SOCAR-ın yeni vitse-prezidenti kimdir? - DOSYE
03 dekabr 2019 10:12 (UTC +04:00)

SOCAR-ın yeni vitse-prezidenti kimdir? - DOSYE

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

Lent.az məlumat verir ki, Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olub. 1983-1985-ci illərdə hərbi xidmətdə olub və xidməti tamamlayaraq 1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olub. İnstitutu 1991-ci ildə bitirərək dağ mühəndisi ixtisasına yiyələnib.

D.İskəndərov 1991-ci ildə 28 May neft - qazçıxarma idarəsinin (NQÇİ) 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi əmək fəaliyyətinə başlayıb. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisinin müavini və rəisi vəzifələrini icra edib. 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində və daha sonra BP Exploration Caspian Sea Limited şirkətində əməliyatlara nəzarət mərkəzində texnik və daha sonra istehsalat üzrə sahə rəhbəri vəzifəsində çalışıb. 2007-2010-cu illərdə SOCAR-ın Azneft istehsalat Birliyinin 28 may NQÇİ-nin rəisinin 1-ci müavini, daha sonra isə rəisi vəzifəsinə təyin edilib. Daşqın İskəndərov 2010-cu ildə Azneft İstehsalat Birliyində Baş direktorun 1-ci müavini vəzifəsində işləyib. 2011-ci ildən etibarən Azneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.

2013-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında "Uzun müddət istismarda olan dəniz neft yataqlarının lay-quyu sistemində yaranan mürəkkəbləşmələrə qarşı yeni üsulların işlənməsi və tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Müvafiq olaraq 2014-cü və 2015-ci illərdə nəşr edilən Neft və qaz çıxarma işçiləri üçün məlumat kitabı və Neft və qaz quyularının əsaslı təmiri adlı kitabların müəllifidir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan bir sıra elmi-tədqiqat işlərinin, o cümlədən mədənlərdə keçirilən sınaq işlərinin nəticələri nəşr olunub. 15-dən çox elmi məqalə, o cümlədən dərslik kimi istifadə olunan 2 kitab, 8 ixtira və patent müəllifidir.

Evlidir, 2 övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3803

Oxşar yazılar