Onları necə basdıracaqlar?! Soyuqdu axı...
19 yanvar 2011 20:11 (UTC +04:00)

Onları necə basdıracaqlar?! Soyuqdu axı...

Küknarların başlarını azacıq əyib, mərmərlərə dayaq durduğu xiyabana girirəm. Hələ başımı qaldırıb, uzanıb gedən məzarlara baxmağa macal tapmamış, ayağımın altındakı rahat daş döşəmə, saysız taxta qablardakı əlvan çiçəklər, dörd yandakı səliqə - səhmandan məyus oluram. Həmişə elə bilmişəm ki, qəhrəman ölümlər kasıb, boz dekorlarla bəzədilməlidir. Və buradakı par-par yanan qəbir daşları, mərmər sinə daşları üzərinə üzlərinin yarısını qapamış qadınların qoşa-qoşa düzdükləri tər qərənfillər (kənd yeri olsaydı, «şehli» yazardım), qol-budaq atıb, xiyabanı cəngəlliyə çevirməsinlər deyə, ora-burası qayçılanan, «mədəniləşən» şam ağacları mənə o qədər ifrat təmiz və səliqəli görünür ki...belə olmalıdı – sabaha hazırlıq gedir axı...

Amma səbəbinin fərqi yoxdu mənə, lap Şəhidlər Xiyabanı olsa da, hardasa ölümə inzibati yanaşmağı həzm eləyə bilmirəm. İndi başımın üstündəki səma belə, mənə lazım olduğundan artıq təmiz, açıq görünür, halbuki yaxalığıma düşən seyrək qar dənələri göy üzünün bu dəqiqə bircə dənə nəhəng ağ buluddan ibarət olduğunu sübut eləyir...

Qəhrəmanların təkcə ruhlarını yox, bədənlərini də göy üzündə dəfn edə bilsəydik, necə romantik olardı. Amma nə olsun ki, göy üzü də yer üzüdü: orada ki, torpaq yoxdu...

Bir dəstə cavan polis çiyindən asma, ağırlığı yazıqların üzünə çökmüş çantalarını sürüyə-sürüyə yaxınlıqdakı qərargahlarına addımlayırlar. Amma onların üzlərindəki ağırlıq elə çantanın ağırlığıdı. Sabah növbə çəkəcəkləri xiyabanın kədəri yoxdu – hadisələr bəzən məsafə, bəzən də zamanla uzaqlaşır. 21 il isə az zaman deyil.

Oğlanların nəfəslərindən çıxan buxar mənə uşaqlığımdan yadımda ilişib qalmış o uzaq gəyən samovarının tüstüsünü xatırladır. Bir də hadisədən sonra isti-isti çəkilən ilk kadrları görəndə uşaq ağlımla fikirləşdiklərimi:

- Onları necə basdıracaqlar? Axı indi çox soyuqdu...
O sadəlövh sualı verməyimdən 21 il keçib və indi, əllərimi qavroşsayağı ovuşdura-ovuşdura addımladığım xiyabanda hiss eləyirəm ki, 21 il ərzində ağlım 21 qram da artmayıb:
- Belə soyuqda necə ölümə getmək olar?! Biz bu çovğunda güclə yaşayırıq...

Və birdən xiyabanın ifrat yaşıllığının mənasını tapan kimi oluram: bir az da bahar ovqatı yaratmaq lazımdı çovğunda can verənlərə...

Qarşımdan ötən üç-dörd şərfli-papaqlı, əlcəkli-bürüncəkli gəncin söhbəti məni «buzlu dahilik»dən ayıldır. Gənclərdən biri o birinə 20 Yanvar günü özünə tapacağı məşğuliyyətdən danışır. O biri də cavab verir:

- Əşi, bizim elə dərdimiz yoxdur 20 Yanvar anamın ad günüdü...

Bu dialoqdan mütəəssir olduğumu desəm, saxta çıxar. Biz bu ölkədə azad, rahat danışa bilək deyə həlak olub bu soyuq daşların altında yatanlar. Onların danışdıqlarına görə yox, bunları məhz xiyabanda danışdıqlarına görə acığım tutur gələcək əsgərlərə. Amma oğlanın anasının ad günü məsələsi həm də beynimi açır: axı sabah Federiko Fellininin də ad günüdü – kütləyə nifrət eləyən, kinolarını ancaq bir dəstə tamaşaçı üçün çəkən dahi italyan rejissoru...aaa, dostum Elsevərin də ad günüdü sabah. Amma dahilərə və sadə adamlara nə var ee, onlar üçün doğum gününün milli faciə ilə üst-üstə düşməyinin ciddi mənası olmur. Vay o gündən siyasətçi olasan, məmur olasan – sən daha heç vaxt doğulduğun günə sevinə bilməyəcəksən.

Elə söz düşmüşkən, özümdən sitat gətirim – mənim doğum günüm Çe Gevaranın ölüm günü ilə eyni günə düşür. Hər il bu gün Çenin güllələnməyini təsəvvür eləyib, doğum günümü kölgələsəm də içimdə gizli bir fəxr olur: qəhrəmanlıq tarixçəsi ilə toqquşmaq hər adama qismət olmur axı. Amma inanmıram 20 yanvar tarixində doğulan gənclərin bəziləri bu qüruru yaşamağın dadını bilsinlər – onlar hələ televiziyadakı tarixi kadrlara baxmamaq üçün film-zad disklərini birovuz götürmək problemini yaşayırlar.

Baş daşlarındakı şəkillərə baxıram: heç birinin üzündə gələcəkdə azadlıq uğrunda ölə biləcək adamın sifətindəki ifadə yoxdu. Ola da bilməz. Çünki belə ifadə heç yanda, heç kimin üzündə yoxdu, belə bir ifadəni heç kim tanımır hələ, necə olduğunu bilən yoxdu. Dünyanın ən sadə üzləridi, dünyanın ən sadə adamlarının sifətlərindəki ən qədim ifadələrdi: təbəssümlü, qayğılı, acıqlı, darıxan, sevinən üzlər...sabahkı tarix barədə heç bir məlumat yoxdu bu üzlərdə. Qəhrəmanların şəkilləri adi adamların şəkillərindən heç nə ilə fərqlənmir, şəkillər qəhrəman olmur...

Şəkillərini dəfn edib, özlərini saxlaya bilsəydik insanların...

Bu dəqiqə, buradan qucaq-qucaq daşınıb-aparılan soluxsamış qərənfillərin ölü qoxusunda, sinə daşlarının nəm əskilərə hopan tozunda, ölü çiçəkləri topa-topa aparan qadınların qolçaqlarındakı kirdə gizlənən bir həqiqət var amma: onların özlərini saxlaya bilsəydik, onlar da bizim kimi – gündəlik və məişət həyatı yaşayan yarıxoşbəxt-yarıqayğılı milyonlardan, kütlədən olacaqdılar. Amma indi, bu buzlu torpağın, soyuq daşın altındakılar bizə şəkillərini və müstəqil ölkə qoyub gedənlərdi.

İşə qayıdıram və internetdən Ahmet Kayanın adını unutduğum bir mahnısını tapmağa çalışıram. Nə musiqisi yadımdadı, nə sözləri – ağlımda bircə cümlə var:
- Biriləri ölüb, biriləri köşə yazır...

Siz öldünüz – biz yazı yazdıq...bağışlayın bizi

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1329

Oxşar yazılar