Azərbaycanda yüzlərlə tibb işçisinə məzuniyyət verilmir: Lent.az həkimlərin şikayətini araşdırdı  - ÖZƏL
23 iyun 2021 13:45 (UTC +04:00)

Azərbaycanda yüzlərlə tibb işçisinə məzuniyyət verilmir: Lent.az həkimlərin şikayətini araşdırdı - ÖZƏL

Bakıda fəaliyyət göstərən bir neçə tibb müəssisəsi işçilərindən redaksiyamıza şikayət daxil olub.

Şikayətçilər Lent.az-a açıqlamasında bildiriblər ki, işlədikləri tibb müəssisələrində onlara məzuniyyət verilmir:

“İllərdir ki, işləyirik və heç vaxt belə bir problemlə qarşılaşmamışıq. İyun-sentyabr aylarında həmişə bizə məzuniyyət hüququmuz verilib. İndi isə deyirlər ki, sizə məzuniyyət düşmür. Məzuniyyət hüququnuz ancaq 6 ay işlədikdən sonra veriləcək.

Buna səbəb kimi isə deyirlər ki, işlədiyimiz müəssisə Səhiyyə Nazirliyinin tabeliyindən çıxaraq, TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) balansına keçib. Axı bunun nə fərqi var? Bizim işimiz də, işlədiyimiz tibb müəssisəsi də dəyişmir. Nə üçün bizə məzuniyyət verilməməlidir? Özü də bu il pandemiya səbəbindən daha sıx qrafiklə və çətin şəraitdə işləmişik. Dincəlmək bizim haqqımızdır axı”.

Şikayətçilər eyni zamanda bildiriblər ki, onlara işdən çıxmaqları üçün ərizə yazdırıblar. Daha sonra isə yenidən işə qəbul üçün başqa bir ərizə yazıblar.

Mövzu ilə bağlı sorğumuza cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, tibb müəssisələrində aparılmış struktur dəyişikliyinə əsasən paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib:

“Bakı və Sumqayıt şəhərlərindəki tibb müəssisələrində aparılmış struktur dəyişiklikləri ilə
ətraflı buradan tanış ola bilərsiniz.

Sözügedən tibb müəssisələrinin tibb heyətinə əmək məzuniyyətlərinin verilməsi “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”nin “Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları” maddəsinə əsasən həyata keçiriləcək”.

Saytımıza açıqlama verən "Sosial hüquqların Araşdırılması” İctimai Birliyinin sədri, hüquqşünas, professor Mayis Əliyev bildirib ki, tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxaraq TƏBİB-in balansına keçdiyi üçün işçilərlə yeni əmək müqaviləsi bağlanıb:

“Onlar işdən ərizə ilə çıxıblar və yenidən ərizə yazıblar ki, işə düzəlsinlər. Buna görə də onların iş yeri yeni sayılır və yalnız 6 aydan sonra onlara məzuniyyət verilə bilər”.

M.Əliyev qeyd edib ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”nin “Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları” 131-ci maddədə öz əksini tapıb:

“Qaydalara görə, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5097
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar