Hər il yeni il bayramı ərəfəsində paytaxt öz libasını dəyişir.
2023-cü ilin gəlməsinə az bir müddət qalıb.
Ənənəvi olaraq bu il də paytaxtın müəyyən parklarında, küçələrində hazırlıq işləri davam edir. Artıq şəhərin mərkəzi küçələri, meydanları və parkları yeni il atributları və işıqlı çilçıraqlarla bəzədilib.
Lent.az-ın əməkdaşı yeni il öncəsi hazırlıqlarla daha yaxından maraqlanmaq üçün paytaxt küçələrinə yollanıb.
Dənizkənarı bulvar ərazisində uşaqların bayramı əyləncəli keçirməsi üçün müxtəlif rəngli kiçik evlər və yeni il atributları quraşdırılıb.
Müxtəlif rəngli işıqlardan hazırlanmış şaxta baba və 2023-cü ilin simvolu olan dovşan fiqurları xüsusi diqqət çəkir.
Dənizkənarı bulvarda şam ağacının quraşdırılması prosesi artıq yekunlaşmaq üzrədir. Hündürlüyü 18 metr olan şam ağacı müxtəlif işıqlarla bəzədilib.
Bakının “Azneft” dairəsində isə xüsusi və fərqli tərtibatla 20 metr hündürlüyündə yeni il şam ağacı kompleksi yaradılıb.
Fəvvarələr meydanında və İçərişəhərdə bu il əvvəlki illərdən fərqli və geniş formada olaraq xüsusi proqram əsasında bayram hazırlıqları davam edir.
Paytaxtın yeni il müjdəçisi hesab edilən “Soyuq əllər, isti ürəklər” xeyriyyə yarmarkası isə ənənəvi olaraq bu il də artıq öz fəaliyyətinə başlayıb.
Hər il olduğu kimi bu il də “Soyuq əllər, isti ürəklər” xeyriyyə yarmarkası insanların marağını cəlb etməyi bacarıb.
Demək olar ki, hər bir kəsin yolunun düşdüyü təmtəraqla bəzədilmiş bu məkanda gəzəndə insan özünü Avropanın mərkəzində kimi hiss edir.
Təxminən 49 evcikdən ibarət olan yarmarkada əsasən “fast food” və qida məhsulları satılan piştaxtaların önündə növbə gözləyən onlarla alıcıya rast gəlmək mümkündür.
Apardığımız müşahidələrə görə, əvvəlki illərdən fərqli olaraq bu il uşaqların marağına səbəb olan müxtəlif hədiyyəli oyunlar, əyləncə otaqlarına daha çox yer verilib.
Dekabrın 1-dən etibarən fəaliyyət göstərən yarmarka 2023-cü ilin yanvarın 15-nə kimi davam edəcək.
Qeyd edək ki, “Nargis” Fondu tərəfindən təşkil olunan yarmarkadan toplanan vəsait körpələrin müalicəsi və əməliyyat xərclərinə yönləndirilir.