Naxçıvanda əlillər üçün Regional İnformasiya Mərkəzi tikilir
07 aprel 2010 15:00 (UTC +04:00)

Naxçıvanda əlillər üçün Regional İnformasiya Mərkəzi tikilir

Kompüterlərə elektron böyüdücü cihazların quraşdırılması, brayl şriftli kitabların nəşri, subtitrli filmlərin nümayişi nəzərdə tutulur

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarından ibarət birgə qrup məhdud imkanlı insanların informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasında yaradılan Regional İnformasiya Mərkəzinin tikintisi ilə tanış olmaq üçün birgünlük səfərlə Muxtar Respublikaya yola düşüb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Mərkəz Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi və məhdud imkanlı insanların informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının artırılması məqsədini daşıyan layihənin davamı çərçivəsində tikilir.

Müasir texnologiyalarla təchiz olunacaq bu mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, sürətli internetə çıxışla və xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün nəzərdə tutulmuş son model kompüterlərlə təmin olunmuş kompüter mərkəzi qurulacaq. Mərkəzin internet saytı yaradılacaq. 50 adda kitab brayl əlifbası ilə çap olunaraq kitabxananın səsyazma studiyasının köməyi ilə audio formata çevrilməsi nəzərdə tutulur.
Mərkəzdə görmə qabiliyyəti zəif olan insanlar üçün kompüterlərə elektron böyüdücü cihazların quraşdırılması, brayl şriftli kitabların nəşri, lal və karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunlarının yaradılması nəzərdə tutulur. Buraya əlil arabası ilə gələnlərin maneəsiz hərəkətinin təmin olunması üçün müvafiq şərait yaradılacaq.

Qeyd edək ki, Azərbaycan hökuməti cəmiyyətin hər bir üzvünün İKT vərdişlərinin inkişafına xüsusi önəm verir. O cümlədən də, məhdud imkanlı insanlar üçün də informasiya-kommunikasiya texnologiyalarından yararlanmaq şəraiti və elektron informasiya resurslarından istifadə imkanları yaradılır. Hələ 2005-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair” layihənin icrasına başlanmışdır və kor və zəif görən uşaqlar üçün Respublika internet məktəbində model İKT sinifləri yaradılıb. Gəncə şəhərində də Regional İnformasiya Mərkəzi yaradılıb. Yaradılmış mərkəzin xidmətindən Gəncə və Naftalan şəhərlərində, eləcə də Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarında yaşayan və fiziki qüsuru olan 60 mindən çox insan istifadə edə biləcək.
# 592

Oxşar yazılar