İstifadəsi qadağan olunmuş çimərliklərin siyahısı
24 iyun 2009 11:00 (UTC +04:00)

İstifadəsi qadağan olunmuş çimərliklərin siyahısı

Şıx, Sahil, Novxanı və Hövsan çimərliklərində dəniz suyunun bakterioloji çirklənmə göstəriciləri normadan yüksəkdir


Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birgə 2009-cu ilin çimərlik mövsümünün başlanması ilə əlaqədar Bakı şəhəri ərazisində yerləşən çimərliklərin yay mövsümünə hazırlıq vəziyyəti və çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərini aydınlaşdırmaq üçün laboratoriya tədqiqat üsullarının tətbiqi ilə sanitariya müayinələri aparıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən məlumata görə, Mərdəkan-Şüvəlan çimərliyinin sanitariya mühafizə zolağında yerləşən Mərdəkan-Şüvəlan kanalizasiya təmizləyici stansiyasında aparılan təmir-yenidənqurma işləri başa çatdırılıb və hazırda dənizə buraxılan çirkab suların tam mexaniki və bioloji təmizlənməsi, zərərsizləşdirilməsi təmin edilir. Mərdəkan-Şüvəlan, eyni zamanda Buzovna, Zuğulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan çimərliklərində aparılan laboratoriya müayinələrinin nəticələrinə əsasən, dəniz suyunun keyfiyyət göstəriciləri norma səviyyəsindədir.

Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarına həmin ərazilərdə yerləşən yaşayış məntəqələrinin təmizlənməmiş çirkab sularının axıdılması nəticəsində dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir. Novxanı çimərliyinin sanitariya mühafizə zolağına Novxanı qəsəbəsindən və dəniz kənarı bağ massivindən, eləcə də Corat qəsəbəsində yerləşən yaşayış sahələrindən çirkab suların axıdılması dəniz suyunun və çimərliyin sahil ərazilərinin çirklənməsinə səbəb olub. Burada mövsümə hazırlıq işləri qeyri-qənaətbəxş təşkil edilib, ərazidən tullantılarını kənarlaşdırılması təmin edilməyib, çirkab sulardan əmələ gəlmiş gölməçələr və bataqlıqlar, qamışı sahələr antisanitariya vəziyyəti yaradıb.

Hövsan çimərliyinin sanitariya mühafizə zolağına istehsalat çirkab suları üçün nəzərdə tutulmuş “Hövsan” kanalı vasitəsi ilə sutkada 150-200 min m3 istehsalat, təsərrüfat,-məişət və Hövsan Aerasiya Stansiyasından layihə üzrə nəzərdə tutulmamış ərazidən çirkab sularının birbaşa sahildən dənizə buraxılması dəniz suyunun çirklənməsinə səbəb olur.

Müayinə zamanı Şıx, Sahil, Novxanı və Hövsan çimərliklərində dəniz suyunun bakterioloji çirklənmə göstəricilərinin də normadan yüksək olduğu aşkar edilib. Mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, “Sanitariya-Epidemioloji Sağlamlıq haqqında” qanununa əsasən Şıx, Novxanı, Hövsan, Qaradağ rayonunun Sahil çimərliklərinin və qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsi qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100

Oxşar yazılar