“Xural” qəzetinin “qara siyahı”ya salınması tövsiyə olundu
16 sentyabr 2011 18:59 (UTC +04:00)

“Xural” qəzetinin “qara siyahı”ya salınması tövsiyə olundu

Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılığı ilə düzənlənən müzakirələrdə üç mətbu orqanla bağlı müraciətlər araşdırılıb.

Əvvəlcə Şəki rayonundakı Turan qəsəbəsinin sakini Əbülfəz Hüseynov tərəfindən, həmçinin rayonun Bolludərə və Qarapapaq kəndlərinin sakinlərindən Mətbuat Şurasına “Korrupsiya və dövlətçilik” qəzeti ilə əlaqədar ünvanlanan şikayətlərə baxılıb. Komissiya narazılıq doğuran məqalənin etik prinsiplərin tələblərinin gözlənilmədən nəşrin səhifəsinə çıxarılmasını qəzetin baş redaktoru Osman Məmmədovun nəzərinə çatdırıb. Qeyd olunub ki, məqalədə qabardılan fikirlər konkret faktlarla əlaqələndirilmədiyindən böhtan təsiri bağışlayır. Bu da mətbu prinsiplərlə bir araya sığmır. Osman Məmmədov səslənən iradlarla razılaşıb. Qəzetə növbəti sayında qarşı tərəfin mövqeyini əks etdirən məktubunu vermək tövsiyə olunub.

Sonra “Fakt araşdırıcı” MMC-nin “Sahibkarlıq və hüquq” qəzeti ilə bağlı şikayəti araşdırılıb. Komissiya müəyyənləşdirib ki, qəzetdə qarşı tərəfə inamsızlığı təbliğ edən bildirişin yerləşdirilməsi heç də ictimaiyyətin real vəziyyətlə bağlı məlumatlandırılması məqsədindən qaynaqlanmayıb. Qəzetin təsisçisi olan “Şirvan hüquq” MMC “Fakt araşdırıcı” MMC ilə rəqabətdə özünə məxsus mətbu orqandan korporativ məqsədlərinin təminatı üçün sui-istifadə edib. Müzakirələr zamanı şikayətçi tərəfə də iradlar və tövsiyələr verilib. Bildirilib ki, qurum başçısının məlumat xarakterli çıxışı həmin MMC-nin fəaliyyətində bir sıra qaranlıq məqamların mövcudluğundan xəbər verir və bunların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməlidir.

İclasda “Xural” qəzetində gedən materiallarla bağlı şikayətlər araşdırılmazdan öncə mətbu orqanın baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına ünvanladığı cavab məktubu oxunub. Əvəz Zeynallı bildirib ki, “Xural” Mətbuat Şurasının üzvü olmadığından Mətbuat Şurası bu kütləvi informasiya vasitəsi ilə əlaqədar şikayətlərə baxa bilməz. Lakin komissiya Mətbuat Şurasının ölkə jurnalistlərinin I qurultayında qəbul olunmuş Nizamnaməsinə, eləcə də «Mətbuat Şurasına şikayətlərin verilmə və onlara baxılma qaydaları»nın I bölməsinə istinadən (“Mətbuat Şurası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş mətbuat vasitələri (qəzet, jurnal və informasiya agentlikləri) ilə bağlı şikayətlərə baxır”) belə iddianın əsassızlığı rəyinə gəlib. Əvəz Zeynallının qatılmadığı müzakirədə şikayətçilər - Lənkəran Dövlət Universitetinin, “Azərbaycan’ Nəşriyyatının, Bilgəh Kardioloji Sanatoriyasının, Ağdam Rayon Prokurorluğunun və Sabirabad Rayon İcra Hakimiyyətinin təmsilçiləri dinlənilib. Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən “Xural” qəzetində gedən yazı ilə bağlı şikayət də araşdırılıb. Məsələlər ətrafında fikirlər bildirilib, təkliflər səslənib.

Komissiya yekdilliklə rəyə gəlib ki, şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər bəndlərinə sayğısız yanaşılıb. Qəzet toxunduğu mövzularda qarşı tərəfin fikirlərini öyrənməyib, ictimai şəxsləri tənqid etmənin yol verilən geniş hədlərini də aşaraq ifrat ifadələrə, açıq təhqirlərə və tənqid hədəflərini yaşadıqları yerə, mənsub olduqları bölgəyə görə tam əsassız olaraq fərqləndirib. Bununla yanaşı, nəşr ictimai diqqət çəkən bir sıra vəzifəli şəxslərin əxlaqi-mənəvi keyfiyyətləri barədə yersiz şübhələrin yaradılmasına, sübuta yetirilməməsinin hüquqi məsuliyyət doğura biləcəyi daha çox ehtimal edilən ifadələr işlətməklə qəzetçiliyin ictimai missiyasını arxa plana keçirib ki, bu da mətbu fəaliyyətdən sui-istifadədir. “Xural” qəzetinin bu kimi materiallarının əksəriyyətinin sonunda nəşrin qarşı tərəfin fikrini dərc edə biləcəyi vurğulanır. Halbuki qəzetdə gedən təhqir dolu materiallarda adı çəkilən şəxslərin məsələyə normal və adekvat reaksiya verməsi məntiqi cəhətdən mümkünsüz görünür. Qəzetin belə xatırlatmaları, ümumiyyətlə materialların təqdimat tərzi onun jurnalistikanın başlıca prinsiplərindən sayılan balansı və plüralizmi qorumaq niyyətindən xəbər vermir.

Komissiya belə səpkili yazıların təqdimatının “Xural”ın fəaliyyətində mütəmadi xarakter daşıdığını əsas götürərək qəzetin adının Mətbuat Şurasının “qara siyahı”sına salınması üçün nə kimi əsasların olduğu məsələsinə baxılmasının zəruriliyi rəyinə gəlib və nəşrlə əlaqədar toplanmış sənədlərin Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılmasını məqsədə müvafiq sayıb. Bu komissiyanın rəyindən sonra Mətbuat Şurası İdarə Heyəti tərəfindən məsələ ilə bağlı yekun qərar çıxarılacaq.


Bu gün Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının da iclası keçirilib. İclasda 6 nəşrlə bağlı məsələlər araşdırılıb və müvafiq rəylər çıxarılıb. Müzakirə edilən məsələlər barədə ətraflı məlumat verən komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bunlardan ikisi MŞ-nin Şikayətlər üzrə Komissiyasından rəy şəklində, daha 4-ü isə Şura Katibliyi tərəfindən baxılmaq üçün təqdim olunub. Sonra hər məsələ ətrafında müzakirələr aparılıb. Yekdilliklə rəyə gəlinib ki, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının “Qanun: izah və şərhlər” və “Xural” qəzetlərinin adlarının Mətbuat Şurasının “qara siyahı”sına salınması ilə bağlı təklifləri buna əsas verən real faktların mövcudluğunu nəzərə alıb.

Vaxtilə Mətbuat Şurası tərəfindən xəbərdarlıq edilmiş “Azərbaycan gündəmi” qəzetinin baş redaktorunun vəzifə səlahiyyətindən sui-istifadə etməsi səbəbindən həbsi bu mətbu orqanın adının Şuranın “reket nəşr”lər üçün tərtib etdiyi “qara siyahı”ya salınmasına əsaslar verir. Komissiya hər üç qəzetin adının Mətbuat Şurasının “qara siyahı”sına daxil edilməsi üçün Mətbuat Şurasının İdarə Heyətinə rəyin verilməsi razılığına gəlib.

Qurum Mətbuat Şurasının “qara siyahı”sında yer alan “Vətəndaş haqqı” qəzetinin siyahıdan çıxarılması ilə bağlı müraciətinə baxaraq sənəddə ifadəsini tapan məqamları yetərli saymayıb. Bildirilib ki, Mətbuat Şurasının nəşrin adını “qara siyahı”ya salarkən yanlışlığı qəzet tərəfindən isbatlanmayan faktların mövcudluğunu nəzərə alıb.

İclasda “Yeni hakimiyyət” və “Müstəqil respublika” qəzetləri ilə bağlı araşdırmaların davam etdirilməsi razılaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831

Oxşar yazılar