Hikmət Hacızadə: “Qızlar büstqalterlərinə nömrə yazıb, atırdılar səhnəyə...” - SÖHBƏT
30 oktyabr 2012 12:12 (UTC +04:00)

Hikmət Hacızadə: “Qızlar büstqalterlərinə nömrə yazıb, atırdılar səhnəyə...” - SÖHBƏT


Qonaq: Günel Mövlud

Ev sahibi: Hikmət Hacızadə

Fotoqraf və ikinci qonaq: Elton Quliyev


Bu dəfə səhər yeməyi layihəsində əsaslı dəyişiklik var. Növbəti qonağım kafeyə gəlmək həvəsində olmadığını deyib, özü məni Mərdəkandakı bağında səhər yeməyinə dəvət elədi. Həmin ərəfədə özüm də Mərdəkandakı sanatoriyada müalicə aldığım üçün görüşümüz rahat alındı. Qərara aldıq ki, səhər yeməyini üçlükdə – Hikmət Hacızadə, mən və vəkil Elton Quliyev – birlikdə yeyək. Elton Quliyev məni sanatoriyadan götürüb Hikmət bəygilə aparsın, ev yiyəsi isə bizə səhər yeməyi hazırlasın.

Vədələşdiyimiz günü səhər ertədən Hikmət bəy zəng elədi (Hikmət Hacızadənin danışığındakı müsbət enerji həmdə onun rusdilli olmasından qaynaqlanır, bu səbəbdən də müsahibimizin nitqini olduğu kimi təqdim edirik):

- Sluşay, Günel, sizin sanatoriya ilə üzbəüz yaxşı xaş yeri var. Elton bəylə ordan üç pay isti xaş götürün. No, təkcə xaş götürün, məndə burda sirkə-sarımsaq, turşu, «o birisindən», - hər şey var.

Yuxulu-yuxulu və təəccüblə soruşdum:

- Bəy, xaş yeyəcəyik? Səhər yeməyində?

- Nu, Günel, tak bolee romantiçno da! Sən Elton bəyə təklif elə, gör o nə deyir?

Yuxulu-yuxulu zəng eləyirəm və hörmətli vəkilin də hələ yuxudan oyanmadığından şübhələnirəm. Çünki onun mənə ilk sualı:

- Deyəsən, siz saatları qarışdırmısınız? – olur.

Hikmət bəyin təklifini deyirəm və yarım saatdan sonra Elton bəylə əlimizdə bir balon xaş Hikmət Hacızadənin bağına çatırıq.

Təbii ki, Hikmət bəy, gəlişimizə heç bir süfrə-zad hazırlamamışdı. Eləcə qapıda bizi qarşılayıb, o dəqiqə məzələndi:

- Salam, salam, bu gün çox qəşəngsiniz...ikiniz də...

Sonra gətirdiyimiz xaşı qızdırmağı da, süfrəni hazırlamağı da mənə tapşırdı. Təklif elədi ki, sonradan qab yumağa vaxt sərf eləməmk üçün yeməkləri plastik qablarda yeyək. Amma plastik qablar hər şeyin müvəqqəti olduğunu mənə xatırladıb kədərləndirdiyi üçün, imtina eləyib, dedim ki, qabları özüm yuyaram.

Hikmət bəy bir az əsəbiləşdi:

- Günel, tı voobşe nesovremennıy çelovek!

Sonra ev sahibi hörmətli vəkili məhəllə dükanından isti çörək almağa göndərdi (yeri gəlmişkən, o çörəyi heç kim yemədi), özü kompüterin arxasına keçib, hansısa gəncə hara üçünsə təqdimat yazmağa başladı.

O iş otağında, mən mətbəxdə əlləşdiyimizə baxmayaraq, söhbətimizin «razminka»sına başlayırıq:

- Bəy, yay-qış burada yaşayırsınız?

- Sluşay, yox, bura soyuqdur axı. Yayı burda oluram, havalar soyuyanda köçürəm mərkəzdəki evə. Sən olmusan axı orda...

- Yox, səhv salırsınız, mən orda olmamışam.

- Hmmm. Onda ora gələn başqa jurnalistka olub.

- Müsahibə verirdiz ona?

- Bilmirəm, mən ona müsahibə verirdim, yoxsa o mənə müsahibə verirdi, axı ki, nəsə belə bir şey vardı...

- Axırı necə oldu?

- Nu, belə də...

- Niyə «belə də»?

- Belə də, yaddaqalan olmadı.

- Elə ona görə jurnalistikamız bu gündədi də...

- Niyə bu gündədi?

- Müsahibələr yaddaqalan olmadığına görə...

Bu vaxt hörmətli vəkilimiz əlində bir çörək, iki «aypəd», iki telefon gəlib çıxdı.

Hikmət bəy xaşın sirkə-sarımsağını hazırlamağı ona tapşırmaq istəyəndə, sarımsaqlı missiyanı öz üstümə götürüb, hörmətli vəkilimizə yaradıcı yükü daha çox olan bir işi – fotoqraflığı tapşırdım.

Nəhayət, süfrə başına cəm olduq. Bir qeyd də eləyim ki, Hikmət bəyin xaşın yanına qoyduğu arağı Şahvələd Çobanoğlu gətiribmiş.

Yeməyə başlayan kimi, Hikmət bəy xaşı qaşıqlayaraq, söhbətə gəncləri danlamaqla başlayır:

- Hamınız avarasınız. Kitab oxumursuz, kinoya baxmırsız, Çingiz Sultansoyun səkkizinci sinifdə oxuduğu kitabları siz otuz yaşda oxuyursuz, Qan Turalı ilə Seymur Baycandan başqa heç kimi tanımırsız, sonra da adınızı yazıçı, şair, jurnalist qoyursunuz. Yaxşı olur bizə, indi sizin kimi uşaq-muşağın əlində qalmışıq.

- Hikmət bəy, axı biz yaşıd deyilik. Təbii ki, sizin altmış beş yaşınıza qədər oxuduğunuz kitabları mən otuz yaşda oxuya bilmərəm.

- Voobşe-to mənim heç altmış beş yaşım yoxdur.

- Amma altmış beş yaşlı qocalar kimi gəncləri danlamağa meyllisiz. Bütün nəsillər elə fikirləşir ki, onlardan sonra gələnlər avaradı.

Hikmət bəy boşqabdakı iri, qırmızı pomidor turşusunu çəngələ keçirir:

- Demək istəyirsən ki, elə deyil?

Elton bəy gəncləri müdafiə eləyir:

- Fikir vermə Günel, bunlar belədi, deyirlər ki, hamı məhz bizim oxuduğumuz kitabları oxumalıdı, hamı bizim baxdığımız kinolara baxmalıdı, hamı bizim istifadə elədiyimiz saytlardan istifadə eləməlidi. Bu da bunların demokratiyası.

Hikmət bəy:

- Biz demokrat olub, bunlara heç olmasa bir damcı azadlıq, işıq dadızdırmışıq. On ay hakimiyyətdə olduq, rus qoşunlarını ölkədən çıxartdıq, test üsulu gətirdik. Gələcəkdə heç olmasa bunları yada salacaq xalq. Bu xalq kim olduqlarını da bilmirdi, biri tatar deyirdi, biri nə bilim nə deyirdi. Elçibəy gəldi, bunlara dedi ki, siz türksünüz, siz Mete Xanın nəticələrisiz.

Mən:

- Düzü, nəsə mən heç Mete Xanın nəvəsi olduğumu hiss eləmirəm.

Hikmət Hacızadə:

- Necə hiss eləmirsən?! Bayaq sənə iki kəlmə tənqid dedim ki, kitab oxumursuz, o dəqiqə burnunu salladın. Yəhudi eləyər elə şey?! Qüruruna sığışdırmamaq əsl türk xasiyyətidi, sən də əsl türk qızısan. Özün də başlamısan ki, sol belə gəldi, nə bilim nə belə getdi.

- On aylıq hakimiyyətinizin xidmətlərini sadalayırsız, amma solun xidmətlərini etiraf eləmirsiniz...

- Neyləyib axı sol?!

- Ən sadə xidməti - səkkiz saatlıq iş günü azdı?

- Nu, soqlasen. Düz deyirsən. Amma sağla müqayisədə azdı da. O boyda elmi-texniki tərəqqi ilə, Marsa uçmaqla müqayisədə təbii ki azdı.

- Bəs tikilən məktəblər, kitabxanalar, universitetlər...

- Sluşay, sovet vaxtı da Nikolayın dövrü ilə müqayisə eləyib deyirdilər ki, o vaxt Nikolay filan-filan şeyləri eləyirdi. Rusiyanın Avropaya ən yaxın dövrü elə Nikolayın vaxtında olub, kstati. Özü də boş söhbətlərdi o sovet vaxtı elmin, mədəniyyətin inkişafı-zadı. Mən Moskvada Biokimya İnstitutunda aspiranturada olanda (70-ci illərin axırı idi) artıq elm Amerikaya köçmüşdü. Gülməli-gülməli işlərlə məşğul idilər. Bizim institutun illərlə apardığı tədqiqatı qərbdə iki alim bir günün içində aparıb, nəticəyə gəlmişdilər. Bircə o şeyi yaxşı idi ki, mikroskopları-zadı təmizləməyə yaxşı spirt verirdilər, biz də o spirtin başına min oyun açıb, içki düzəldirdik, vururduq.

- Yəqin ki, rus qızları ilə də çox içmisiniz?

- A mı s nimi tem i zanimalis çto pili...vəssalam. Nu, yaxşı içirlər.

- O vaxt bir çox kitablar ölkəyə buraxılmırdı axı, lazım olan kitabları hardan tapırdınız?

- «Samizdat» vardı da. Məsələn, mən Nitsşenin «Zərdüşt belə deyirdi»sini o variantda oxumuşam. O vaxt Nitsşe qadağan idi axı. Ancaq bəzi bezobidnı qərb filosoflarının kitablarını buraxırdılar ölkəyə, Kant-zad...

Hörmətli vəkilimiz söhbətə qoşulur və sovet hakimiyyətini mümkün qədər müdafiə eləməyə çalışır.

- Hikmət bəy, necə ki siz deyirsiz, təcrübəsiz idik, səhvlər eləmişik hakimiyyətdə olduğumuz dövrdə, sovetlər də elədi də. İdeal quruluşa inanan, romantik adamlar idi də, «sapoq»larını çıxarmadan gecə-gündüz də işləyirdilər...

- Sluşay, sən bizim on aylıq hakimiyyəti o boyda derjava ilə müqayisə eləyirsən e. Çuvak, adam yox idi e bizim vaxtımızda iş tapşırmağa. Cəmi beş yüz, cəhənnəm, iki yüz adam olsaydı, biz çox şeylər eləyə bilərdik.

Elton Quliyev:

- Siz də adam tapıb, sonra hakimiyyətə gələrdiniz də.

Hikmət Hacızadə:

- Mən o fikirdə deyiləm. Ona qalsa, biz heç vaxt o on ayı da qazana bilməzdik, çünki o beş yüz adam Azərbaycanda indi də yoxdu və olmayacaq da.

Mən:

- Hikmət bəy, indi o iki yüz adam var?

Hikmət bəy:

- Dedim axı, yoxdu.

Mən:

- Bəs niyə yenə hakimiyyətə gəlmək istəyirsiniz? On aydan sonra yenə getmək üçün?

- Qoy lap yenə on ay olsun, on bir ay olsun. Qoy biz ölkəmizin minillik avtoritarizm tarixindən yenə lap bir ay da qoparaq. Amma o bir ayın da azadlığı, işığı tarixə lazımdı. Nu, bunu sənin kimi gənclərə izah eləmək mümkün deyil. 92-93-də siz heç dünyada yox idiniz, amma bizi o illərə görə ittiham eləməyi bilirsiniz.

Elton Quliyev:

- Hikmət bəy, biz sizi o vaxtı hakimiyyətə görə qınamırıq e, biz sizi o hakimiyyəti elə asanca əldən verməyinizə görə qınayırıq.

- Sluşay, biz neyləyə bilərdik axı! Yadınızda döyül Surət?! Ordu keçdi onun tərəfinə, neyləməli idik biz, qan tökməli idik?

Mən:

- Bəs necə ordu yaratmışdız ki, o ordu Surət kimi adamın tərəfinə keçmişdi?

- Sən bilirsən voobşe o vaxt kimlərdən ibarət idi ordu? O vaxta qədər Azərbaycan kişisi gedirdi sovet ordusuna, orda ən böyük nailiyyəti bu olurdu ki, ya çörəkdoğrayan olurdu, ya da «kaptyorşik». Sonra da gəlib fəxrlə danışırdı ki, orda «kaptyorşik» olmuşam. Milli Ordu yarananda məlum oldu ki, əsgərlik çəkmiş adamların doxsan faizi heç avtomatı söküb-yığa bilmir. Orduda qabaqcıl, döyüşkən adamların çoxu isə «qolovorezlər» idi. Həqiqət nə qədər acı olsa da, döyüşənlər, bizim ilk qəhrəmanlarımız o adamlar idi. Bax, biz belə bir ordu ilə üz-üzə qalmışdıq.

Səhər yeməyimiz, yəni xaş bitəndən, bəylər bağçaya çıxıb siqaret çəkəndən sonra Hikmət bəy hörmətli vəkili nərd atmağa dəvət elədi. Məndənsə çay tələb elədi. Çayı hazırlayıb gətirəndə axır ki, ev sahibinin dilindən bir şirin söz qopdu, o da necə:

- Hə, «xozyaystvo» məsələsində sənə «beş». Burax o «gəmilər batıb» janrında şeirlərinin başını, belə işlərlə məşğul ol.

Sonra da gitaranı götürüb, «Leyli və Məcnun»dan bir parça ifa elədi. Amma necə ifa elədisə, «Leyli və Məcnun» «Gəncədən gəlirəm» kimi səsləndi.

Soruşdum:

- Doğrudu ki, siz cavanlığınızda yaxşı gitaraçı olmusunuz?

- Mən hətta bir sezon «Qaya»da çalmışam. Tələbə olanda universitetdə bizim qrupumuz vardı. Bir yay qastrol vaxtı gitaraçı oğlan əsgərliyə gedəndə dedi ki, məni əvəz elə. O yayı bütün Rusiyanı gəzdim. Omsk, Tomsk, nə bilim o şəhərlər ki, mən oralara heç vaxt getməzdim, oraları gəzdik. Hər konsertə görə də bizə altı rubl pul verirdilər. Nu, müxtəlif «maxinasiya»larnan o altı rublu on rubla çatdırırdılar sənin solçuların.

- Bəs rus qızları sizə «zapiska» yazıb atırdılar səhnəyə?

- Sluşay, «zapiska» nədi?! Büsqalterlərinə telefon nömrələrini yazıb, səhnəyə atırdılar...

- Məsələ elə bununla bitirdi?

- Yox, niyə ki...

Elton Quliyev:

- Görürsən, bu da bunların əxlaqsız demokratiyaları.

Hikmət Hacızadə:

- Niyə əxlaqsızlıq e?! Burda nə əxlaqsızlıq var? Onlar məni sevirdi, mən də onları. Bir-birimizi xoşbəxt eləyirdik. Hər şey də çox gözəl idi. əxlaqsızlıq odu ki, oğurlayasan, yalan danışasan, öldürəsən. Yoxsa, burda nə var ki?

- Bəy, Şakiranın gəlişinə münasibətiniz necə oldu?

- Şakiranı mən sevirəm, gözəl xanımdı, yaxşı da oxuyur. Amma boykot elədim də.

- Niyə boykot elədiniz, bəy?

- Potomu çto oxuyanda, demokratiya üçün oxumaq lazımdı!

Hikmət bəylə səhər yeməyi mənim yadımda danlaqlı, sarımsaqlı, demokratik bir səhər yeməyi kimi qaldı. Azərbaycan tarixində isə H.Hacızadə, özü demiş, ölkəyə azadlığı, müstəqilliyi, demokratiyanı dadızdırmış insanlardan biri və gəncliyin sevimli, yorğun demokratı kimi qalacaq...
# 13600

Oxşar yazılar