Boliviyadakı seminarda Azərbaycan FHN-in fəaliyyəti yüksək qiymətləndirilib
30 noyabr 2012 02:03 (UTC +04:00)

Boliviyadakı seminarda Azərbaycan FHN-in fəaliyyəti yüksək qiymətləndirilib

Boliviyanın paytaxtı La Paz şəhərində “Fəlakətlər və onların törətdiyi fəsadların bərpası-inkişafa aparan yollar” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.


BMT-nin İnkişaf Proqramı ofisindən APA-ya verilən məlumatda deyilir ki, dünyanın 29 ölkəsinin qatıldığı seminarda Azərbaycanı BMT İnkişaf Proqramının Fövqəladə Hallar Nazirliyi ilə birgə icra etdiyi Proqramın ölkə üzrə meneceri Məzahir Əfəndiyev və Fövqəladə Hallar Nazirliyinin məsul işçisi Asif Məmmədli təmsil edirlər.

Tədbirdə iştirakçı ölkələrin mütəxəssisləri tərəfindən fəlakətlər və onların törətdiyi fəsadların bərpası məsələləri üzrə regionlar arası məlumat mübadiləsinin güclənməsinə dair müxtəlif təqdimatlar həyata keçirilir.

Azərbaycan, xüsusilə Fövqəladə Hallar Nazirliyi fövqəladə vəziyyətdə xilasetmə işlərinə dair geniş təqdimatla çıxış etmiş, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin bütün fövqəladə vəziyyətlərdə zərər çəkən əhalinin yanında olmaqla humanitar tədbirlərin və zəruri bərpa işlərində koordinasiya məsələlərinin şəxsi diqqətində saxladığını əks etdirən video görüntülər nümayiş etdirilib. Xüsusilə Sabirabad, Saatlıda su daşqınlarının aradan qaldırılmasında FHN əməkdaşlarının əzmkarlığı və xilasetmə işlərinin yüksək səviyyədə koordinasiyası tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Tədbirdə eyni zamanda, BMT çərçivəsində bu sahədə kontinentlər arası gələcək fəaliyyətə dair müzakirələr aparılmış və regionda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti yüksək qiymətləndirilərək Regional Mərkəzin yaradılmasına dair fikirlər səsləndirilib.

Seminar çərçivəsində təşkilatçılar və tədbirə dəvət alan iştirakçı dövlətlərin aidiyatı qurumlarının iş fəaliyyətlərini, habelə bu sahədə dünyada tətbiq olunan müasir texnologiyaların və istifadə olunan təcrübənin əks olunduğu çap məhsulları, müxtəlif nəşrlər, video, ekspozisiyalardan ibarət Sərgi Qalereyasının keçirilməsi də həyata keçiriləcək.
# 689

Oxşar yazılar