Qənirə Paşayeva: “Bu məsələdə heç kim siyasi rəng axtarmamalıdır”
29 noyabr 2012 17:22 (UTC +04:00)

Qənirə Paşayeva: “Bu məsələdə heç kim siyasi rəng axtarmamalıdır”

Millət vəkili Qənirə Paşayeva Gürcüstanda yaşayan soydaşlarımızın problemlərindən danışıb. Lent.az-ın məlumatına görə, “Facebook” səhifəsində status yazan millət vəkili bildirib ki, son zamanlar Gürcüstandakı soydaşlarımızın ona müraciətləri artıb: “Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri kimi Gürcüstan azərbaycanlılarının problemini bir daha Dövlət Miqrasiya Xidməti rəsmiləri ilə geniş müzakirə etdim. Gürcüstan azərbaycanlıları olan soydaşlarımız dəfələrlə mənə müraciətlər ediblər və ortaya çıxan problemin həlli istiqamətində dəstək göstərilməsini istəyirlər. Son zamanlar bu müraciətlər getdikcə artır və açıq desəm günümün böyük bir hissəsi bu istiqamətdə insanların problemləri dinləmək və onlara kömək həlli yollarını axtarmaqla keçir. Bu məsələni bir neçə dəfə müvafiq qurumlar qarşısında qaldırmışam və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri ilə bu istiqamətdə yenə də müzakirə apardıq və Gürcüstan kökənli soydaşlarımızın bu istiqamətdə narahatlıqlarının həll olunmasının vacibliyini müzakirə etdik. Bir daha onların diqqətinə çatdırdım ki, bu məsələdə soydaşlarımıza kömək etməliyik, dəstək göstərməliyik. Qüvvədə olan qanun var və onun müddəaları həyata keçirilir.

Gürcüstanda yaşayan soydaşlarımız istəyirlər ki, qanun tətbiq olunan zaman onlara müəyyən güzəştlər olunsun, onların Azərbaycanda qalma müddətinə müəyyən qədər güzəşt, yumşalma tətbiq edilsin. Bu qanundan xəbəri olmayan insanlara cərimələrin tətbiqi məsələsində bəzi təkliflərlə çıxış edirlər.

Mən hətta bir qrup rəhbəri kimi Dövlət Miqrasiya Xidmətinin rəhbər işçilərindən xahiş etdim ki, Gürcüstan kökənli bir qrup soydaşımızı qəbul etsinlər. Onlar da sağ olsunlar, qəbul etdilər və geniş müzakirələr oldu. Ümid edirəm ki, yaxın günlərdə bu istiqamətdə müsbət irəliləyişlər olacaq və soydaşlarımızı bu istiqamətdə narahat edən məsələlər öz həllini tapacaq. Bu məsələdə heç kimsə başqa bir siyasi rəng axtarmamalıdır”.
# 1468

Oxşar yazılar