Məsuliyyəti ilə işi vəhdət təşkil edən jurnalist
07 iyul 2011 13:47 (UTC +04:00)

Məsuliyyəti ilə işi vəhdət təşkil edən jurnalist

Əsrin birinci yarısından ikinci yarısına boylanan qələm dostum Araz Zeynalov haqqında yazmağı bir növ özümə mənəvi borc saydın. Çünki o müasir mətbuatımızın inkişafına dəyərli töhfələrini verən jurnalistlərdən biri kimi gənc nəslə də örnəkdir.


Arazla ilk tanışlığımız 25 il əvvələ təsadüf edir. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi kimi o vaxt respublikada yetərincə nüfuzlu mətbuat orqanlarından sayılan “Azərbaycan gəncləri” qəzetinin redaksiyasında onunla tanışlığımız ilk andaca məndə ona qarşı xüsusi bir simpatiya yarandı. Çünki yazılarından qiyabi tanıdığım Arazla əyani tanışlığım onun təsəvvür etdiyimdən də böyük insan olduğunu göstərdi. Yazıları haqqında geniş danışmaq istəməzdim, ona görə ki, oxucularının qəlbinə girmiş olaram. Araz Zeynalov imzası çoxsaylı oxucu qəlbində özünə çoxdan yer edib.


İlk tanışlığımızdan onu son dərəcə mədəni bir ziyalı kimi tanıdım və sevindirici haldır ki, ötən müddət ərzində bu qənaətimdə yanılmadım. Arazın oturuşu, duruşu, səlis və sakit danışığı, fikrini məntiqli ifadə etməsi, müsahibini daha dərindən inandırmaq üçün konkret faktlara yetərincə toxunması və həmsöhbətini sona qədər səbirlə dinləməsi diqqətimi cəlb etdi. Universiteti yenicə qurtarmış bir gəncin bu dərəcədə alicənab və yüksək insani dəyərlərə malik olması onunla bağlı daxili araşdırma aparmağıma zəmin yaratdı. İlkin olaraq, onun hansı ailədə böyüdüyünü, tərbiyə aldığını düşündüm. “Kommunist” qəzetində xüsusi dəsti-xətti və analitik yazıları ilə seçilən və uzun illər qəzetin şöbə müdiri işləyən Hidayət müəllimin və həmin qəzetin məsul şəxslərindən biri hesab olunan Məryəm xanımın övladı olmaq şərəfini qazanan Arazın belə xarakterə malik olmasına məndə heç bir şübhə yeri qalmadı. Bu onun üçün asan olduğu qədər də çətin idi. Çünki Araz özünü həm jurnalist kimi lazımı səviyyədə təsdiqləməli, yazılarına son dərəcə diqqətlə yanaşmalı, həm də ziyalı bir ailədən çıxdığını sübut etməli idi. Belə bir ağır yükü daşıdığını onun gözlərindən duyurdum. Həmişə yenilik axtarışında idi, yazılarında daha çox faktlara istinad etməyə çalışırdı. Bu onun üçün o vaxt heç də asan deyildi. Çünki ilk tənqidçiləri – valideynləri daha savadlı, təcrübəli olmaqla yanaşı, həm də tələbkar idilər. Belə bir məsuliyyətli yükün öhdəsindən layiqincə gəlmək üçün Arazın beyni sakitlik nə olduğunu bilmirdi. Həyat yoldaşının da jurnalist olması və ailənin sonbeşiyi, qardaşı Aqşinin də universitetin jurnalistika fakültəsində təhsil alması onun məsuliyyət yükünün nə qədər ağır olduğunu göstərirdi.


Araz bütün bu məsuliyyətin ağırlığını yetərincə dərk etdiyindən özünü bir jurnalist kimi təsdiqləməyə çalışırdı. Onun həyatının bu anları gözlərim qarşısında baş verdiyinə görə həmişə ona minnətdar olmuşam. Çünki əsl jurnalist məsuliyyətinin nədən ibarət olduğunu ilk öncə valideynlərindən öyrənən Araz, yazısı, davranışı və münasibəti ilə özündən kiçik olan bizim kimi həmkarlarına örnək idi. Bəlkə də o, gənc olmağına baxmayaraq, çoxları üçün örnəyə çevrildiyini hiss etmirdi. Biz isə bu yolla Hidayət müəllim kimi əməkdar jurnalistin öyüd-nəsihətindən bəhrələnirdik.


Araz geyimi ilə də fərqlənirdi. Həmişə təmiz və ütülü paltarlar geyindiyindən o vaxt yataqxana həyatı yaşayan bizim kimi gənclər üçün nümunə idi. Məhz bu səbəbdən də jurnalist adının yüksəkliyindən və məsuliyyətinin ağırlığından ütünü qələmimiz qədər uca tuturduq. Respublikamızın bir çox görkəmli jurnalistlərindən universitet auditoriyalarında eşitdiyimiz məsləhətləri Araz kimi jurnalistlərin simasında görürdük.


O gənc ikən ağsaqqal idi. Çünki jurnalist məsuliyyətinin ağırlığı onu buna vadar edirdi. Unutmaq olmaz ki, indiki kimi o vaxt da jurnalist məsuliyyətinin ağırlığını heç də hamısı dərk edə bilmirdi. Araz isə xüsusi dəsti-xətti ilə seçildiyindən müxbir kimi fəaliyyətə başladığı “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru vəzifəsinə qədər yüksəldi. Bəlkə də düşünmək olardı ki, bu onun mətbuat həyatında ən məsuliyyətli və yüksək vəzifəsi olacaq. Axı jurnalist üçün baş redaktordan da böyük vəzifə yoxdur. Amma belə olmadı, Araz böyüdükcə məsuliyyəti də artdı, vəzifəsi də. O, respublikamızda ilk dəfə olaraq gündəlik iki dildə - Azərbaycan və rus dillərində çıxan “Panorama” qəzetinin baş redaktoru kimi də uğurla çalışdı. Onun bu vəzifəyə təyinatını sevinclə qarşılayanlardan biri kimi redaksiyaya gedib ürəkdən təbrik etdim və bu işinin də öhdəsindən layiqincə gələcəyini əminliklə bildirdim. Çünki bacarığına, qabiliyyətinə, işgüzarlığına və tələbkarlığına yaxından bələd idim.


Arazın jurnalist məsuliyyəti və bacarığı daim işi ilə də vəhdət təşkil edib. Gənc vaxtlarında “Azərbaycan gəncləri” qəzetinin müxbiri kimi fəaliyyətə başlayan həmkarım, qəzetin şöbə müdiri, baş redaktoru olub, qeyd etdiyimiz kimi gündəlik iki dildə çıxan “Panorama” qəzetinə uzun illər rəhbərlik edib, informasiyanın daha sürətlə yayıldığı indiki bir vaxtda isə “Vesti.az” saytının baş redaktorudur. Bir jurnalist kimi təcrübəsinin yetərli səviyyədə püxtələşdiyi bir vaxtda informasiya portalının işini necə qurduğuna isə münasibət bildirməyə ehtiyac duymuram.



Araz, səni 50 illik yubileyin münasibətilə səmimi qəlbdən təbrik edir, mətbuat tariximizdə fəaliyyətini yüksək qiymətləndirir və daha böyük uğurlarına birlikdə sevinməyimizi arzulayıram.



Mikayıl Nərimanoğlu

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, “Futbol dünyası” qəzetinin baş redaktoru, əməkdar jurnalist
# 530

Oxşar yazılar