III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı
08 iyul 2009 21:00 (UTC +04:00)

III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı

2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinə III ixtisas qrupu üzrə iyulun 5-də keçirilən qəbul imtahanının nəticələri iyulun 7-də TQDK-nın internet səhifəsində yerləşdirilib.

TQDK-dan Lent.az-a imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlər iş nömrələrini 7727 və ya 7737 nömrəsinə göndərməlidirlər. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 35772 abituriyent sənəd verib. Onlardan 34198 nəfəri imtahan verib, 1559 abituriyent isə imtahanda iştirak etməyib.

15 nəfər imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub.

III ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 9526-dır.

Test imtahanının nəticəsinə əsasən, 10595 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb (Azərbaycan bölməsi üzrə 9331 nəfər, rus bölməsi üzrə 1264 nəfər). Onlardan 2 nəfəri 700 bal toplayıb.

III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

İxtisas seçimi iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub. İxtisas seçimi mərhələsinə III ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıblar.

Azərbaycan bölməsinin DT altqrupunda xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra internet vasitəsilə aparılacaq. Həmin ixtisasların siyahısı “Abituriyent” jurnalında yaxın günlərdə dərc olunacaq.
# 1258

Oxşar yazılar