“Reket” nəşrlərə dövlət yardımı verilməyəcək - MÜSAHİBƏ
30 iyun 2009 17:00 (UTC +04:00)

“Reket” nəşrlərə dövlət yardımı verilməyəcək - MÜSAHİBƏ

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Əflatun Amaşovun APA-ya müsahibəsi

- KİV və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin təşkilini Fondun əsas fəaliyyət istiqaməti hesab etmək olarmı?

- Güman edirəm ki, qarşıdakı illərdə KİV-lərin maliyyələşdirilməsi sahəsində fərqli mexanizmlərin dəyərləndirilməsi mümkün olacaq. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda da bununla bağlı müddəalar var. Sadəcə, Fond yeni yarandığından hələlik onlara tam diqqət yetirmək mümkünsüzdür. Digər tərəfdən, dövlət büdcəsindən KİV-lərin maliyyələşdirilməsi ilə bağlı vəsait ayrılıb. Hazırda qarşıda duran başlıca vəzifə həmin məbləği məqsədyönlü şəkildə istifadə etməkdir. Bunun üçün ən məqbul variant isə müsabiqənin təşkilidir. Əlbəttə, vəsaitin məbləği artdıqca Konsepsiyada göstərilən digər yardım formalarına da müraciət olunacaq. Düşünürəm ki, bunun üçün müəyyən zaman kəsiyinə ehtiyac var.
Prosesin özünə gəldikdə, indiyədək ayrı-ayrı illərdə mətbuata dövlət tərəfindən bu və ya digər dərəcədə yardımlar olub. Mətbuatın inkişafı ilə bağlı mühüm dövlət sənədləri, o cümlədən fərman və sərəncamlar imzalanıb, bir sıra tədbirlər həyata keçirilib. Qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borclarının dövlət büdcəsi hesabına silinməsini, Milli Mətbuat Günü ilə bağlı media orqanlarına birdəfəlik maliyyə yardımlarının göstərilməsini, müxtəlif jurnalistlərin fəxri adlara layiq görülmələrini misal çəkmək olar. Bu, dövlətin mətbuata dəstək ənənəsinin mövcudluğunu deməyə əsas verir. Kompleks yanaşsaq, Fond həmin dəstəyi və yardımı sistemləşdirmək rolunu oynayacaq, həmçinin onun mütəmadi xarakter almasını təmin edəcək. Məqsəd isə bəllidir: müstəqil mətbuatın maddi bazasını möhkəmləndirmək, iqtisadi müstəqilliyini artırmaq, jurnalist peşəkarlığına nail olmaq. Düşünürəm ki, bunlar əldə olunanadək mətbuata dövlət tərəfindən yardım göstərilməlidir.

- Müsabiqənin əsas istiqamətləri və mövzuları hansılardır?

- Ümumilikdə 12 istiqamət üzrə 45 mövzu ilə bağlı layihələr qəbul olunacaq. İstiqamətlərdin biri bilavasitə jurnalist peşəkarlığının və məsuliyyətinin artırılmasına yönəlib. Bu sırada jurnalistlərin peşə davranışı qaydalarına əməl etməsinin monitorinqi, həmçinin jurnalist peşəkarlığı və məsuliyyətinin artırılması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi mövzuları qeyd edilməlidir. Jurnalist peşəkarlığı ilə əlaqəli, bunun formalaşmasına stimul yaradan istiqamətlər də var. Bu baxımdan fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı 1-ci, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan 11-ci, habelə KİV-lərin və jurnalistlərin mükafatlandırılmalarını, jurnalistlərin beynəlxalq tədbirlərdə iştirakına dəstəyi, KİV-lər tərəfindən irəli sürülən ictimai əhəmiyyətli ideya və təşəbbüslərin, konfrans, seminar və digər zəruri tədbirlərin, Konsepsiyanın müddəalarından irəli gələn başqa fəaliyyətlərin dəstəklənməsini, KİV-lərə metodiki, konsultativ və texniki yardımların göstərilməsini nəzərdə tutan 12-ci istiqamət xüsusi əhəmiyyət daşıyır. Müsabiqənin istiqamətləri demək olar, bütün zəruri sahələri əhatə etməsi ilə diqqət çəkir. Seçilən mövzular da kifayət qədər dolğundur. Götürək, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı 2-ci istiqaməti. Bura KİV-lərdə insan hüquqları, gender bərabərliyi sahəsində maarifləndirmə, əhalinin müxtəlif kateqoriyalarının hüquq və azadlıqlarının müdafiəsi, ayrıca jurnalist hüquqlarının müdafiəsi, vətəndaşların hüquqi biliklərinin və ictimai fəallıqlarının artırılması, vətəndaş cəmiyyəti quruculuğunun dəstəklənməsi daxildir.

Müsabiqənin istiqamətləri və mövzuları medianın ictimai həyatın bütün sahələrinə nüfuz etməsinə şərait yaradır. Orada göstərilən məsələlərin reallaşdırılması KİV-lərin IV hakimiyyət kimi cəmiyyətə təsir mexanizmlərini möhkəmləndirir. Məncə, ən önəmli cəhət də budur. Çünki mətbuat zaman-zaman müxtəlif amillərdən - siyasiləşmənin təsirindən, özünümaliyyələşdirmə imkanlarının məhdudluğundan və s. səbəblərdən asılı olaraq bir sıra məsələlərə ya diqqət ayırmır, ya da az və pərakəndə diqqət ayırır. Bu sırada regionların sosial-iqtisadi inkişafının təşviqi, uşaq və gənclərin fiziki və mənəvi inkişafı, ictimai maraqların və dövlət maraqlarının müdafiəsi və sair istiqamətlər vurğulanmalıdır. Fikrimcə, maddi yardım bu sahələrdə canlanmaya səbəb olacaq. Eyni zamanda layihələr həmin məsələlərin işıqlandırılmasında hər bir KİV-in öz konsepsiyasını işləməsi üçün əlavə stimul yarada bilər ki, işlər qaydasında getsə, bunun bütövlükdə vətəndaş cəmiyyəti quruculuğuna mühüm töhfə olacağı şübhə doğurmur.

- Müsabiqədə iştirak qaydalarında göstərilir ki, jurnalistlərin peşə davranışı qaydalarını pozan nəşrlərin, daha doğrusu peşə prinsiplərini pozması ilə əlaqədar barəsində Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərarın çıxarıldığı qurumların layihələri müsabiqəyə qəbul edilmir. Məsələyə bu baxımdan yanaşsaq, təxminən nə qədər KİV layihə müsabiqəsində iştirakdan kənarda qala bilər?

- İstərdim ki, öncə müsabiqədə iştirakın digər qaydalarına da diqqət yetirək. Orada göstərilir ki, müsabiqə elan olunan günədək son bir ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə bir dəfədən və tirajı 1000 nüsxədən az olmayan qəzetlər, müsabiqə elan olunan günədək son bir ildə müntəzəm nəşr olunan, dövriliyi ayda 1 dəfədən və tirajı 500 nüsxədən az olmayan jurnallar, müvafiq qaydada dövlət orqanlarında qeydiyyatdan keçmiş, son bir ildə müntəzəm xəbər istehsalı və satışı həyata keçirən informasiya agentlikləri, dövlət qeydiyyatından keçmiş, söz və mətbuat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafı sahəsində təcrübəsi olan jurnalist birlikləri və digər təşkilatlar müsabiqədə iştirak edə bilərlər. Göründüyü kimi, şərtlər olduqca sadədir və ən minimum tələblər nəzərə alınıb. Sizi inandırım ki, Mətbuat Şurasının barəsində qərar çıxardığı KİV-lərin bir çoxu məhz bu tələbləri yerinə yetirmirlər. Üstəlik, peşə prinsiplərinə də tam etinasız yanaşırlar. Mətbuat Şurası belə hallarla bağlı dəfələrlə öz mövqeyini bildirib, nəzərə alanlar da olub, almayanlar da. Güman edirəm ki, layihə müsabiqəsində iştirakla bağlı mövcud prosedur hamını diqqətli olmağa sövq edəcək. Peşə davranışı qaydaları bir çox KİV-də, həmçinin ölkənin bəzi aparıcı media orqanlarında da pozulur. Bu, heç də o demək deyil ki, onların hamısı müsabiqədə iştirakdan kənarda qalacaq. Təbii ki, fəaliyyət olan yerdə nöqsanlar qaçılmazdır. Peşə prinsiplərinə aşkar sayğısızlıq halları, bunların mütəmadi təkrarlanması isə bağışlanılmazdır.

- Demək olarmı ki, Mətbuat Şurasının “qara siyahı”sında yer alan 71 nəşr müsabiqədə iştirakdan və dövlət yardımından kənarda qalacaq?

- Bəli, ən azından 2009-cu il üçün bu, belə olacaq. Biz dəfələrlə bəyan etmişik ki, “reket” nəşrlər dövlət dəstəyindən faydalana bilməyəcəklər. İndi isə Fondun məsələ ilə bağlı bəlli mexanizmi var. Əlbəttə, adı «qara siyahı»da olanlar fəaliyyətlərində dönüş etsələr, məsələyə baxışımız da dəyişə bilər. Təəssüf ki, sənəddə yer alan KİV-lər barədə şikayətlər yenə də daxil olmaqdadır…

- Müsabiqədə iştiraka məhdudiyyət qoyulma halları içərisində məhkəmə hökmü də göstərilib…

- Məsələ burasındadır ki, maliyyə vəsaiti hər bir qurumun bank hesabına köçürüləcək. Əgər məhkəmə hansısa qəzet və ya jurnal haqqında cərimə qərarı çıxarıbsa, o halda onun hesabına daxil olan pullar silinəcək. Təbii ki, fondun məqsədyönlü və təyinatlı vəsaitinin hesabına hansısa KİV-in borcunun silinməsi yolverilməzdir. Həmin müddəa iştirak qaydalarına məhz bu səbəbdən salınıb. Digər məhkəmə hökmlərinin məsələyə aidiyyəti yoxdur.

- Layihə müsabiqənin elanı verildikdən sonra müəyyən narazılıqlar da yaranıb. Sizcə, iddialar nə dərəcədə əsaslıdır?

- Ümumi işimizi, mediamızın hazırkı durumunu yaxşılaşdırmağa yönələn hər bir tələbi, təklifi müsbət qarşılayır, bu istiqamətdəki narazılığı da onun çatdırılma vasitələrindən asılı olmayaraq təbii sayıram. Əsas niyyətin saf olmasıdır. Məsələn, bu günlərdə Fondun ayrı-ayrı fərdlərə maddi yardım ayırmamasına etiraz edən bir yazı oxudum. Məqalə müəllifi bildirirdi ki, layihələrdən əldə olunacaq gəlirlər sıravi jurnalistlərin deyil, KİV-in və ya jurnalist təşkilatlarının rəhbərlərinin mənafeyinə xidmət edəcək. O bu zaman ötən illərdə ölkə prezidenti tərəfindən qəzetlərə edilən birdəfəlik maliyyə yardımlarından sadə qələm sahiblərinin faydalanmaması, yaxud çox cüzi miqdarda faydalanması ilə bağlı faktları əsas götürürdü. Təbii ki, bu cür hallar yolverilməzdir. Amma Fondun hazırkı mexanizmləri və maliyyə imkanları onun işinin yalnız hüquqi şəxslərlə qurulmasına imkan verir və bununla bağlı nəzarət də şübhəsiz ki, tətbiq ediləcək. Fərdi jurnalist layihələrinin dəyərləndirilməsinə gəldikdə, hesab edirəm ki, qarşıdakı illərdə məsələnin həlli ilə bağlı addımlar atıla bilər. İnternet medianın müsabiqədə iştirak etməsinə qoyulan məhdudiyyətlə də bağlı iradlar var və bunları da haqlı saymaq olar. Çünki ölkəmizin informasiya mühitində yeni olmasına baxmayaraq, bu medianın rolu getdikcə artmaqdadır. Düşünürəm ki, növbəti ildən narazılıqların aradan qaldırılması üçün tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1337

Oxşar yazılar