Bəyaz rəngdədir Lent.az
25 iyun 2009 17:15 (UTC +04:00)

Bəyaz rəngdədir Lent.az

Sizi izləyirik, Vüsalə Mahirqızı. Sizi gözləyirik, Qabil Abbasoğlu
Bilirsinizmi azadlıqda həbsxana həyatı necə olur? Səni atırlar informasiyasızlıq şəraitinə, düşürsən həbsxanaya. Həm də buna görə sovet imperiyasını “xalqlar həbsxanası” adlandırırdılar. Bizim atalarımız heç yandan xəbər tuta bilmirdi. Uşaq, arvad, qardaş, bacı... vəssalam. Bizim atalarımızın xəbər arsenalını bu şəxslər təşkil edirdi. Eynən həbsxanada olduğu kimi: düşürsən həbsxanaya və qanunla yanına ancaq qohumların gələ bilər. Sənin üçün qohumlarının həyatında baş verənlərdən başqa xəbər yoxdu.
Xəbərsizlik adamları bir-birindən uzaqlaşdırır. İranda bir insanın burnununun qanadığını eşidəndə istər-istəməz o sənə doğma olur. Onun yerinə acıyırsan, onun yerinə ağrıyırsan. Atalarımız İndoneziyada sunami nəticəsində minlərlə insanın qırılması xəbərini eşidəndə üzlərini yana tuturlar. Və deyirlər: “Mənə nə var e, İndoneziya hara, Azərbaycan hara”. Biz isə elə demirik, həri gün yeni xəbərlər eşitmək üçün mənbələr axtarırıq. Qəzetləri vərəqləyirik, televiziyaları pultun düyməsi ilə ələk-vələk edirik, saytlarda gəzişirik. Bəd xəbərə kədərlənir, şad xəbərə sevinirik.
Xəbər bolluğunda yaşayan adamlar daha rahat nəfəs alır, məncə. Nigarançılıqdan sıxılmırlar, narahatlıqları günlə-ayla çəkmir. Bir anın içində onlara lazım olan xəbəri alırlar. Hardan alırlar, kim gətirir bu xəbərləri, adamları narahat olmağa qoymayan qüvvənin adı nədir? Bilirəm, həmişə dilinizin ucundadır bu ad: JURNALİST. Bir xəbəri əldə etmək üçün min bəlaya tuş gələn jurnalist. Öz ölümünü çəkib dünyaya yayımlayan, sonuncu xəbəri “biz donuruq, kömək edin” şəklində çatdıran jurnalist. Birinci hadisə Fələstində, ikinci hadisə Türkiyədə olmuşdu. Ölmüşdülər, amma bizi xəbərsiz qoymamışdılar.
Gəlin arzulayaq, ölməsnlər, amma bizi xəbərsiz qoymasınlar.
Bir yaşı tamam olan, Azərbaycanın ən məşhur xəbər portalını təbrik etmək istəyirdim. Bacarmıram. Fəaliyyəti göz qabağında olan mexanizmin iş prinsipindən uzun-uzadı danışmaq yersizdir. Evində, işində kompüteri olan hər kəsin səhər açılanda daxil olduğu ilk xəbər saytı Lent.az-dır. Səhərlərimiz Lent.az-la başlayır. Yuxudan duranda qarşımıza ilk dəfə Lent.az çıxır. Adama elə gəlir ki, biz yatırıq, onlar yatmır. Elə gəlir yox e, onlar doğrudan yatmır. Dünyanın harasında baş verməsindən asılı olmayaraq, hadisə bir dəqiqədən sonra Lent.az-dadır. Bir yaşlı sayt üçün bu, böyük nəaliyyətdir.
Populyarlıq odur ki, səni hamı tanısın. Lent.az-ı hamı tanıyır. Lent.az isə sözün yaxşı mənasında heç kimi tanımır. Ona xəbər lazımdır, xəbərdə adı çəkilənlərin kimliyi yox. Elə bir qurum yoxdur ki, Lent.az onların xəbərini sayta yerləşdirməsin. “Sənin rəngin qaradır, səninki ağ” bölgüsü yoxdur Lent. az-da. Hamı eyni rəngdədir, hamının rəngi ağdır, hamı işıqlıdır. Lent. az-ın ən qara xəbərində belə, bu ağlığı, bu işığı görmək mümkündür. Bəyaz rəngdədir Lent.az. Hər yerindən hər yeri görünür. Hər yerdən hər yeri göstərir.
Qoy həmişə belə olsun! Qoy həmişə günəş olsun!. Qoy həmişə Lent.az olsun! Və qoy ilkin mənbə bütün xəbərləri sizin sayta versin. Ağıllı mənbə elə belə də edər. “Lent.az-a verilən xəbərə görə” cümləsi xəbərlərinizdən əskik olmasın.
Sizi izləyirik, Vüsalə Mahirqızı. Sizi gözləyirik, Qabil Abbasoğlu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar