Dərslik bəlası: gələcəyin altını qazmaq necə olur... - II YAZI
16 noyabr 2012 19:03 (UTC +04:00)

Dərslik bəlası: gələcəyin altını qazmaq necə olur... - II YAZI

Araşdırmamızın ikinci hissəsi artıq qiyabi deyil, birbaşa əyani faktlar üzərində qurulduğundan, tez-tez fotolara müraciət eləməli olacağıq. 2012-ci ildə dərc olunan dərsliklərdə yol verilən səhvlər, plagiat faktları, ümumiyyətlə, dərsliklərin qiymətləndirilməsi meyarlarının şərtlərinə zidd olan qüsurların sadalanmasına keçməzdən əvvəl hesab edirik, cavab haqqını tanımağımız daha vacibdir. Bəri başdan deyək ki, mövqeyini öyrəndiyimiz ekspertlər, pedaqoqların əksəriyyəti plagiat faktlarından xəbərsizdirlər.

Plagiatdan Təhsil Nazirliyinin xəbəri yoxmu?

Bakı Dövlət Universitetinin professorları Məmməd Yaqubov və Sabir Mirzəyev belə faktlar barədə məlumatsız olduqlarını bildirsələr də, Sabir müəllim plagiatın qarşısının alınması üçün belə bir təkliflə çıxış edir ki, dərsliklər təsdiq edilməmişdən öncə müxtəlif məktəblərə verilməli və orta məktəb müəllimləri özləri dərsliklərin plagiat olub-olmadığını müəyyən etməlidirlər".
İnsaf naminə Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) üzvü Məmmədrza Əsgərov da bir sıra plagiat faktlarının olduğunu inkar eləmir: "Kurikulum sistemi yenidir, bu sistemin vasitəsi ilə şagirdlər dərsləri yaxşı qavrayır. Çalışmalar yaradıcılıq istəyir, məntiq istəyir. İndiki dərsliklər şagirdlərin yaş səviyyəsinə də uyğundur. Köhnə dərsliklərdə vəziyyət necə idi? Məzmun var idi, fəaliyyət yox idi. Plagiat hallarının olmasını isə etiraf edirəm. Bəzi müəlliflər bir sıra mənbələrdən materialları köçürərək, kitablarında çap etdirirlər, həmin kitabları da yeni kitab adı ilə şagirdlərə satırlar. Bununla da həm şagirdlər zehni baxımdan yorulurlar, həm də onlarda təhsilə ikrah hissi oyanır. Yəni, hansı kitablarda plagiat hallarına rast gəlinir, deməli həmin kitablar Təhsil Nazirliyinin icazəsi olmadan çıxıb".
Şuranın digər sədri Elmina Kazımzadə də plagiat məsələsiylə razı deyil: "Dərsliklər qiymətləndirilən zaman bizə plagiatçılıqla bağlı şikayət edilmişdir və həmin dərsliklər müsabiqədən kənarlaşdırıldı".
DQŞ üzvü, Zərifə Əliyeva adına liseyin tədris-hissə müdiri Samirə Bektaşinin də plagiatla bağlı açıqlaması maraqlı oldu: "Mən Azərbaycan dili və Ədəbiyyat dərslikləri üzrə Qiymətləndirmə Şurasının üzvüyəm və bildirirəm ki, Azərbaycan dili və ədəbiyyat dərsliklərində plagiatçılıqdan söhbət belə gedə bilməz".
Müsahiblərimizin digər məsələlərlə bağlı fikirlərinə sonradan qayıtmaq şərtilə DQŞ üzvlərinin diqqətinə məhz Təhsil Nazirliyinin tenderi nəticəsində və adıçəkilən Şuranın icasəsiylə çap olunmuş kitablardakı plagiat faktlarını catdırmağı faydalı hesab edirik.

Bu da Nazirliyimizin xeyir-dua verdiyi plagiat kitablar!

2012-ci ildə Təhsil Nazirliyinin ləğv edilmiş tenderində qalib olmuş, artıq yazdığımız kimi sonradan saxlanmış nəticələrə əsasən "Radius" Nəşriyyatında çap olunmuş 1-ci sinif dərsliyindəki plagiat faktlarından oxumaqdansa, əyani şəkildə görməyimiz daha qənaətbəxş olar. Ona görə də, fotolentdə 1-22 fotolarına diqqətlə baxın! Plagiat faktları çarpaz xətlərlə və nida işarəsiylə işarələnib. Beləcə, sizdən solda əcnəbi müəllifin dərsliyi, sağda isə bizim müəlliflərin zəhmətləri bahasına başa gəlmiş 1-ci sinif Riyaziyyat kitabıdır. Birincidən necə "ustalıqla" plagiat edildiyi aydın görünür (Fotolar: 1-27).
Plagiatın yaxşı olmayan əməl, hətta cinayət olduğunu unutmadan təəssüflə qeyd olunmalıdır ki, üsullar, məsələlər bir yana müəlliflərin hətta şəkilləri də olduğu kimi, kobud desək, "kopi-past" eləmələri heç anlaşılan deyil. Axı, əcnəbi müəlliflər bu kitablardakı şəkilləri öz mühitlərində, öz milliliklərində, öz adət-ənənələrində tərbiyə almalı olan balaları üçün çəkiblər. Doğrudanmı, normal bir rəssam tapıb dərsliyi heç olmasa, keyfiyyətli şəkillərlə təmin eləmək olmazdı?
Göründüyü kimi, 2012-2013-cü tədris ili üçün Təhsil Nazirliyinin icazəsi, DQŞ-nın tövsiyəsi ilə dərc olunmuş 1-ci sinif "Riyaziyyat" dərsliyindəki plagiat halları təəssüf ki, Şura üzvlərinin, hörmətli ekspertlərimizin fikirləriylə heç üst-üstə düşmür. Yeri gəlmişkən, həmmüəlliflərdən olan Nayma Qəhrəmanova bir gün belə pedaqoji fəaliyyətlə məşğul olmayıbsa, həmçinin ixtisasca riyaziyyatçı deyilsə, başqa dərslik gözləməyə də ehtiyac yoxdur, əlac təbii ki, plagiata qalacaq. Başqa bir tərəfdən mən adıçəkilən riyaziyyat dərsliyinin "elmi məsləhətçi" qrafasının qarşısında hörmətli akademikimiz Çingiz Qacarın adını oxuyanda çox təəccübləndim...

Riyaziyyat başa bəla olub...

Dərsliklərimizdə təkcə plagiatçılığın deyil, başqa bəlaların da olduğu həm bəndənizin araşdırması zamanı, həm də ekspertlər, valideynlər, müəllimlərdən öyrənilən mövqelərdə meydana çıxdı. Məsələn, Bakı Dövlət Universitetinin professoru Məmməd Yaqubov bildirir ki, ibtidai sinif riyaziyyat dərsliklərimiz bərbad vəziyyətdədir: “Hansı riyaziyyat müəllimindən soruşsan, onlar da eyni sözü deyəcək. Bununla bağlı özümüz də araşdırmalar aparmışıq”.

Təhsil üzrə ekspert Afaq Cəfərovanı son illər təhsilimizdə həyata keçirilən islahatlar çox sevindirir: “Dərsliklərin yenilənməsinə dövlət tərəfindən lazım olan qədər vəsait ayrılır və buna cavabdeh olan müvafiq qurumlar çalışırlar ki, müasir dövrün tələblərinə cavab verən, yəni, keyfiyyətli, kurikulumun tələblərinə uyğun olan, ictimaiyyəti qane edən dərsliklər çap etdirsin”. Lakin xanım eksperti narazı salan məqamlar da var: “Dərsliklərin keyfiyyəti bir müəllim kimi məni hələ qane etmir. Məsələn, I sinif "Riyaziyyat" dərsliyində bəzi qüsurları sadalamaq istərdim: "Dərslik üzrə bütün materiallar məzmun standartlarını əhatə etmir, bəzi standartlar yarımçıq, bəziləri yalnız bir və ya iki çalışma ilə reallaşır; bir sıra hallarda dərslik üzrə tədris vahidləri və materialların sadədən mürəkkəbə doğru ardıcıllığı pozulur; mövzuları qabaqlayan tapşırıqlara rast gəlinir. Bu tapşırıqların verilmə məqsədi aydın deyil. Əgər qabiliyyətli uşaqlar üçün nəzərdə tutulursa, bu keçilməyən mövzu üzrə deyil, çətinliyi artırılmış tapşırıqlar ola bilər; tərtibat qənaətbəxş deyil, illüstrasiyaların ölçüsü bəzi hallarda düzgün verilməyib, şəkillərin bəziləri kiçik ölçüdə təsvir edilib, bir sıra tapşırıqlarda isə şərtlə şəkil uyğunsuzluğunu rast gəlinir. Şəkillərin əksəriyyəti xarici dərsliklərdən, internet saytlarından köçürülüb; məsələ bölməsi də məni tam qane etmir. Bu bölmə sistemsiz, izahlar isə qarışıq şəkildə verilib". Ekspert xanım bunlarla yanaşı, dərslikdə düşündürücü və yaradıcı tapşırıqların olduğunu da inkar etmir.
Bakı şəhər 82 saylı məktəbin müəllimi Əlican Namazovu isə ən çox narazı salan beşinci sinfin riyaziyyat dərsliyidir. Müəllim bildiri ki, həmin dərslikdə bir çox anlayışlar səhv verilib: “Görünür, həmin dərsliyi yazan insanın, ümumiyyətlə, orta məktəbdən xəbəri yoxdur. Ancaq günah müəllifdə yox, bu dərsliyi təsdiqləyən şəxslərdədir”.
Təxminən eyni mövqeni “Çaşıoğlu” nəşriyyatının direktoru Eldar Əliyev bölüşür: “İbtidai sinif dərsliklərində nöqsanlara daha çox rast gəlinir. 5-ci sinif dərsliyi, ümumiyyətlə, bərbad vəziyyətdədir. Bəzən elə olur ki, professorlar qalır kənarda, məktəbdə bir saat dərs deməyən şəxs kitab yazır. Bu necə ola bilər? Bütün bunlara görə Təhsil Nazirliyinin rəhbərliyi məsuliyyət daşıyır”.
Paytaxtın 89 saylı məktəbinin riyaziyyat müəllimi Esmira Göyüşova da 5-ci sinfin riyaziyyat dərsliyindən narazıdır: “Riyaziyyat müəllimi kimi bu dərslik məni qane etmir. Çünki çoxlu sayda səhvlər mövcuddur. Mövzuların izahı qeyd olunmayıb”.
Şabran rayon Rəhimli kənd tam orta məktəbinin müəllimi Ramiz Şahbazovu da ən çox narahat edən 5-ci sinfin riyaziyyat dərsliyidir. Onun sözlərinə görə, qeyd olunan kitabı dərslik hesab etmək olmaz: “Birincisi, kurikuluma daxil olmayan mövzular həmin kitaba daxil edilib. İkincisi, o kitab dərslikdən çox məlumat toplusuna oxşayır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Məmmədxan Soltanov bildirib ki, ölkəmizdə çoxları kurikuluma əyləncə kimi yanaşırlar: “Hesab edirəm ki, kurikulum sistemi milliləşməli, müəllimlərin bilik səviyyəsinə uyğunlaşdırılmalıdır”-deyə, ADPU-nun dosenti əlavə edib. M.Soltanov onu da bildirib ki, hər bir müəllif digər xarici ölkənin dərsliyindən istifadə edərkən mütləq istinad eləməlidir: “Lakin bizdə isə istinad olunmur. Yəni plagiat hallarına yol verilir”.
“5-ci sinfin riyaziyyat dərsliyi bərbad vəziyyətdədir. Bununla bağlı dərsliklərin monitorinqini həyata keçirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət etmişəm”. Bu fikirləri Sumqayıt şəhər Təbiət elmləri təmayüllü Gimnaziyanın müəllimi Cavanşir İsmayılov bildirib. O qeyd edib ki, 1 sinifdən 5-ci sinfə qədər dərsliklərin kurikulum sisteminə uyğun şəkildə hazırlanmasından sonra bu kimi problemlər meydana çıxıb: “Qeyd etdiyim dərslikdə ingilisdilli dərsliklərdən tərcümələr olunub ki, bu da bərbad vəziyyətdədir. Həm də təəssüf doğuran məqam odur ki, dərslikdə istinad olunmayıb” - deyə, C. İsmayılov əlavə edib.
45 il müəllimlik təcrübəsi olan, Təhsil Nazirliyində Metodiki Şuranın üzvü Nürəddin İbrahimov isə bildirir ki, 6-cı sinifdən 11-ci sinfə qədər riyaziyyat dərslikləri normal olsa da, 5-ci sinfin riyaziyyat dərsliyində nöqsanlar çoxdur: “Mən bu məsələni nazirliyin metodiki şurasının iclasında qaldıracağam”. Pedaqoq ibtidai sinfin dərsliklərindən də narazılıq etdi: “Həmin dərsliklərdə tərcümələrə rast gəlinməyi bir yana, bunlar heç düzgün tərcümə də deyillər".
Dərsliklərdəki qüsurlarla bağlı mətbuatda dəfələrlə yazılarla çıxış edən təhsil üzrə ekspert Əlövsət Osmanlı da dərsliklərimizdən narazı olanların fikirlərini bölüşür: "Təhsil Nazirliyinə dəfələrlə müraciət etmişəm ki, gəlin dərsliklərlə bağlı yazımı müzakirə edək. Lakin onlar müzakirədən qaçırlar. Yenə də deyirəm ki, bizim dərsliklərin səviyyəsi çox bərbad haldadır. Məni ən çox narahat edən dərsliklərin məzmunudur. 1-ci sinifdən 5-ci sinfə qədər olan riyaziyyat dərsliklərinin müəllifi Nailə Qəhrəmanovadır ki, yazdığı dərsliklər çox bərbad gündədir. Çoxlu sayda nöqsanlar var. Bir dərslikdən 200-ə yaxın yanlışlıq aşkar etmişəm. Həmin kitablar çox ciddi müzakirə edilməlidir".

"Azərbaycan dili"ndə qüsurlar...

Araşdırma zamanı 25 illik pedoqoji təcrübəsi olan Ləzifə xanım Rüstəmovanın aşkara çıxartdığı qüsurları də yetkililərin diqqətinə çatdırmağı lazım bildik. Ləzifə xanım 1-ci sinif "Azərbaycan dili" dərsliyinin satışda olan “Oxumağı öyrənirik”, “Yazmaq öyrənirik” kitablarının təkrarı olduğunu bildirərək yazır: "6 saatdan sonra şagird heç bir hərfin elementini öyrənmədiyi halda əlifba təliminə başlayır; dərslikdə ad bildirən sözlərə aid tapşırığa rast gəlməmiş səhifə 32-də tapşırıq 1-də əlamət bildirən sözlərə aid tapşırıq verilib. Halbuki, nə ad bildirən sözlər, nə də ki, əlamət bildirən sözlərin izahı verilməyib; səhifə 51-də tapşırıq 3-ə “hansı şəklin adında “ka” hərfi var” şərti qoyulub. Hörmətli dilçilər, Azərbaycan dilində “ka” adlı hərf yoxdur; səhifə 67-də “C” hərfi keçilmədiyi halda “Göygöldə” mətnində “Azərbaycan” sözü yazılıb. Ümumiyyətlə, bir neçə mətndə hələ keçirilməmiş hərflərə rast gəlirik (Fotolar: 27-30); dərsliyə verilən 1.2 standartı (təlim materiallarının və faktların elmliyi, dəqiqliyi, etibarlığı) tələbi dərslikdə tam gözlənilməyib. Məsələn, “Xəzri nədir” mətnində belə bir cümlə işlədilib. “Xəzri küləyi olmasa, ləpə olmaz”. Bu, dəqiq fakt deyil".

Problem dərsliklərdə deyil, müəllimlərdədir?

“Mən hesab etmirəm ki, dərsliklərimizdə ciddi nöqsanlar var. Hər halda dərslik müəllifləri primitiv insanlar deyil”. Bunu isə açıqlamasında riyaziyyat üzrə fəlsəfə doktoru Əbdürrəhim Quliyev bildirib. Ə. Quliyev vurğulayıb ki, dərslik çıxdıqdan sonra deyil, çıxmamışdan öncə müzakirə edilməlidir. Açığı, Əbdürrəhim müəllimin sonuncu fikriylə mən də razıyam. Ancaq axı, onsuz da elə belə də olur... Elə olmasa, onda DQŞ-nin işi nədən ibarətdi?..
Eyni məntiqi Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı da bölüşür: "Təhsil Nazirliyində dərslikləri qiymətləndirən ekspert qrupu var. Kimsə boş yerə dərslikləri bərbad kimi qiymətləndirməməlidir. Ümumi sözlərlə danışıb, kitab müəlliflərinin, ekspertlərin zəhmətinin üzərinə kölgə salmaq olmaz”.
Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, Zərifə Əliyeva adına liseyin tədris-hissə müdiri Samirə Bektaşi isə Azərbaycan dili və Ədəbiyyat dərslikləri üzrə Qiymətləndirmə Şurasının üzvü olduğunu xatırladır və bildiri: "Azərbaycan dili və ədəbiyyat dərslikləri yeni proqram əsasında hazırlanıb. Əgər orada hər hansı bir nöqsan varsa, həmin səhvləri bizə ünvanlasınlar. Şəxsən məni dediyim dərsliklərin səviyəsi qane edir. Azərbaycan dili və ədəbiyyat dərslikləri ilə bağlı müsabiqəyə bir neçə dərslik qatılmışdı. Onların içərisində ən yaxşısı seçildi. Yeni sistemlə çap olunan dərsliklər tələb edir ki, şagirdlər dərsi sinifdə öyrənməlidir. Əgər müəllim işini səmərəli qurarsa, şagirdlər üçün heç bir çətinlik yaratmayacaq. Yəni, problem kurikulumda deyil, müəllimlərdədir. Bu gün orta məktəblərdə ədəbiyyat üzrə alternativ dərsliklərdən istifadə olunur. Hər iki dərslikdə də standartların tələbindən irəli gələn xüsusiyyətlər öz əksini tapıb. Bir məsələni də qeyd edim ki, şagirdlər, müəllimlər dərsliklərlə yanaşı, internetin də imkanlarından istifadə edə bilərlər. Yəni, yeni sistem həm müəllimlərdən, həm də şagirdlərdən yaradıcılıq tələb edir".
Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, paytaxtın 18 saylı orta məktəbinin ibtidai sinif müəllimi Rəna Ağazadənin fikrincəsə, Riyaziyyat dərslikləri üzrə Qiymətləndirmə Şurasının üzvü olaraq adıçəkilən dərsliklərdən razıdır: "Problem dərsliklərdə deyil, müəllimlərdədir. Gərək müəllimlərimiz öz intellektual səviyyələrini artırmalıdırlar. Bizim pedaqoqlarımız yeni sistemlə dərs deməyə həvəsli olmalıdırlar. İbtidai sinif müəllim kimi narazılığım birinci sinfin Azərbaycan dili dərsliyindəndir. Bu dərslik yazılarkən yalnız intellektual baxımdan güclü olan şagirdlər nəzərə alınıb.
Dərslikləri Qiymətləndirmə Şurasının Elmina Kazımzadə də məsələdə cavabdeh tərəf kimi daha çox dərs verən müəllimləri görür: "Əgər dərsliklərlə bağlı narazılıq varsa, həmin narazılıqları bizə ünvanlaya bilərlər. Bir məsələni də qeyd edim ki, tədris proqramlarının təhlilini aparmalıyıq. Bəzən bizə riyaziyyat dərsliklərindəki çalışmaların azlığı, bəzən də çoxluğu ilə bağlı müraciətlər edilir. Yəni dərsliklərlə bağlı müxtəlif fikirlər mövcuddur. Müəllimlərimiz əlavə vasitələrdən də istifadə etməlidir. Bundan başqa, biri-biri ilə qonşu olan məktəblərin pedaqoqları fikir mübadilələri aparmalıdırlar, çətin mövzuları müzakirə etməlidirlər. Yəni müəllimlər özləri də həvəsli olmalıdırlar. Kurikulum sistemi təzədir. Bununla bağlı orta məktəb müəllimləri üçün kurslar təşkil olunub. Ola bilsin ki, dərsliklərimizdə problemlər olsun. Heç kəs demir ki, dərsliklərimiz idealıdır. Ancaq təəssüf ki, dərsliklərdə səhv axtarışı bir oyuna çevrilib".

Ümid TQDK-ya qalıb?

“Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən dərsliklər üzərində monitorinq həyata keçirmək səlahiyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verilib. Komissiyanın dərsliklərin monitorinqi şöbəsi artıq monitorinqlərə start verib”. Bunu isə Lent.az əməkdaşına açıqlamasında TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, TQDK yalnız hazırda istifadə olunan dərsliklərin və tədris vasitələrinin üzərində monitorinq həyata keçirir. “Monitorinqlər hələlik yekunlaşmayıb. Keçirilən monitorinqlərin ilkin nəticələri ilin sonuna kimi açıqlanacaq”-deyə, E. Nağızadə əlavə edib.
Beləliklə, faktlar ortada, fikirlər bəlli... Prinsipcə, heç kəs inkar eləmir ki, dərsliklərimizdə qüsürlar var və bu qüsurlar tədrisdə ciddi problemlər yaradır. Mən ümumi araşdırma zamanı bir məqamı da sezdim ki, Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri daha çox özlərinin məsuliyyət daşıdıqları dərslikləri müdafiə edir, digərləri barədə isə o qədər rahat mövqe bildirmirlər. Ümumiyyətlə, məsələylə məşğul olan insanların narahatçılıqlarını, narazılıqlarını mən düzgün başa düşürəm. Birinci yazıda dediyimiz kimi, söhbət gələcəkdən - millətin, dövlətin gələcəyindən getdiyi üçün... Araşdırma zamanı müraciət elədiyim ekspertlərdən biri mənə dedi: "İnanın ki, bu dərslikləri hansı nəşriyyatın çap eləməsi bizi o qədər də maraqlandırmır. Biz istəyirik ki, sadəcə, bu işlə peşəkarlar peşəkar səviyyədə məşğul olsunlar. Yoxsa, belə dərsliklərlə nə uşaqlarımız, nə də təhsilimiz qabağa gedəcək". Hesab edirəm, hər kəs belə düşünsə, onda uşaqlarımızın da, təhsilimizin də gələcəyindən narahatçılığa əsas qalmaz...

İlham Tumas
[email protected]

Anar Məcidzadə
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4884

Oxşar yazılar