətti üzrə sərnişin daşınmasına əlavə olaraq 132 avtobus cəlb edilib. Həmin nəqliyyat vasitələri sərnişin tələbatı daha çox müşahidə edilən 1, 2, 3, 6, 7A, 7B, 11, 13, 14, 17, 21, 31, 33, 38, 40, 46, 49, 50, 60, 67, 71, 77, 79, 88, 92, 96, 113, 114A, 114B, 119, 125, 133, 135, 136, 160, 165, 172, 179, 189, 199, 206, 214 və M8 marşrut xətlərinə buraxılıb. Bu gün müntəzəm avtobus marşrutlarına çıxarılan nəqliyyat vasitələrinin ümumi sayı 1886-dır. Ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 1697 olub. 189 avtobusun əlavə edilməsi illik 50 milyon səfər imkanının yaradılması deməkdir. Daşıyıcılarla keçirilən görüşlərdə sərnişin tələbatı barədə məlumatların mütəmadi olaraq AYNA-ya təqdim edilməsi barədə tapşırıq verilib. Həmçinin avtobus parklarına baxış keçirilərək nəqliyyat vasitələrinin sazlığı yoxlanılıb.
Yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları da təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır”. 

Qeyd edək ki, yeni tədris ilində 1,6 milyon şagird təhsil alacaq. Eyni zamanda 135 000 uşaq birinci sinifə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. 2023-2024-cü tədris ilində 114 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb ediləcək. Bu il 53 min 500 nəfər tələbə adını qazanıb. Hazırda tələbələrin universitetlərə qeydiyyatı davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5883
avatar

Arzu Qurbanlı

Oxşar yazılar