Hadı Rəcəbli Lent.az-a yazır: Sən də əlil ola bilərdin...
03 dekabr 2012 12:12 (UTC +04:00)

Hadı Rəcəbli Lent.az-a yazır: Sən də əlil ola bilərdin...

Hər il dekabrın 3-ü BMT-yə üzv ölkələrdə Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Bu barədə qərar 1992-ci il dekabrın 3-də BMT Baş Assambleyasında qəbul edilib. Məqsəd əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlərin təşkil edilməsidir. Azərbaycanda da 420 minə yaxın əlil var. Əhali nisbəti ilə götürsək, Azərbaycanda əlillər əhalinin 4,5 faizini təşkil edir. Amma dünyada, Avropada əlilliyin faizi 9-12 arasında dəyişir. Bu da maraqlı məsələdir, baxmayaraq ki, biz müharibə yaşayan ölkə olmuşuq Azərbaycanda həm təbiəti, ekologiya, genetik faktorlar, həm də sağlamlığın qorunması istiqamətində görülən işlər son nəticədə əlillik faizinin aşağı olmasını şərtləndirib.

Ailə Məcəlləsinə salınacaq imperativ norma

İlk öncə əlilliyin qarşısını almaq yolları, üsulları barədə fikirləşmək lazımdır. Azərbaycanda prezident İlham Əliyevin modern dövlət quruculuğu modelinin mahiyyətində səbəblə mübarizə aparmaq, problemin qarşısını almaq durur.

Əlilliyin qarşısının alınmasından danışarkən duzun yodlaşdırılması haqqında qəbul etdiyimiz qanunu da qeyd etmək lazımdır. Suyun tərkibində xüsusi yod var, o yod insanları zob xəstəliyinə tutulmaqdan qoruyur. Suda o yod olmayanda, insanlar zob xəstəliyinə tutulurlar. Məhz endokrin, zob xəstəliklərinin qarşısını almaq üçün belə bir qanun qəbul etdik. Digər tərəfdən, zob xəstəliyinə tutulan qadının dünyaya gətirdiyi uşaq debil olur.

Bir faktı da nəzərə çatdırmaq istəyirəm. Bu gün Azərbaycandakı 420 min əlilin 59 mini uşaqlıqdan əlillərdir. Sən demə, əlillik 0-3 yaşına qədər uşaqların içərisində daha çox yarana bilir. Bu uşaqlarda əlilliyin qarşısının alınması üçün Səhiyyə Nazirliyi böyük işlər görür. Hətta rüşeymdən dünyaya gələcək uşağın xəstə, əlil olduğu bilinir. Bəzən rüşeymdə onu müalicə etmək mümkün olur. Təəssüf ki, dünyaya gələndən sonra 3 yaşına qədər uşağa yaxşı qulluq edilməyəndə, məsələn, iynəni pis vuranda uşaq çolaq, qulağına dərmanı pis tökəndə kar olur. Yəni uşağa qulluq məsələlərində də ciddi problemlər var.

Dünyada ana südü ilə qidalanma ən vacib məsələlərdən biridir. Çox təəssüf ki, biz bu gün gənc qızlarımıza öyrədə bilmirik ki, uşaqlarını ana südü ilə qidalandırsınlar. “Qurani-Kərim”-də yazılıb ki, ana uşağı 2 yaşına qədər öz südü ilə qidalandırmalıdır. Biz qızlarımıza başa sala bilmirik ki, heç olmasa uşağı 6 aya qədər ana südü ilə qidalandırsınlar. Belə olan təqdirdə uşaq sağlam olur, uşaqda bütün xəstəliklərə qarşı immunitet yaranır və uşaq sözün əsl mənasında insan kimi böyüyür. Süni qidalarla böyüyən uşaqlar həm xəstəliklərə qarşı davamlı olmur, həm də onlarda insanlardan fərqli keyfiyyətlər olur. Uşaq başını ananın sinəsinə qoyanda artıq insan kimi böyüyür.
Azərbaycanda “Əlilliyin qarşısının alınması haqqında, Əlillərin sosial reabilitasiyası və sosial müdafiəsi haqqında” qanun var.

İndi biz istəyirik ki, bu məqsədlə Ailə Məcəlləsinə imperativ norma kimi salaq ki, nikaha girənlər tibbi arayış alsınlar. Nə üçün? Bəzən xəstəlik daşıyıcıları, qan qrupu uyğun olan insanlar nikaha girirlər, talassemiyalı uşaqlar dünyaya göz açır. Doğulan uşaq əlil olur. Tibbi müayinə zamanı isə qabaqcadan bilirsən ki, əlil uşaq dünyaya göz açacaq. Bunu biləndə, nikaha girən adamlar özlərini gözləyirlər. Bu halda nikah qadağan olunmur, amma nikaha girən insanlara başa salınır ki, uşaqlarınız xəstə doğula bilər. Bu insanlar sağlam uşağın dünyaya gəlməsi üçün müalicə keçməlidirlər, bunun qarşısını almağın, uşağın dünyaya sağlam göz açmağının yolları var. Yəni dünyaya gələn uşaq həm valideynlərinə, həm cəmiyyətə qayğı yaratmasın, sağlam dünyaya gəlsin, uşağın özü də problemlə yaşamasın. Yoxsa qan xəstəliyi ilə dünyaya gələn uşaqlar 20 ildən çox yaşamır, həm də ömür boyu əlil olur, ailənin də bütün imkanlarını məhv edirlər. Ona görə də bunun yolu əlilliyin qarşısının alınmasından keçir.

İstehsalatda, yollarda əlillik...

Əlilliyə yol açan halların aradan qaldırılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətini də qeyd etmək lazımdır. Bu xidmətin çox böyük, ardıcıl fəaliyyəti nəticəsində istehsalatda bədbəxt hadisələrdən əlillik halları təxminən 10 dəfə azalıb. Baxın, təkcə tikintilərdə təhlükəsizlik qaydalarının gözlənilməsi ilə bağlı nə qədər işlər görülüb?! Ölənlərin də sayı 20 faiz azalıb. Başqa sözlə, ötən il Azərbaycanda istehsalatda ölümlə nəticələnən 83 hal qeydə alınıb, 2100 adam əlil olub. Bütün bunlar sistemli görülən işlərin nəticəsidir. Ancaq sözsüz ki, istehsalatda ölüm və əlilliyə yol açan halların aradan qaldırılması istiqamətində səylər daha da gücləndirilməlidir.

Əlilliyin qarşısının alınması üçün avtomobil nəqliyyatında olan hadisələrə də xüsusi diqqət yetirmək lazımdır. Azərbaycanda il ərzində yol qəzaları nəticəsində 900-1000 nəfər ölür, 3000 nəfərdən çox insan əlil olur. Burada avtomobil nəqliyyatından istifadə edərkən təhlükəsizlik kəmərinin bağlanmaması, yolda olarkən sürücülərin telefonla danışması ciddi səbəb olur.

Bizim bu gün müharibə, Qarabağ əlillərimiz var. Bu əlillərin sosial müdafiəsi istiqamətində atılacaq işlərə sonra toxunacam. Ancaq o da göz önündədir ki, müharibələr əlilliyin artmasına, fəlakətlərin çoxalmasına xidmət edir. Möhtərəm Prezident İlham Əliyev cənabları konfliktlərin danışıqlar yolu ilə həlli yönündə işlər aparır, ərazi bütövlüyümüzün bərpasına nail olmaq üçün sülh danışıqlarına çalışır. O cümlədən ölkəmizdə terrorçuluğun qarşısını almaq üçün ciddi işlər görülür.

Məişət zəminində də elə hallar olur ki, əlilliyə yol açır. Bununla bağlı ailələrdə məişət zorakılığı hallarının qarşısını almaq üçün addımlar atılır.

Azərbaycanda zəlzələyə davamlı binaların tikintisi də əlilliyin qarşısının alınması istiqamətində mühüm məsələdir.

Reabilitasiya mərkəzləri, sanator-kurort xidmətləri

Əlliyin reabilitasyası ilə bağlı Azərbaycanda hansı işlər görülür? Azərbaycanda əlillik fiziki qüsurların çox, azlığına görə 3 dərəcə ilə təsnifatlandırılır. Bəzən görürsən ki, ildə bir dəfə əlillərin tibbi müayinədən keçməsi lazımdır. Niyə? Çünki bəzən əlilləri cəmiyyətə qaytarır, reabilitasiya edirlər. Bu gün Azərbaycanda 14 reabilitasiya mərkəzi var. Bölgələrdə belə reabilitasiya mərkəzləri yaradılıb və əlillər həmin mərkəzlərdə öz sağlamlıqlarını bərpa edirlər. Mərkəzlərdə müasir qurğular var, xüsusi idman növləri ilə əlil sağlamlığını bərpa edir. Bu yolla ildə 10 minlərlə əlil istehsalata qayıdır, öz sağlamlığını bərpa edir və sağalır.

Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir yaxşı işini də qeyd etmək istəyirəm. Nazirlik əlilləri xüsusi sanator-kurort xidməti ilə təmin edir. Əlillərə bu məqsədlə xüsusi avtobus da ayrılır. Əlillər həm Azərbaycanda, həm xaricdə sağlamlıqlarını bərpa edirlər. Birinci, ikinci qrup əlillər artıq yataq xəstəsi olmurlar. Möhtərəm prezidentimiz İlham Əliyevin bu yaxınlarda imzaladığı çox maraqlı bir fərman var. Həmin fərman dağınıq skleroz xəstələrinin sanator-kurort xidməti ilə təmin edilməsini nəzərdə tutur. Bu məqsədlərlə Azərbaycanda hər il 20 milyon manata qədər vəsait ayrılır. Bu vəsait həm Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ayrılır.

Azərbaycanda Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutu da var. İnsanlara protez əl, ayaq qoyur, əlil arabaları verirlər. Yəni sağlamlığın bərpasından ötəri başqa digər addımlar da atırlar.

Əlillərin sosial müdafiəsi

Azərbaycanda hər il sosial müdafiə məqsədilə bir milyard səkkiz yüz milyon manatdan çox vəsait ayrılır, əlillərə sosial müavinətlər verilir. Məsələn, gözdən əlillər pensiyaya çıxanda onlara pensiyanın baza hissəsinin 200 faizi, başqa qrup əlillərə 55 faiz, 50 faiz verilir. Möhtərəm prezidentimizin sərəncamı ilə Qarabağ əlillərinə həm müavinətlər, həm də prezident təqaüdü verilir. O cümlədən Qarabağ əlilləri avtomobil və mənzillə təmin olunurlar. Bunlar vaxtaşırı atılan çox böyük addımlardır.

Xeyriyyəçilik və mərhəmət baxımından da bu istiqamətdə böyük işlər görülür. Gözdən Əlillər, Karlar cəmiyyətləri kimi xüsusi qurumlar, fiziki qüsurları olan insanlarla iş aparan QHT-lər var. Bu QHT-lərin maliyyələşməsində özəl bölmə, xeyriyyəçi adamlarımız fəal iştirak edirlər. Bu da son nəticədə əlillərin sosial psixoloji durumunu yaxşılaşdırır.

Əlillərin sosial müdafiəsi istiqamətində daha nə etmək olar və nə etmək lazımdır. Biz əlillərin işə qəbul olunması barədə düşünürük. Azərbaycanda Əmək Məcəlləsinə əsasən 50 iş yerindən 1-i əlillərə verilməlidir. Elə iş yerləri var ki, əlillər burada çalışa bilərlər. Tutaq ki, qəzet kiosklarında, kompüter xidmətində, mühasibatda uyğun fiziki qüsuru olan adam rahat çalışa bilər. Bu insanlar üçün iş yerləri yaradılmalıdır ki, sosial müdafiəsi yaxşı olsun. Avtobuslara, binalara pantuslar qoyulmalıdır ki, əlillər daxil ola bilsinlər. Bəzən əlillərimiz şikayətə gəlirlər, icra hakimiyyətlərində pilləkənləri çıxa bilmirlər. Bu məsələlər Mənzil Məcəlləmizdə artıq öz əksini tapıb.

Məmurun zəruri davranış qaydası

Biz əlillərin sosial müdafiəsindən danışarkən məmur-vətəndaş təmasına da xüsusi toxunmalıyıq. Çünki bu da vacib məsələlərdən biridir. Məsələn, görülən son işlərdən biri elektron xidmətlərə çıxışın təmin edilməsidir. Adamların müavinətləri xüsusi bankomatlar vasitəsi ilə ödənilir. Beləliklə, məmurla vətəndaşın kontaktı qismən azaldılıb. Eyni zamanda ünvanlılıq təmin edilməyə çalışılır. Yəni biləsən ki, kimi müdafiə edirsən! Əvvəllər Qarabağ əlilləri guya kitabça göstərməklə avtobusdan pulsuz istifadə edirdilər. Kitabça kimdə olurdu, göstərirdi, ona baxan yox idi. Yaxud aptekdən əmisi uşağı, xalası nəvəsi üçün dərman alırdı. Bu məsələlərdə də ünvanlılıq təmin olunub, sosial müdafiədə ünvanlılığın təmin olunması üçün əlillərə xüsusi müavinətlər verilir. Artıq o adam bu pulu qənaət edəndə cibində qalır, israf edəndə cibindən pul verir. Məsələn, əvvəllər işıq pulsuz idi, indi müəyyən məbləğ ayrılır, işığı az işlətsə, pul cibində qalacaq, çox işlətsə, işıq üçün cibindən əlavə pul verəcək. Yəni orta rəqəm tapılıb. Tutaq ki, 45 kv.m mənzildə 5 nəfər ailə üzvünə lazım olan enerjinin dəyərinin məbləği filan qədərdir, həmin vəsait əlilin müavinətinin üzərinə əlavə edilib.

Biz Azərbaycanda müavinət sistemi ilə sığorta sistemini ayırmağa nail olduq. Yəni sığorta olunanlar başqa xətlə dəstək alır, amma dövlət müavinəti alanlar başqadır. Yəni burada ünvanlılıq əsas götürülür. Tibbi-Ekspert Komissiyalarında da böyük işlər görülüb ki, əlillik dərəcələri düzgün verilsin.

Əlillərin pensiyalarının, müavinətlərinin artırılması söhbətləri də gedir.

Hazırda ay ərzində Sosial siyasət komitəsinə 60-80 nəfər müraciət edir. Görürsən ki, böyük əksəriyyəti əlillər, narazı insanlardır. Bu adamlar bəzən məmurlardan narazı qalırlar. Müəyyən hallarda məmurlar da haqlıdırlar. 10 dəfə bir məsələ üçün gedirlər, məmur başa salır ki, bu, olmaz, yenə də addımını təkrarlayır. Ancaq biz gərək belə insanlara dözümlülük göstərək. Hər birimizin başına bir iş gələr, zəlzələ, faciəli hadisə baş verər, biz əlil ola bilərik. Ona görə də gərək əlil kontingenti ilə işləyən məmurlardan dözümlü olmağı xahiş edək. Bu məmurlar hövsələli, gülərüz olmalıdırlar. Gələn adam kimdir? Fiziki cəhətdən nasazdır, belə adamın maddi imkanları da məhdud olur. Məntiqi olaraq psixi durumu da gərgin olur.

Özəl sosial müdafiə sistemi

Son vaxtlar qəbul etdiyimiz “Sosial xidmət haqqında” qanun çox maraqlı müddəaları ilə çox fərqli hüquqi sənəd idi. Dünyanın hər yerində olduğu kimi biz illərlə mövcud olan stereotipləri qıraraq özəl və dövlət sosial xidmət müəssisələri olmasını qanunda ehtiva etdik. Məsələn, bu gün dövlətin qocalar evləri, əlillər evləri var. Köhnə stereotiplərlə biz düşünürük ki, o müəssisələrdə atılmışlar olurlar. Amma dünyada çox yüksək səviyyədə özəl əlillər evləri var, pullu kişilərin uşaqları dünyaya əlil gəlir, aparıb o evlərə qoyurlar. Həftədə də bir dəfə uşağı evə gətirirlər. Ona görə də “Sosial xidmət haqqında” qanunda ilk dəfə Azərbaycanda iki məsələni ehtiva etdik. Birinci, özəl sosial xidməti qanunla təsbit etdik. Eyni zamanda QHT-lərin bu sosial xidmətdə iştirakını icazə verdik. Məsələn, Macarıstanda sosial xidməti dövlət həyata keçirmir. Tutaq ki, dövlət evdə əlillərə qulluqla bağlı vəsait ayırır, tender elan edir. 20 QHT gəlir, hansı tenderi udur, o QHT evdə əlillərə qulluq göstərir. Dövlət orqanları isə bu məsələyə nəzarət edir. Rəqabət olduğu üçün nəzarət də güclü olur. Bu məsələlər yenidir və gələcəkdə Azərbaycanda da xidmətlərlə məşğul ola biləcək QHT-lərimiz də var. Yeri gəlmişkən, əslində sosial xidmət əlil olmayan adamlarla da bağlı ola bilər.

“Sosial xidmət haqqında” qanunla biz sosial xidmətlərin masştabını da genişləndirdik. Məsələn, bura sosial-psixoloji yardım da daxil edildi. Əlillərin təkcə fiziki yardıma yox, həm də sosial-psixoloji yardıma da ehtiyacı var. Əlillərin yaradıcılıq sərgisinin, idman yarışlarını təşkil olunması vacibdir. Məsələn, paraolimpiya oyunları nə qədər maraqlı məsələdir! Bu, əlillərin cəmiyyətə inteqrasiyasına ciddi kömək edir.

Əvvəllər təhsil ocaqlarında əlilləri ayırardılar, əlillər ayrı məktəbə gedərdilər. İndi əlillərin normal uşaqlarla birgə təhsil almasına şərait yaradırlar. Bu təhsil formaları da əlillərin cəmiyyətə inteqrasiyasına kömək edir.

Sonda bir daha bütün cəmiyyətə mesaj göndərərək rica edirəm, fiziki qüsurları olan insanlara qayğı göstərin, kömək edin, onları sevin. Unutmayın ki, heç kəs bu bəlalardan xali deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2102

Oxşar yazılar