Binədə kanalizasiyanın istifadəyə veriləcəyi vaxt açıqlandı
06 noyabr 2012 15:58 (UTC +04:00)

Binədə kanalizasiyanın istifadəyə veriləcəyi vaxt açıqlandı

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakıətrafı yaşayış məntəqələrinin içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində işlər sürətləndirilib və 11 km uzunluğunda magistral su xəttinin və 6 km uzunluğunda kanalizasiya kollektorunun tikintisinin cari ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulur.

Növbəti mərhələlərdə Binə qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq, hər bir ev üçün qoşulma veriləcək və sayğac quraşdırılacaq. Layihəyə uyğun olaraq Binə qəsəbəsində müxtəlif diametrli borularla 320 kilometr uzunluğunda qəsəbədaxili içməli su xətti, 296 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək. Qəsəbənin normal su təchizatını təmin etmək məqsədi ilə hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarının tikilməsi də nəzərdə tutulur. Bu anbarlardan qəsəbəyə içməli suyun verilməsi özüaxımlı rejimdə həyata keçiriləcək. Qeyd edək ki, qəsəbəyə içməli su tikintisi davam edən Ceyranbatan-Balaxanı-Ramana-Zirə kəmərindən veriləcək. Layihənin icrası başa çatdıqdan sonra Binə qəsəbəsinin 70 mindən artıq sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. Qəsəbədə yaranan tullantı suları toplanaraq təmizlənmək üçün çirkab sutəmizləyici qurğuya ötürüləcək.
# 1036

Oxşar yazılar