Baboş,  “Qırmızı adam,”  Bayram Nurlu...  – Siz çox qazanırsınız, ya onlar?
13 dekabr 2023 15:00 (UTC +04:00)

Baboş, “Qırmızı adam,” Bayram Nurlu... – Siz çox qazanırsınız, ya onlar?

Problem epidemiya formasında artırsa demək həyəcan siqnalı vermək lazımdır. Siqnalın səsinə bəlkə diksinənlər tapıldı. Əks halda “of bə, budamı?” deyərək insanlarımızın məhvini seyr etməkdə davam edəcəyik.

Sosial şəbəkədəki bir çoxlarının “biabırçılıq” adlandırdıqları əslində kütlənin böyük hissəsinin maraq ehtiyaclarını ödəyir, bəzi komplekslərini digərlərində görüb rahatlaşır, hətta özünə şükür oxuyur. Bu proseslərdən maksimum dərəcədə uzaqlaşsan da hardansa gəlib qarşına çıxır. Hələ sən xəbər adamısansa bundan qaçışın yoxdur. Qazanc, populyarlıq naminə özünü məqsədli şəkildə ucuzlaşdıran, şitlik edənləri gördükcə millətimin daha intellektli adamlarını yadıma salır və ruhdan düşməməyə çalışırdım. Hər dəfə də hesab edirəm ki, dəyərsizliyin “moda” olduğu bu zaman kəsimi tezliklə keçəcək. Ta ki, o qürur duyduğum intellekt sahiblərinin də bu sıralara gəlib düşdüyünü görənə kimi...

İnsan tanıyıram Avropada təhsil alıb, öz ixtisası üzrə çox professionaldır, inanın ki, qəti reklama, ucuz vasitələrlə diqqət cəlb etməyə ehtiyacı yoxdur. İntellekti hesabına qurduğu biznesində də maddi vəziyyəti pis deyil. Hətta o qədər abırlı təsir bağışlayır ki, qarşında oturanda özünə çəki-düzən vermək istəyirsən. Amma yeni paylaşımları bunlar idi – “Kişilərdə ideal penis ölçüsü nədir, boşanmış qadın (cinsəllik baxımından) nə etməlidir, qayınata-qaynana ilə yaşamaq intim həyata təsir edir?”. “Haqq”ın yolunu tapıb. Bəlkə də adam gördü ki, abır və intellekt gündəmdə olmaq üçün kifayət deyil. Bir sözlə ağıllı olmaq sərf etmir.

Seyr edənlər görür ki, şitliyə və mənasızlığa görə insanlar Bakının ən lüks yerlərində ev sahibi olur, bahalı maşınlarda gəzir, restoranlarda böyük-böyük hesablar ödəyirlər. Ölkənin ən dəb-dəbəli otellərindən videolar paylaşırlar ki, bir çoxları onların qarşısından belə keçə bilmir. Niyə ağıllı olmaq üçün xüsusi cəhd eləməlidir ki?

100 minlərlə, milyonlarla izləyicisi onlardan nə öyrənir görən? Bir çoxları da yalnız söyüş söymək üçün ordadır. Fenomenlərin açdığı canlı efirlərdə yazılan söyüşləri illərlə düşünsən belə tapa bilməzsən. Amma bunun özü də ikiüzlülükdür, söyəcəyin adamı niyə izləyirsən ki?

Evdə, qohumlar arasında “maço” görsənməyə çalışan, hətta özünü əxlaq polisi kimi aparanlar var ki, sanki millətin qeyrət, namus keşikçisinə çevriliblər. Lakin bir balaca araşdırma apardıqda məlum olur ki, elə onlardı bu şit populyarlara havadarlıq edənlər. Necə ki, burdan durub ədəb-ərkanla müqəddəs torpaqlara Məkkəyə gedir, sonra gəlib bayağı, xaric oxuyanlarla zina edən Hacılarımız var. Maraqlıdır, bu zinaları Hacı titulu ilə edəndə fərqli nə olur? Nə çeşid manyaklıqdır? Sadomazoxizmdir və ya nə zibilizmdirsə anlamaq olmur. Ən sadəsi budur ki, din insanı olduğunla bağlı yerdə adamları aldada bilmirsənsə, göydə ümid etdiyin cənnəti necə qazanacaqsan?

                                                                 ***

Bir zamanlar medianın üstünə düşmüşdülər ki, sizlər lazımsız adamları qəhrəman edirsiniz. Tam haqsız hesab edilməzlər əslində. Lakin indi hər hansı bir media orqanına ehtiyac qalmayıb. Sosial şəbəkələr – adına vətəndaş mediası dediyimiz bu meydan kifayət qədər lazımsız, millətə hər hansı bir xeyri olmayanları elə bir populyarlaşdırdı ki... Gözəl vətəndaşım, ora artıq sənin şəxsi mediandı, həmin səhifələrdə nə edirsənsə, burda jurnalistlərin, ölkənin Kütləvi İnformasiya Vasitələrinin heç bir rolu yoxdur. Belə məlum olur ki, hətta “sarı media” belə sizin çıxardığınız hoqqaların yanında sönük qalıb. Yurdumun əziz insanı, indi biz səni nə deyib qınayaq? Bir az əvvəl əlində sosial şəbəkə yox idi. Ürəyində bəh-bəhlə oxuduğun maqazin xəbərlərini, camaatın içində elə rahatca söyürdün ki... Özü də bizi pulsuz oxuyurdun, indi tik-tokda yaman əliaçıqlıq edirsən. Həmin o insanlara desək ki, ölkəmizdə medianın inkişafına xidmət etsin deyə sayta günlük girişi 5 qəpik məbləğində edirik, üsyan edərlər. Lakin tik-tokda göndərilən 100 dollarlıq şirlər havada uçuşur.

                                                                  ***

Bu məsələnin ən təhlükəli məqamlarından biri də odur ki, ailələr artıq övladlarının ali təhsil almaqlarına xüsusi maraq göstərməyəcəklər. Görünən odur ki, bir qız çıxıb sosial şəbəkə də cır səsi ilə “Nah nini nah nini” deyib qalaq-qalaq pullar qazanır. Başqa gənc bir kişi qarşı cinsin manevrləri ilə eləmədiyi şitlik qalmır… Buna görə özü demiş “Porte Baku”dan ev sahibi olur. Ona hədiyyə edilən evin yerini belə düzgün ifadə edə bilmir. Başqa birisi isə tamam başqa yolu tutub. Gedib istirahət mərkəzində hovuzlarda istirahət edən xanımların çimərlik geyimlərindəki hallarını videoya alır, bəzi yerləri xüsusi ilə kameranı yaxınlaşdıraraq nümayiş etdirir, sonra da deyir ki, kim bunların içərisində anasını-bacısını tanıdı?

Əslində bu məsələlərdə düz, tərs anlamı o qədər itib ki, sənin illərlə düzgün bildiyinin, indi heç nəyə yaramadığını görürsən. Düzlərin gözümüzün önündə belini əyirlər. Yeni nəsil isə onun düz vaxtını xatırlamadan əyilmiş formasını görür. Gördüyünə inanır.

                                                                     ***

Köhnə oxucuların yadındadır yəqin. Hələ onda Azərbaycanda ortalıqda tik-tok falan yox idi. 2019-cu il 12 apreldə Lent.az Facebook səhifəsində canlı yayıma o zaman yeni populyarlaşan, özünü ekstrasens kimi təqdim edən Bayram Nurlunu qonaq olaraq çağırdı. Baxış sayı bütün rekordları qırdı. Həmin saatda canlı yayıma çıxan verilişlərin izləmə sayı sıfırlandı. Bu verilişlərin aparıcıları başda olmaqla Bayramı efirdə görməyi sözdə özlərinə yaraşdırmayan insanlar Lent.az-a hücuma keçdilər. Hansı ki, o insanların hamısı ən son sözünə kimi, yəni veriliş bitən dəqiqəyə qədər Bayramı yalnız buraxmadılar, hər keçən anda izləmə sayı sürətlə artırdı. Sosial şəbəkələrdə üstümüzə gələnlər elə davranırdılar ki, sanki bizi xarici kəşfiyyat orqanına casusluq edərkən yaxalayıblar. Həmin günü xain olmuşduq. Niyəsini də başa düşə bilmirdik heç cür.

O zaman Lent.az-ın baş redaktoru olan Qabil Abbasoğlu belə qərar verdi ki, sabah mütləq ölkənin ən intellektli hesab edilən aliminin birinin birbaşa laboratoriyasına gedək və oradan canlı yayım edək. Bayrama görə bizi söyənlər qoy gəlib maariflənsinlər. Canlı yayım başlayan kimi də elan etdik ki, alim az qala atom parçalayır gəlin baxın. Demək olar ki, heç 100 nəfər izləyici yığılmamışdı. Əslində özünü ağıllı və abırlı göstərənlərə yaxşı cavab idi. Məlum oldu ki, Bayram Nurlunu qarabaqara izləyənlərmiş üstümüzə çımxırmaq istəyənlər. Onları alim, intellekt falan maraqlandırmır əslində.

Onu da deyim ki, indikilərin yanında Bayram daha ciddi görünür, söyüş söyüb özlərini döydürülər ki, gündəm olsunlar. Özünə qırmızı deyən kim, adının sonun ...oş, ...uş, ...muş qoyan kim... Bizə Bayrama görə etiraz edənlər hazırda həmin səhifələrin fəxri izləyiciləridir. 

                                                                    ***

Kütlənin bir şeyə xüsusi marağı olanda insan dayanıb bir düşünməlidir. Şəxsən mən bundan çox qorxuram. Hesab edirəm ki, bu məsələdə nəsə maraqlı qüvvələrin əli ola bilər. Dünyada kütlə psixologiyası üzərində işləyən saysız-hesabsız texnoloqlar var. Ölkə, region üçün önəmli zamanlarda kütlənin diqqətini istədikləri yerdən ayırıb, başqa bir səmtə yönəldə bilərlər. Məsələn, sovetlərin dağıldığı, bir çox ölkələrin müstəqilliyə qədəm qoyduğu, bizim üçün isə daha önəmli olan I Qarabağ müharibəsinin başladığı zamanda bütün dünyada krossvord marağı ortaya çıxmışdı. Elə Azərbaycanda da insanlar bu kütləvi marağın tələsinə düşmüşdülər. Heç bir faydası olmayan, ən mənasız söz yığınından yaradılan krossvordların üzərində ciddi yarışlar gedirdi. O vaxt ölkəmizdə bir çox qəzet krossvord əlavəsi çıxarırdı ki, bu əlavə əsas nəşrdən daha çox satılırdı. Hesab edə bilərik ki, bəzi sosial şəbəkələr (hamısı yox) eyni tələ, eyni hiylə niyyəti ilə yaradılıb. Hətta bir az da inkişaf edərək ortaya maddi maraqda qoyublar. Şüarları budur - Fərasətin varsa qazan. Bu fərasət dediyinizin isə anlamı budur - sən o birisindən daha nə qədər alçala bilərsən, daha nə qədər bəsitləşə bilərsən? Beləliklə, insanlar dəyərsizləşmə üzərində yarışa girirlər. Çünki intellektin həmişə qazanc gətirmədiyinin canlı şahidləri olublar. Və beləliklə də bu xüsusi güclərin, maraq sahiblərinin çirkli pulları yuyulur, oğurluqdan, narkomaniyadan gələn gəlirlər leqallaşır.

                                                                   ***

Sonda... "Bütün insanların seçiminə hörmətlə yanaşmaq" fikri ilə özümüzü aldadıb , səs-küy salmamağı artıq xeyli vaxtdır vərdiş etmişik. Yoxsa, həyat çəkilməz olur… 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20115
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar